29 oktyabr 2024 00:29
276

Türk üfüqlərindən doğan Günəş

Türkiyə Cümhuriyyəti -101

Böyük öndər Mustafa Kamal Atatürkün arzuladığı Türkiyə dünyanı heyran edir

Cümhuriyyətinin 101-ci ildönümünü qeyd edən, dünya siyasətində söz sahibi olan Türkiyənin keçdiyi inkişaf, tərəqqi yolu heç də asan olmamışdır. 13 oktyabr 1923-cü ildə Türkiyədə respublika idarəçilik üsulu elan edildi. Mustafa Kamal Atatürk yekdilliklə Türkiyənin ilk Prezidenti seçildi. 1923-cü il oktyabrın 29-da formalaşan ilk Cümhuriyyət «Yurdda sülh, cahanda sülh!» çağırışı üzərində formalaşdı, qüdrətləndi. Ölkənin gələcəyini daha qüdrətli görmək üçün komandan qətiyyəti göstərən, vətəndaş, bir türk kimi ən çətin məqamlarda belə xalqı arxasınca aparmaq bacarığına malik olduğunu cəsarəti ilə təsdiqləyən, «Əfəndilər və ey millət! Yaxşı bilin ki, Türkiyə Respublikası şeyxlər, dərvişlər, müridlər, mənsublar ölkəsi ola bilməz. Ən düzgün və ən gerçək təriqət sivilizasiya təriqətidir» söyləyən böyük öndər Müstafa Kamal Atatürk haqqında çox qiymətli sözlər deyilsə də, dəyərləndirmə sistemində Ümummilli Liderimiz Heydər Əliyevin müdrik kəlamları öndə dayanmaqla reallığı daha çox əks etdirir: «Mustafa Kamal Atatürkün böyüklüyü bir də ondan ibarətdir ki, İslam dininin təsiri altında yaşamış və İslam dininin hakim olduğu bir dövlətdən çıxan yeni bir dövlət, məhz dünyəvi dövlət qurmuşdur.»

Böyük və qüdrətli Türkiyəyə rəhbərliyinin ilk günlərindən ölkənin tərəqqisini «Hökumətin iki məqsədi vardır. Biri millətin qorunması, ikincisi, millətin rifahının təmin edilməsi. Bu iki şeyi təmin edən hökumət yaxşı, edə bilməyənlər pisdir» sözləri əsasında formalaşdıran, xalqı bu amal uğrunda birləşdirən, mübarizəyə çağıran Atatürk əsl komandan olduğunu ölkədə apardığı islahatları ilə təsdiqlədi. Qurtuluş Savaşı türk xalqının taleyinə Zəfər tarixi kimi əbədi yazıldı. Türkiyənin istiqlalına qovuşması üçün yadellilərə qarşı döyüşlərdə əsl komandan qətiyyəti göstərdi. «Mən Türk üfüqlərindən bir gün mütləq bir günəş doğacağına, bunun hərarət və qüvvəsinin bizi isidəcəyinə , bundan bizə bir güc gələcəyinə o qədər əmin idim ki, bunu adətən gözlərimlə görürdüm» sözlərini reallaşdıran, İslam aləminin gücünü bütünlükdə türk dünyasının birlik və həmrəyliyinin başlıca amili hesab edən Ulu Atatürk Azərbaycanın ən çətin günlərində belə xalqımıza yardımını əsirgəməmişdir. Erməni- bolşevik birləşmələrinin soydaşlarımıza qarşı törətdikləri soyqırımların qarşısını almaq üçün Nuru paşanın komandanlığı altında Bakıya gələn Qafqaz İslam Ordusu daşnaklara lazımi dərs vermişdi. Qardaş ölkənin əsgərləri canları bahasına qan qardaşları azərbaycanlıları qorudular. 15 sentyabr 1918-ci ilə təsadüf edən həmin tarix türk birliyinin, qardaşlığının nümunəsi, əbədiyyət rəmzidir.

İqtisadi inkişafı, xalqının birlik və həmrəyliyi ilə xarici müdaxilələrə yenilməz qüdrəti ilə cavab verən türk xalqı Atatürkdən miras qalmış ölkəni qüdrətli bir dövlətə çevirdi. Atatürkün siyasətini varislik borcunu əməli işi ilə yerinə yetirməklə bildirən Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə dünyada siyasi, iqtisadi qüdrəti, hərbi potensialı, demokratiyaya sadiqliyi ilə tanınır, dünya siyasətinə təsir imkanları artır. Azərbaycanın təşəbbüsü ilə dünyanın enerji və nəqliyyat xəritəsini dəyişən qlobal layihələrin reallaşmasında böyük təcrübəyə, təşəbbüskarlığa malik Türkiyə-Azərbaycan həmrəyliyi nümunə göstərilir.

Qardaş ölkənin artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi»nin davam etdiyi 30 ildə daim Azərbaycanın yanında olması, Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəmizə hər səfərinin Azərbaycan xalqı tərəfindən səmimiyyətlə qarşılanması Vətən müharibəsindən sonra hər iki ölkənin prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında» Şuşa Bəyannaməsini imzalamaları, işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərində Türkiyə şirkətlərinin daha yaxından iştirakı Cənubi Qafqazda siyasi sabitliyi pozmaq istəyənlərin qarşısında sipərdir. 44 gün davam edən İkinci Qarabağ müharibəsində qardaş xalqın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək danılmazdır. Hərbi əməliyyatların davam etdiyi müddətdə xarici KİV-lərə, televiziya kanallarına müsahibələr verən Prezident İlham Əliyevin tarixi faktlar əsasında söylədiyi həqiqətlərin, erməni vəhşilərinin törətdikləri vandalizmilərin, terrorların geniş auditoriyada beynəlxalq ictimaiyyətə çatdırılmasında Türkiyə jurnalistləri də fəallıq göstərdilər, azərbaycanlı həmkarları ilə çiyin-çiyinə çalışdılar. Vətən müharibəsindən sonra Bakıda keçirilən Zəfər paradını hər iki qardaş ölkə başçısının birgə izləmələri işğalçı Ermənistana və onun havadarlarına gözdağı oldu.

Bu gün Türkiyə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə artıq dünya miqyasında böyük gücə çevrilib və heç kim rəsmi Ankaraya öz iradəsini diktə etmək gücündə deyil. Hazırda dünya siyasətində özünəməxsus yeri, nüfuzu olan, müdafiə qüdrəti ilə ön sıralarda dayanan, demokratik inkişaf yolunda inamla addımlayaraq siyasi, iqtisadi qüdrəti ilə də dünya dövlətləri arasında böyük nüfuz qazanan Türkiyə bütünlükdə türk dünyasının birlik və həmrəyliyinə önəmli töhfələr verir. Bu həmrəyliyə qısqanan xarici dairələrin 2016-cı ilin 15 iyulunda Türkiyədə dövləti hərbi yolla çevirmək cəhdinin qarşısı xalqın birliyi ilə alındı.

Ermənistanın işğalından azad edilən Azərbaycan torpaqlarında aparılan yenidənqurma, bərpa-quruculuq işlərində Türkiyə şirkətlərinin iştirakı, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistanın və Qazaxıstanın təşəbbüsü ilə inşa olunan orta məktəbin, yaradılıcılıq mərkəzinin istifadəyə verilməsi, Ağdamda Qırğızıstanın, Cəbrayılda isə Macarıstanın dəstəyi ilə təhsil ocaqlarının təməlinin qoyulması bu birliyin sarsılmazlıq nümunəsidir.

Ötən il Türkiyədə keçirilən prezident seçkilərində qardaş xalqın iradəsi, həmrəyliyi dünya birliyinə demokratiyadan ustad dərsi oldu. 28 may 2023-cü il bütün türk dünyası üçün birlik, həmrəylik bayramı kimi tarixə yazıldı. Həmin gün Türkiyədə ikinci turu keçirilən prezident seçkilərində dünyanın düzənini səhmana salacaq siyasətin kimlər tərəfindən idarə ediləcəyi iddiasında olanların eyniləşən, bəzən ziddiyət təşkil edən ehtimalları seçki qutusundan çıxan nəticələrlə bəlli oldu. Türk xalqı növbəti dəfə tarixin sınağından alnı açıq çıxdı. Qazanan ədalət, xalqın sarsılmaz iradəsi, milyonların qətiyyəti oldu.

Vətənini mənfur niyyətlərdən qoruyan xalqın namizədi, milyonların etimad göstərdiyi, respublikanın müdafiə qüdrətini artıran modern hücum təyyarələri­nin, hərbi gəmilərin ölkənin Silahlı Qüvvələrinə verilməsi, zəlzələ bölgəsində qısa müddətdə aparılan genişmiqyaslı tikinti işlərinin sürətli davamı təsadüfi dövlət başçılarının öhdəsindən gələ biləcəkləri vəzifə deyildi. Artıq xalq əmindir ki, siyasi iradə, qətiyyət tələb edən tarixi missiyanı davam etdirən, Vətənini sevən Rəcəb Tayyib Ərdoğan kimi təcrübəli siyasətçi, dövlət xadimi Türkiyəni daim irəliyə aparacaq.

Qardaşlığın növbəti sınağı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ oldu. Ötən il fevralın 6-da 40 mindən çox insanın ölümünə, 100 mindən çox insanın xəsarət almasına, genişmiqyaslı dağıntılara səbəb olan dəhşətli zəlzələ nəticəsində çətin günlər yaşayan Türkiyəyə Azərbaycan dövləti və xalqı əsl qardaşlıq dəstəyi göstərdi. Faciə dolu kədəri qardaş Türkiyə xalqı ilə birlikdə yaşadı. İlk gündən türk xalqının yanında olan azərbaycanlı mütəxəssislər zəlzələnin fəsadlarının aradan qaldırılmasında əsl fədakarlıq göstərdilər. Prezident Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı həmkarı İlham Əliyevə ünvanladığı: «Əziz qardaşım İlham Əliyev lap əvvəldən mərkəzi Pazarcık olan zəlzələdə bizi heç vaxt yalnız qoymadı. İlk andan etibarən axtarış-xilasetmə heyətləri Kahramanmaraşda bizimlə birlikdə oldu» sözləri vədinə sadiq qardaş dəstəyinin ifadəsi idi. Azərbaycanın təşəbüsü ilə Kahramanmaraşda min evin inşası, mədəni, sosial evlərin tikintisinin sürətlə davam etdirilməsi bu yardımın əyani təsdiqidir.

