28 oktyabr 2024 12:09
199

BRICS formatı: çoxqütblü dünya nizamına doğru

BRICS formatı dünya miqyasında geostrateji güc balansında əhəmiyyətli rola malikdir. Çünki bu platforma beynəlxalq münasibətlərdə dəyişikliklərə və yeni çoxqütblü sistemin yaranmasına şərait yaradır. BRICS inkişaf etməkdə olan ölkələrin səsini qlobal səviyyədə daha təsirli çatdırmağa və iqtisadi asılılığı azaltmağa çalışır.

Bu sammitin qlobal güc balansındakı əhəmiyyəti bir neçə aspektdə özünü göstərir. Ən əsası, BRICS Qərbin dominant struktur və təşkilatlarına qarşı bir alternativ kimi çıxış edir. Ənənəvi olaraq güc balansı ABŞ və Avropa Birliyinin ətrafında qurulmuşdur, lakin BRICS ölkələri birlikdə qlobal iqtisadiyyatın təxminən dörddəbirini təşkil edir və dünya əhalisinin yarısını əhatə edir. Bu, qlobal güc balansının Şərq və Cənuba doğru sürətlənən hərəkətini göstərir.

BRICS ölkələri Yeni İnkişaf Bankı vasitəsilə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi Qərb nəzarətində olan maliyyə qurumlarından asılılığı azaltmağa çalışır. Bu, xüsusilə inkişaf etməkdə olan ölkələrin maliyyə ehtiyaclarını öz resursları ilə qarşılamalarına imkan yaradır.

BRICS Sammiti üzv ölkələr arasında ticarət və iqtisadi əlaqələri gücləndirməklə yanaşı, yeni qlobal ticarət münasibətlərinin yaranmasına təkan verir. BRICS ölkələri bir-birilərinə daha uyğun və asan ticarət şərtləri yaratmaqla kənar təsirlərin dominantlığını azaltmaq üçün çalışır, bu isə beynəlxalq iqtisadi sistemdə balans yaratmağa kömək edir.

BRICS ölkələri iqlim dəyişikliyi, təhlükəsizlik və enerji təminatı kimi qlobal çağırışlara cavab vermək üçün birlikdə hərəkət etmək niyyətlərini ifadə edirlər. Həmin ölkələr arasında əməkdaşlıq, xüsusilə enerji təhlükəsizliyi və ətraf mühit məsələlərində Qərb ölkələrindən fərqli yanaşmaların ortaya çıxmasına səbəb olur ki, bu da qlobal siyasətə çoxşaxəli yanaşma gətirir.

Bu faktorlar birləşərək BRICS Sammitinin dünya güc balansında təkcə iqtisadi deyil, həm də siyasi baxımdan əsas oyunçuya çevrilməsinə səbəb olur.

Prezident İlham Əliyevin XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında iştirakı bir sıra mühüm motivlər diqqət çəkdi. Bu, ilk növbədə, Azərbaycanın regional və qlobal siyasi mövqeyini daha da gücləndirmək məqsədi daşıyır. Dövlət başçısı Azərbaycanın beynəlxalq əməkdaşlığa açıq olduğunu və qlobal çoxtərəfli platformalarda fəal iştirak etdiyini bildirdi. Azərbaycanın 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyi müddətdə Qlobal Cənub ölkələrinin səsini beynəlxalq arenada daha güclü ifadə etmək üçün çalışdığı qeyd olundu. Bu, Azərbaycanın güc balansına töhfə vermək və yeni çoxtərəfli əməkdaşlıq mexanizmlərində rol almaq niyyətini nümayiş etdirir.

Cənab İlham Əliyev Azərbaycanın tranzit ölkə olaraq Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində əsas rola malik olduğunu vurğuladı. Burada Azərbaycanın Avrasiya məkanında enerji və ticarət tranziti baxımından artan əhəmiyyəti xüsusi önəm daşıyır. Bu siyasi mesaj Azərbaycanın regional və qlobal ticarət sisteminin vacib bir hissəsi olduğunu göstərir.

Dövlət başçısı Bakının yaxın zamanda COP29 iqlim konfransına ev sahibliyi edəcəyini bildirərək Azərbaycanın qlobal iqlim çağırışlarını cavablandırmaqda və dayanıqlı inkişaf təşəbbüslərinə töhfə verməkdə fəal rol oynayacağını deyib. Bu, Azərbaycanın qlobal miqyasda ekoloji problemlərlə mübarizə sahəsində sadiqliyini təsdiqləyir və ölkəni bu sahədə mühüm bir tərəfdaş kimi göstərir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın BRICS ölkələri ilə həm iqtisadi, həm də siyasi sahələrdə əməkdaşlıq imkanlarını artırmaq istədiyini qeyd etdi. Azərbaycanın BRICS+ formatında iştirak etməsi, dövlətimizin Qlobal Cənub ölkələri ilə münasibətlərini inkişaf etdirmək və beynəlxalq arenada öz mövqeyini gücləndirmək istəyini göstərir.

Bu motivlər Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiq qalaraq yeni geostrateji nizamın formalaşmasında fəal rol oynamasına işarə edir.

Heydər Əsədov,
​Milli Məclisin deputatı