28 oktyabr 2024 17:18
276

BRICS-ə üzvlük Azərbaycana yeni inkişaf imkanları qazandıracaq

Qlobal təşkilat olan BRICS 2006-cı ildə yaradılıb. Bu qurum qeyri-rəsmi dövlətlər birliyinin 10 üzvü var.  2024-cü ilə qədər ona Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası üzv idilərsə,  2024-cü ilin  yanvarın 1-dən İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Efiopiya da bu təşkilata üzv oldular. İndi təxminən 30 ölkə də təşkilata qoşulmaqda maraqlıdır. BRICS dünya əhalisinin təxminən 40 faizini (3,6 milyard), qlobal iqtisadiyyatın isə 30 faizini (28,5 trilyon dollar) əhatə edir. Təşkilata üzv dövlətlər mineral-xammal baxımından olduqca zəngin, güclü emal sənayesi sahələrinə, nisbətən ucuz və ixtisaslı işçi qüvvəsinə və sürətli sosial-iqtisadi inkişaf tempinə malik, emal sənayesi yüksək texnologiyaya əsaslanan məhsullar istehsal edə bilən inkişaf etməkdə olan sənaye ölkələridir.

Oktyabrın 24-də Rusiya Federasiyasının Tatarıstan Respubliklasının Kazan şəhərində keçirilən BRICS Sammitinə Azərbaycan Prezidenti İlham Əliyev də dəvət olunmuşdu. Bu dəvət bir daha göstərdi ki, Azərbaycan dövləti öz iqtisadi və geosiyasi nüfuzu ilə dünyanın diqqət mərkəzindədir. Hazırda BRICS dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. Bu qurum qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir. Təşkilat yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir. BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır. Qurum geosiyasi məsələlərdən uzaq duraraq, əsasən iqtisadi əməkdaşlığa, çoxtərəfli ticarətə və inkişafa hədəfləndiyini bildirir.

Xatırladaq ki, ölkəmiz bu qlobal təşkilata  üzv olmaq üçün rəsmi qaydada müraciət edib. Həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının cari ilin iyul ayında Astanada təşkil edilmiş sonuncu zirvə görüşü zamanı Azərbaycanın Çin ilə strateji tərəfdaşlığın qurulmasına dair birgə bəyənnamə imzalaması, ölkəmizin Qərbdən kənar alternativ güclərlə də siyasi-iqtisadi təmasları şaxələndirməyə maraqlı olduğunu göstərir. Azərbaycanın BRICS-ə üzv olması onun iqtisadi əlaqələrini daha da möhkəmləndirəcək. Hal-hazırda Azərbaycanın ixracının əhəmiyyətli bir hissəsi BRICS ölkələrinə yönəlib və bu, gələcəkdə daha da artacaq.

İqtisadçıların qənaətincə, ölkəmizin bu təşkilat çərçivəsində əməkdaşlıq perspektivləri yalnız enerji sektoru ilə məhdudlaşmayacaq, həm də aqrar, yüksək texnologiyalar, nəqliyyat və infrastruktur layihələrini də əhatə edəcəkdir. Bu isə Azərbaycana ixracını şaxələndirmək və dünya iqtisadiyyatında daha aktiv rol almaq imkanı yaradır.

Bundan başqa, Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları  yeni iqtisadi imkanlar yaratmaq potensialına malikdir. Bölgədə həyata keçirilən yenidənqurma işləri və infrastruktur layihələri BRICS-ə üzv ölkələr üçün böyük investisiya imkanları yaradır. Bu isə həm Azərbaycanın daxili inkişafına, həm də regional sabitliyə xidmət edəcək. Bu kontekstdə Azərbaycan BRICS ölkələri ilə birgə layihələr reallaşdırmaq üçün unikal mövqeyə sahibdir. Qarabağın iqtisadi inkişafı və orada həyata keçiriləcək layihələr yalnız Azərbaycanın deyil, BRICS-ə üzv olmaq istəyən digər ölkələrin də maraq dairəsindədir.

Digər önəmli məsələlərdən biri BRICS üzvləri ilə beynəlxalq nəqliyyat daşımaları və logistik infrastruktur quruculuğu istiqamətində çoxtərəfli əməkdaşlıqların gücləndirilməsidir. Belə ki, Rusiya, Hindistan və İranın marağında olan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi, eyni zamanda, Çin və Avropanın marağında olan Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yerləşən qitələrarası ticarət yollarının inteqrasiya edilməsində və yükötürmə potensialının artırılmasında Azərbaycan əhəmiyyətli rol oynaya bilər. 

Prezident İlham Əliyev oktyabrın 24-də Kazanda keçirilən  XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının plenar iclasındakı çıxışında bildirib ki, öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib: «Xüsusilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.»

BRICS ölkələri dünya üzrə istehsalın böyük həcminə malik olduğundan Azərbaycanın bu təşkilata üzvlüyü ölkəmizə böyük ixrac imkanları qazandıra bilər. Məhz bütün bunların fonunda qətiyyətlə söyləmək olar ki,  bu təşkilata üzvlük bütün müsbət tərəfləri ilə birlikdə həm də ölkəmizin beynəlxalq aləmdə mövqeyini daha da gücləndirəcək, qarşılıqlı əməkdaşlığa, regional sabitliyə önəmli töhfələr verəcək.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri