29 oktyabr 2024 10:52
330

Bizim ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında qərarlaşması möhkəm təmələ əsaslanan ordu quruculuğunda həyata keçirilən yeniliklərin, təkmilləşmənin təqdimatıdır

“Növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı və mən müxtəlif vaxtlarda bu məsələ ilə bağlı öz sözlərimi demişdim. Demişdim ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir.” Cənab İlham Əliyev yeni dövrün mühüm hadisələrindən olan 7 fevral prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində qarşıda dayanan hədəflərdən bəhs edərkən ordu quruculuğunun, güclü hərbi sənaye kompleksinin yaradılması prosesinin birinci mərhələsinin uğurla başa çatdığını, ikinci mərhələnin daha genişmiqyaslı olacağını xüsusi qeyd etdi.

Bu gün Azərbaycan Ordusunun gücündən, qüdrətindən bəhs edərkən dərhal göz önünə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, ondan üç il sonra isə bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi gəlir. Reallıq budur ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət aldı. “Təbii ki, işğal dövründə ordu quruculuğu bizim üçün bir nömrəli vəzifə idi və ordumuzun, bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və biz buna nail olduq. Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır” söyləyən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələrimizin istər işğal, istərsə də postmünaqişə dövründə döyüş ruhunun daha da gücləndirilməsi istiqamətində atılan addımlardan və uğurlu nəticələrdən geniş bəhs edərək bu hədəfləri də açıqlayır ki, Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcək. Yeni döyüş birləşmələrinin, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir: «Biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim ordumuz yeni, yüksək səviyyəyə qalxacaqdır. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür.»

30 illik işğal dövründə hər gün, hər ay bizi qələbəyə yaxınlaşdırırdı. Azərbaycan daha da güclənir, Ermənistan daha da zəifləyirdi. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə ərazi bütövlüyümüzü və ədaləti bərpa etdi. Böyük qətiyyətlə və inamla səsləndirilən bu fikirlər Azərbaycanın diplomatik mübarizədə, eyni zamanda, döyüş meydanında qələbəsinin təqdimatıdır. 30 ildə dünyanın ən nüfuzlu dövlətlərinin edə bilmədiklərin Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə etdi, BMT qətnamələrini təkbaşına icra edərək bir daha dünyaya nümayiş etdirdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var, onların düzgün dəyərləndirilməsi və tətbiqi üçün vahib mexanizm lazımdır. Dünyanın yaşadığı beynəlxalq hüquq problemi özünü baş verən hadisələrin dəyərləndirilməsində qabarıq şəkildə büruzə verir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bəzən BMT qətnamələri 1-2 saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 28 il gözlədik.

Artıq 4 ildir ki, torpaqlarımızın işğalından deyil, tarixi sahibinə qovuşaraq həyatının çal-çağırlı mərhələsinin yaşamasından bəhs edirik. Reallıq budur ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. Bu məqam ABŞ-nin “U.S. News and World Report” nəşri tərəfindən təqdim olunan məlumatlarda da əks etdirilir. Siyahıda ilk sıralarda Rusiya, ABŞ, İsrail, Çin, Böyük Britaniya, Almaniya, Türkiyə, Ukrayna orduları yer alıb. Eyni zamanda, siyahıda Azərbaycan Ordusu 29-cu yerdə qərarlaşıb. “U.S. News and World Report” Azərbaycan haqqında digər məlumatları da təqdim edib. Qeyd edilir ki, Azərbaycan Qafqaz regionunda, Avropa və Asiya sərhədində yerləşən ölkədir. Coğrafi kəsişmədə yerləşən ölkə 1918-ci ildə, Birinci Dünya müharibəsindən sonra ilk dəfə, demokratik respublika olmazdan əvvəl bir çox imperiyaların hakimiyyəti altında olub. Ancaq müstəqil olduqdan cəmi iki il sonra SSRİ-nin tərkibinə daxil edilib. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycan yenidən müstəqil respublika olub. Əhalinin əksəriyyəti etnik azərbaycanlılardır. Vətəndaşların əksəriyyəti müsəlman olsa da, Azərbaycan dini etiqad azadlığına zəmanət verən dünyəvi dövlətdir. Ölkə təbii ehtiyatlarla zəngindir və iqtisadiyyatı əsasən neft və digər enerji ixracına əsaslanır. Azərbaycan yüksək iqtisadi inkişaf və savadlılıq səviyyəsinə malik gəlirli ölkə hesab olunur. O da bildirilir ki, Banqladeş siyahıda 30-cu, Kolumbiya 31-ci, Kanada 32-ci, İtaliya 34-cü yeri tutur. Ermənistan və Gürcüstan siyahıda yer almayıb.