İstanbulda keçirilən «TEKNOFEST» festivalındakı çıxışında qardaş ölkənin hərbi qüdrətini «Kızılelma» havada, «Altay» və «Togg» quruda, «Anadolu» dənizdə» kəlmələri ilə ifadə edən, iki qardaş ölkənin sarsılmaz birliyini «Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, «Bir yumruq!» kəlamı ilə diqqətə çatdıran Prezident İlham Əliyevin sözləri qardaş ölkənin qüdrətinin ifadəsi, Azərbaycanla Türkiyənin həmrəylik nümunəsi idi.

Ölkədəki iqtisadi problemlərin aradan qaldırılması üçün daxili resurslardan, xalqın gücündən istifadə etməklə Türkiyəni daha da gücləndirəcək ən layiqli liderin, Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsinə inanan xalq qarşıdakı illərdə seçimində yanılmadığının şahidi olacaq. Türkiyənin Şərqi Aralıq dənizində söz sahibi olması, ölkə ərazisində yüksək sürətli dəmir yollarının ardıcıl, Yeni İstanbul Kanalı layihəsinin reallaşdırılması, ən iri hava limanlarının, səhiyyə müəssisələrinin istifadəyə verilməsi bu ölkənin xarici düşmənləri kimi, daxili xəyanətkarlarını da məyus edir. Onlar Türkiyəyə dəmir iradəli liderin yox, hər cür güzəştə açıq olan zəif birisinin başçılıq etməsini istəyərdilər. Dünyada taxıl qıtlığının yarandığı məqamlarda ədalətli davranışı ilə maraqları birləşdirən Türkiyə Prezidentinin beynəlxalq səviyyədə artan nüfuzu bölgədə qarşılıqlı anlaşma prinsipinə sadiqliyin yeganə yol olduğunu göstərdi. Prezident Rəcəb Tayyib Ərdoğanın «Gün bir olmaq, bərabər olmaq, min illik qardaşlığımızı daha da möhkəmləndirmək günüdür. Gün övladlarımızın aydın sabahlarına sahib çıxmaq günüdür... Birlikdə «Türkiyə yüzilliyi»nin inşası üçün çiyin-çiyinə çalışmalıyıq» sözləri başda Azərbaycan olmaqla türk dünyasını birlik və həmrəyliyə çağırış, milyonların türkün yenilməzliyinə güvəni idi.

Prezident İlham Əliyev türk dünyasının həmrəyliyi ilə birbaşa bağlı olan Orta Dəhliz layihəsinin səmərəsinə də aydınlıq gətirir. Dəhlizin yükdaşımaların artırılmasındakı artan rolunu Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin digər ölkələrlə birgə fəaliyyətini faydalı addım adlandırır: «İqlim məsələləri isə bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Bildiyiniz kimi, Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində, əlbəttə ki, qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir.»

Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasındakı çıxışında ölkəmizlə həmrəyliyini ifadə edən, «Dünya beşdən ibarət deyil!» aforizmi hələ də məmnuniyyətlə işlədilən Rəcəb Tayyib Ərdoğanın «Bir millət, iki dövlət» prinsipini bir daha xatırladaraq Cənubi Qafqazda sülhün, sabitliyin bərpasına mane olanlara «Biz Ermənistandan başda Zəngəzur koridorunun açılması olmaqla, verdiyi sözləri yerinə yetirməsini gözləyirik. Artıq hər kəsin qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır və bundan başqa bir status qəbul edilməyəcək. Ermənilər də daxil, hər kəsin Azərbaycan torpaqlarında sülh şəraitində yan-yana yaşaması birinci hədəfimiz olmalıdır. Tək millət-iki dövlət şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünə dair attığı addımları dəstəkləyirik» xəbərdarlıq xarakterli sözlərində türkçülüyün hikmətinin müqəddəsliyi əks olunur. İşğaldan azad edilmiş ərazilərdə geniş yol-nəqliyyat infrastrukturunun tikintisində və bərpasında, körpü və tunellərin inşasında türkdilli dövlətlərin şirkətlərinin iştirakı türk dünyasının birlik rəmzidir, güc potensialıdır. Dünyada türkçülüyün inkişafı və tərəqqisi birbaşa Azərbaycanla Türkiyə arasında möhkəmlənən əlaqələrdən asılıdır.

Türk xalqlarının min illik arzusu olan vahid ideoloji məkanda birləşmək olub. Böyük coğrafiyaya məxsus türkçülüyün əbədiliyi,
 türk birliyini qurmaq və bunu dönməz etmək ən ülvi niyyətlərdəndir. «Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu ailənin aparıcı gücü Türkiyə-Azərbaycan qardaşlığıdır.

Xuraman İsmayılqızı, «İki sahil»