07 noyabr 2017 19:31
570

Nəqliyyatın sıxlığını aradan qaldırmaq üçün təkliflər hazırlanıb

Təbriz və Həsənoğlu küçələrində nəqliyyatın sıxlığını aradan qaldırmaq üçün təkliflər hazırlanıb

Bakı Nəqliyyat Agentliyi nəqliyyat vasitələrinin hərəkətində günün pik saatlarında sıxlıq müşahidə edilən ərazilərin təhlil edilərək araşdırılması işlərini davam etdirir. Bu çərçivədə Təbriz və Həsənoğlu küçələrinin kəsişməsi araşdırılıb, mövcud problemlərin həlli üçün təkliflər hazırlanıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, Həsənoğlu küçəsindən Təbriz küçəsi istiqamətində yolun iki hərəkət zolağından ibarət olması və sol zolağın sola dönən nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi, sola dönən və düzünə hərəkət edən nəqliyyat vasitələrinin işıqforun eyni fazasında hərəkət etmələri qeyd edilən yolayrıcında günün pik saatlarında sıxlığın yaranmasına səbəb olur. Eyni zamanda, Təbriz küçəsində piyada keçidinin olmaması piyadaların təhlükəsiz hərəkətinə imkan vermir.

M.Ağayevin sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri Həsənoğlu küçəsindən qərb və şərq istiqaməti üzrə cib şəkilli xüsusi soladönmə zolağının təşkil edilməsi və sola dönən nəqliyyat vasitələrinin hərəkətinin kanallaşdırılması barədə təklif hazırlayıb. Təklifdə həmçinin, işıqfora soladönmə fazasının əlavə edilməsi, Təbriz küçəsində piyada keçidinin təşkili də öz əksini tapıb.

“Təkliflərin reallaşması ilə Həsənoğlu-Təbriz küçələrində nəqliyyat ləngimələrinin aradan qalxması, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması, piyadalarının rahatlığının təmin edilməsi mümkün olacaq. Təklif baxılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edilib”, - deyə M.Ağayev vurğulayıb.