28 oktyabr 2024 13:49
362

Müstəqil siyasətimiz, prinsipial mövqeyimiz

Hər bir dövlət başçısının, hər bir siyasi liderin uğuru həm də öz ölkəsini tarixin sınaqlarından, dolanbaclarından uğurla və təhlükəsiz keçirib onun dövlətçiliyini daha da möhkəmlətməkdir. Azərbaycan Respublikasının son illərdə beynəlxalq nüfuzunun yüksəlməsində heç şübhəsiz ki, Cənab Prezident İlham Əliyevin müstəsna əməyi var. Azərbaycanın xarici siyasət kursunun şaxələndirilməsi ölkəmizə dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmağa imkan yaradır. Bütün bunlar ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsini və Azərbaycanın dünya birliyində özünə daha da layiqli yer tutmasını təmin edir.

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev bütün beynəlxalq toplantılarda və Forumlarda bu istiqamətdə planlı, məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Dövlət başçımız 24 oktyabr 2024-cü il tarixində Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirak etdi. Qeyd edək ki, hazırda 9 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. Budəfəki BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılmışdılar. Artıq BRICS 2009-cu ildən başlayaraq hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib. Bu təşkilat dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzidir.

BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirak edən dövlət başçımız öz çıxışında dünya ictimaiyyətini narahat edən bir çox vacib məsələlərə toxundu. Cənab İlham Əliyev bildirdi ki, BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir və yarandığı gündən başlayaraq beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir. BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır.

Azərbaycan Respublikası ikitərəfli sülh gündəliyinə də sadiqdir. Beynəlxalq hüququn norma və prinsiplərinə hər zaman hörmətlə yanaşan Azərbaycan dövləti BRICS-in ədalətli beynəlxalq nizamın qurulması istiqamətində göstərdiyi fəaliyyəti tam dəstəkləyir. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı ölkəmizin yürütdüyü siyasətə hörmətin və dəstəyin parlaq nümunəsidir. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstəririk.

Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz ölkəmizə olan hörməti daha da artırmışdır.

Vasif Səfiyarov,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi