26 oktyabr 2024 00:11
303

Qlobal əməkdaşlıqda yeni dövr - BRICS platforması

BRICS 2006-cı ildə əsası qoyulmuş və hazırda 9 üzvdən ibarət olan çoxtərəfli əməkdaşlıq platforması olaraq dünya əhalisinin yarısını və qlobal iqtisadiyyatın təxminən dörddə birindən çoxunu əhatə edən geniş bir təsirə malikdir. Bu platforma hər il keçirilən rəsmi sammitlərlə geosiyasi siyasətlərin əlaqələndirilməsi və qlobal idarəetmə prosesində daha ədalətli nizamın qurulmasına yönəlmişdir.

Bu çərçivədə Azərbaycanın regiondakı strateji mövqeyi və müstəqil xarici siyasət prinsipləri BRICS üçün əhəmiyyətli bir dəstək rolunu oynayır. Dövlətimizin başçısı İlham Əliyev, Kazan şəhərində keçirilən XVI BRICS Sammitində bu mövqeyimizi bir daha təsdiqlədi. Azərbaycanın Avrasiyanın əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsi istiqamətində əldə etdiyi uğurlar və bu sahədəki qlobal əməkdaşlıq arzusu da Sammitdə xüsusi olaraq diqqətə çatdırdı.

Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, Azərbaycanın xarici siyasəti müstəqil, balanslı və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanır. Bu siyasət hər hansı bir dövlətə qarşı təhdid yaratmamaq və qarşılıqlı hörmətə dayanan münasibətlər qurmaq məqsədi daşıyır. Azərbaycan ədalətsiz yanaşmalara qarşı sərt mövqedə dayanaraq beynəlxalq hüququn və suverenliyin qorunmasını ön planda saxlayır. Bu yanaşma Azərbaycanın dünya səhnəsində nüfuzunu artırır və onu ləyaqətli, qürurlu bir dövlət olaraq tanıdır. Artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsində əldə olunan Qələbə isə Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən daha geniş miqyasda tanınmasına və nüfuzunun yüksəlməsinə təkan verib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik və xalqla iqtidar arasındakı möhkəm birlik Azərbaycanın xarici siyasətini dəstəkləyən əsas amillərdəndir. Bu dörd dayağın üzərində qurulan xarici siyasət strategiyası ölkəmizin həm regional, həm də beynəlxalq platformalarda uğurlar qazanmasını təmin edir. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Belə bir siyasət Azərbaycanın dost ölkələrlə tərəfdaşlıq əlaqələrini dərinləşdirərkən münaqişələrin həllində və regional təhlükəsizlikdə də əhəmiyyətli rol oynamaqdadır.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipini dəstəklədiyini qeyd edərək, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurlu sədrliyi zamanı bu prinsipləri ardıcıl şəkildə həyata keçirdiyini vurğuladı. Bildirdi ki, bu müddət ərzində Azərbaycan Qoşulmama Hərəkatının institutlaşma prosesinə əhəmiyyətli töhfələr vermiş və təşkilatın beynəlxalq nüfuzunun möhkəmlənməsinə çalışmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Hərəkat dünya səviyyəsində güc mərkəzi kimi tanınmağa başlamış və ölkəmizin beynəlxalq miqyasda mövqeyini möhkəmləndirmişdir. Həmçinin Hərəkat üzvlərinin hüquqlarını müdafiə edərək, “Bandunq prinsipləri” çərçivəsində təşkilatın daimi və institusional inkişafını təmin etməklə diqqətə layiq nümunə göstərmişdir. Şuşa razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təsis edilməsi və daimi katibliyinin Bakıda yerləşdirilməsi Azərbaycanın təşkilata verdiyi dəstəyin bariz göstəricisidir.

Azərbaycanın Avrasiyanın əsas nəqliyyat qovşağına çevrilməsi istiqamətində atdığı addımlar da beynəlxalq ictimaiyyətin diqqətindədir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərində yerləşərək bu sahədə öz tranzit potensialını maksimum dərəcədə artırmağa çalışır. Ölkəmizin müasir nəqliyyat və logistika infrastrukturuna yatırdığı sərmayələr Azərbaycanı Asiya və Avropanı birləşdirən bir nəqliyyat qovşağına çevirmişdir. Təsadüfi deyil ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti artıq Avrasiyanın əhəmiyyətli tranzit yollarından biri hesab olunur və bu layihələr Azərbaycanın tranzit gücünü möhkəmləndirir. Dövlətimizin başçısının sözlərinə görə, nəqliyyat sektoru Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına dəstək verən əsas sahələrdən biridir və ölkəmiz bu istiqamətdə ciddi uğurlar əldə etmişdir. Davos Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycanın avtomobil yollarının keyfiyyəti üzrə dünyada öncül sıralarda yer alması da bu sahədə ölkəmizin nailiyyətlərindən biridir.

Prezident İlham Əliyev BRICS Sammitində çıxışı zamanı Azərbaycanın Zəngəzur dəhlizinin açılması və işğaldan azad edilmiş ərazilərdə beynəlxalq nəqliyyat infrastrukturu yaradılması istiqamətində gördüyü işlərdən də bəhs etdi. Füzuli və Zəngilan beynəlxalq hava limanlarının inşası və istifadəyə verilməsi, Laçın Beynəlxalq Hava Limanının isə yaxın gələcəkdə açılması Azərbaycanın nəqliyyat potensialını daha da artırmağa yönəlmiş əhəmiyyətli addımlardır. Bu hava limanlarının beynəlxalq statusa malik olması Azərbaycanın regionda və qlobal miqyasda nəqliyyat qovşağı kimi rolunu gücləndirir. Azərbaycanın nəqliyyat infrastrukturunun genişləndirilməsi işğaldan azad olunan ərazilərin iqtisadi inteqrasiyasını təmin edərək bu bölgələrdə iş yerləri yaratmağa və regionun iqtisadi cəhətdən inkişafına dəstək göstərməyə yönəlmişdir. Ölkəmizin beynəlxalq səviyyədə tanınan tranzit dəhlizi olaraq qəbul edilməsi Azərbaycanın strateji əhəmiyyətini və iqtisadi gücünü bir daha təsdiqləyir.

Azərbaycanın iqtisadi inkişafında nəqliyyat sektorunun rolu əhəmiyyətli olsa da, ölkəmiz üçün regional sülh və sabitlik də eyni dərəcədə vacibdir. Bu baxımdan Azərbaycanın həm nəqliyyat sahəsində lider mövqeyini gücləndirməsi, həm də sülh prosesində fəal rol oynaması Avrasiyanın strateji əhəmiyyətli bölgələrindən biri kimi çıxış etməsinə zəmin yaradır. XVI BRICS Sammiti çərçivəsində Prezident İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən son görüş də bu istiqamətdə mühüm addım olub.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apararaq, sülh və sabitliyin təmin edilməsi məqsədilə mühüm addımlar atılmasının vacibliyini vurğulayıblar. Hər iki ölkənin xarici işlər nazirlərinə "Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş" üzərində işlərin mümkün qədər tez bir zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

Bu görüş, bölgədə sabitlik və təhlükəsizliyə töhfə verməklə yanaşı, Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə nail olunması yolunda yeni perspektivlərin açılmasını təmin etmək üçün mühüm addım olaraq qiymətləndirilir.

Beləliklə, Azərbaycanın beynəlxalq səviyyədə həm iqtisadi, həm də diplomatik sahələrdə davamlı olaraq nüfuzunu artırmağa yönələn siyasəti Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Azərbaycanın müstəqil xarici siyasəti, çoxşaxəli iqtisadiyyatı və beynəlxalq əlaqələri  gələcəkdə də beynəlxalq aləmdə güclü dövlət kimi öz yerini qoruyacağına əminliklə yaradır. BRICS Sammitində Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan dünya iqtisadiyyatı və siyasətindəki rolunu daha da gücləndirərək strateji nəqliyyat və logistika mərkəzi kimi gələcəkdə də öz nüfuzunu artıracaqdır.

Nigar Orucova, “İki sahil”