29 oktyabr 2024 08:54
412

Qərbi azərbaycanlıların doğma yurd yerlərinə qayıdışı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Ermənistandakı, revanşist qüvvələr, qondarma rejimin tör-töküntüləri Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalarla çıxış edərək “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vururlar. Ancaq nədənsə hayların bu iddialarını dəstəkləyən beynəlxalq təsisatlar Qərbi azərbaycanlıların doğma yurd yerlərinə qayıdış hüququnu münaqişənin başlanmasından keçən 36 ildə bir dəfə də olsun gündəmə gətirməyiblər. İrəvanın tarixi Azərbaycan ərazisi olduğu, ermənilərin isə bu torpaqlara sonradan çar Rusiyası tərəfindən köçürüldükləri bütün dünyaya bəllidir. Həmin ərazilərdə toponimlərin Azərbaycan dilində olması bir daha sübut edir ki, İrəvanın əzəli və yerli sakinləri azərbaycanlılardır. Rus imperiyasının əli ilə Azərbaycanın qərb hissəsinə yerləşdirilən ermənilər ötən əsrin əvvəllərindən başlayaraq yerli əhalini öz doğma yurd yerlərində sıxışdırmağa, hətta tarixi torpaqlarından deportasiya etməyə nail olmuşlar. Türk düşmənçiliyi, "böyük Ermənistan" ideyasını həyata keçirən mənfur qonşularımız tarixin müxtəlif dövrlərində - 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə Qərbi azərbaycanlıları doğma yerlərindən zorla çıxararaq bu yerlərə sahiblənmişlər. Göründüyü kimi, Ermənistanda türklərə, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti "uğurla" başa çatıb. Təəssüf ki, Qərbi azərbaycanlılar indiki Ermənistan ərazisindən köçməyə məcbur edildikləri halda, ermənilər Azərbaycan ərazisində məskunlaşdırılır, yüksək vəzifələr tuturdular.

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar növbəti hədəfləri dəf etmək üçün yeni imkanlar açmışdır. Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan icmasının binasının açılış mərasimində iştirakı və icma nümayəndələri ilə görüşündən sonra bu istiqamətdə ictimai fikirdə köklü dəyişikliklər baş verməkdədir. Hazırda Qərbi Azərbaycan İcmasının beynəlxalq müstəvidə uğurlu dialoq xətti soydaşlarımızın düşmən tərəfindən tapdalanan hüquqlarının bərpasında da müstəsna əhəmiyyət kəsb edir. İcmanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə, Avropa Şurası Parlament Assambleyasına müraciətlər göndərərək həmin qurumları Qərbi azərbaycanlıların geri qayıdış hüququnun təmin olunması, bununla bağlı monitorinqlərin aparılmasına çağırması bu istiqamətdə atılan uğurlu addımlardandır. Qərbi Azərbaycan İcmasının Avropa İttifaqından bu məsələyə müdaxilə etməsini istəməsi əlamətdar hadisədir. Belə ki, Avropa İttifaqı 2023-cü il iyunun 12-də İcmanın müraciətinə cavab verərək bildirib ki, bütün müvafiq əhali qruplarının geri qayıtmaq hüququ dəstəklənir.

Qərbi Azərbaycandan olan qaçqınlar 1998-ci ildə Azərbaycan vətəndaşlığına qəbul edilsələr də ləyaqətli qayıdış hüququna malikdirlər. Bunu onunla əsaslandırmaq olar ki, onlar Ermənistanın azərbaycanlılara qarşı soyqırımı siyasətinin nəticəsi olaraq öz yurd yerlərini tərk etmişlər. Soydaşlarımızın vətəndaşlığının bərpası təmin edilərsə, buradan irəli gələn bütün konstitusion hüquqları, o cümlədən mülkiyyət, dəymiş maddi-mənəvi ziyanın ödənilməsi və s. kimi hüquqların tələbi beynəlxalq hüquq normaları bazasında öz əsasını tapmış olar. 36 il əvvəl Qərbi Azərbaycandan didərgin düşmüş insanlar Ermənistan vətəndaşı olublar. Onların bu vətəndaşlıqdan çıxarılması haqqında heç bir hüquqi sənəd və ya məhkəmə qərarı yoxdur. Bu insanların böyük əksəriyyəti hətta pasport qeydiyyatından çıxmadan Ermənistanı tərk etməyə məcbur ediliblər. Bu isə, öz növbəsində, Ermənistan dövlətinin üzərinə bu şəxslərin ləyaqətli və təhlükəsiz qayıdışını təmin etmək və üstəlik, vurulmuş maddi və mənəvi ziyana görə onlara təzminat ödəmək kimi öhdəlik qoyur.

Qərbi Azərbaycanda yaşayan həmvətənlərimizin deportasiyası 1988-1991- ci illərdə daha kütləvi xarakter aldı. Həmin illərdə İrəvanda azərbaycanlılar yaşayan kəndlərə ərzaq göndərilmir, elektrik xətləri kəsilir və əhaliyə silahlı basqınlar edilirdi. Azərbaycana gedən bütün yollar üzərində silahlı quldur dəstələri dayanaraq yaşayış yerlərini tərk etməyə məcbur olan ailələrə yollarda divan tutur, əmlaklarını qarət edir, özlərini isə qətlə yetirirdilər. Nəticədə açıq formada ərazi iddiaları və etnik zəmində təxribatlar törədən ermənilər tərəfindən torpaqlarımızın 20 faizdən çox hissəsi işğal edildi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı minlərlə azərbaycanlı həlak oldu, itkin düşdü, ermənilər tərəfindən əsir və girov götürüldü.

Xatırladaq ki, ötən il iyulun 28-də Qərbi Azərbaycan İcması və Azərbaycan Respublikasının digər vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıblar. Sözügedən müraciətdə 1987-1991-ci illərdə azərbaycanlıların Ermənistandan vəhşicəsinə qovulması, onların vaxtilə öz ata-baba yurdları olmuş ərazilərdən izlərinin silinməsi öz əksini tapıb. Bundan başqa, qəbiristanlıqlarımızın, müqəddəs yerlərimizin nümayişkaranə şəkildə dağıdılması, mədəni irsimizin təhqir olunması da dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Deportasiya illərinə nəzər yetirsək Ermənistanın vəhşiliyinin sərhəd tanımadığını görmək mümkündür. Həmin dövrdə haylar soydaşlarımıza qarşı çoxsaylı qırğınlar törətmiş, günahsız insanların həyatına son qoymuşlar. İtkin düşmüş 4000 nəfərin taleyi hələ də bəlli deyil. Qərbi Azərbaycan İcmasının dünya ictimaiyyətinə ünvanladığı müraciətlər erməni vəhşiliyinin beynəlxalq aləmdə qiymətləndirilməsi baxımından da vacibdir. Belə ki, Azərbaycanın haqlı mövqeyi, ölkəmizin yürütdüyü uğurlu siyasət bir daha beynəlxalq müstəvidə öz əksini tapır. Azərbaycanın haqq səsini dünyaya çatdırması selektiv yanaşmanın qarşısını almağa da töhfə verəcək.

30 il erməni işğalında qalan torpaqlarımız 2020-ci ildə başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində düşmən əsarətindən azad edildi. İndi əzəli yurd yerlərimizə Böyük Qayıdış başlayıb. Şəhərlər, kəndlər, qəsəbələr son texnologiyalara uyğun, tarixiliklə müasirliyin vəhdətində yenidən yaradılır. Bütün bunlarla yanaşı, Qərbi azərbaycanlıların da öz tarixi torpaqlarına rahat və təhlükəsiz şəraitdə geri dönmələri üçün müstəqil dövlətimiz var gücünü ortaya qoyub. Bu gün Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən biri də Qərbi azərbaycanlıların doğma yurd yerlərinə qayıdışıdır.

Şəmsiyyə Əliqızı, “İki sahil”