Möhkəm təməl uğurların davamlılığında əsasdır. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadığı uğursuzluqlar ordu quruculuğundan da yan keçmədi. Silahlı Qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəçisinə çevrilməsi ərazilərimizin işğalına gətirib çıxardı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə də mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının formalaşdırılmasına, gənclərdə vətənpərvərlik hissinin daha da yüksəlməsinə böyük stimul oldu. Ümummilli Lider Heydər Əliyev bildirirdi: «Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik.» 1994-cü il mayın 12-də dahi şəxsiyyət Heydər Əliyevin böyük səyləri nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması bir daha ölkəmizin sülh siyasətinə sadiqliyini dünyaya nümayiş etdirdi. Məsələnin danışıqlar yolu ilə həllində maraqlı olduğunu bəyan edən rəsmi Bakı, eyni zamanda, müstəqilliyimizin, dövlətçiliyimizin qarantı kimi ordunun möhkəmlənməsini prioritet məsələ kimi öndə saxladı. Nizami Silahlı Qüvvələrinin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini göstərdi. Ölkəmizdə keçirilən möhtəşəm hərbi paradlar, Beynəlxalq Müdafiə sərgiləri ordu quruculuğu istiqamətində aparılan islahatların hesabatı kimi dəyərləndirilir. İqtisadi inkişafı və müdafiə qüdrəti ilə regionda fərqlənən bir ölkəyə rəhbərlik edən, Heydər Əliyev siyasətinə sadiqliyini atdığı hər bir addımında təsdiqləyən Ali Baş Komandan İlham Əliyevin bütün çıxışlarında hərbi gücümüz barədə söylədiyi qətiyyətli fikirlər, keçirilən hərbi paradlarda nümayış etdirilən ən müasir hərbi texnika, döyüş silah və sursatı bir daha belə əminlik yaratdı ki, biz hərb istəmirik, amma hərbə hər an hazırıq. Aparılan sülh danışıqları səmərə verməyəcəyi təqdirdə Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək gücündə olduğunu qazandığı qələbələrdə təsdiqlədi. Belə ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə qədər 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı Azərbaycan Ordusunun güclü, peşəkar ordu olduğunu nümayiş etdirmişdi. Lakin işğalçı dövlət bu əməliyyatlar zamanı aldığı dərslərdən nəticə çıxarmayaraq 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutarkən belə əks-hücum əməliyyatı ilə üzləşəcəyini düşünmürdü. Artıq Azərbaycan dövlətinin, xalqının səbir kasası dolmuşdu. Azərbaycan Ordusu hər zaman Müzəffər Ali Baş Komandanın «Hücum!» əmrini gözləyirdi və həmin an gəlib çatdı.

44 gün davam edən əks-hücum əməliyyatları nəticəsində Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun… 300-ə yaxın yaşayış məntəqəsinin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə bölgədə yeni geopolitik mənzərə yaradan Azərbaycan Ordusunun uğurları dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin 21 illik Prezidentlik dövrünün 17 ilinin məhz ərazi bütövlüyümüzün bərpası işinə hazırlığa yönəldildiyini təsdiqləyir. «Şuşasız bizim işimiz yarımçıq olar» söyləyən Ali Baş Komandan İlham Əliyev ulu babalarımızın əmanətini xalqımıza qaytarmaqla Ulu Öndər Heydər Əliyevin vəsiyyətini də yerinə yetirdi. Döyüş əməliyyatlarında ordumuzun ən müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması, yüksəkdəqiqlikli silahlardan istifadə, mövcud nizam-intizam qələbənin başlıca amilləri olmaqla Qarabağla bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilsə də, icra mexanizmi «unudulan» qətnamələrin yerinə yetirilməsini reallaşdırdı. Azərbaycan əsgəri şanlı Qələbəmizlə torpaqlarımızın işğaldan azad etmək qüdrətində olduğunu bir daha təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir.

Qeyd edək ki, hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gərgin səyləri nəticəsində C.Naxçıvanski adına hərbi liseyin əsası yaradılmışdı. Azərbaycanın müstəqil gələcəyini düşənən Ümummilli Lider ordumuzun gənclərimizin sayəsində formalaşacağını önə çəkərək, belə bir məktəbin yaradılmasını zəruri hesab etmişdi. Ordumuzda xidmət edən zabitlərin əksəriyyətinin Ümummilli Liderin yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunların, hərbi hava və hərbi dənizçilik məktəblərinin məzunlarıdır. Son illərdə imkan və potensialı daha da artan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik, Ali Hərbi Təyyarəçilik məktəblərinin kursant və şahinləri hər zaman döyüşə hazır olduqlarını keçirilən hərbi paradlarda nümayiş etdirdilər. Silahlı Qüvvələrimizin sülhməramlıları, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının bölmələri, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının çevik hərəkət qüvvələri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları, Silahlı Qüvvələrin dəniz piyadaları da Ali Baş Komandanın əmrinə hazır olduqlarını, bir qarış torpağımızın belə düşmənə verilməyəcəyini bildirdilər.

Ümummilli Lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, biz müstəqil dövlət kimi yaşaya və inkişaf edə bilərik. Azərbaycanın 2011-ci ildə 193 ölkədən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 ölkəni öz sıralarında birləşdirən Qoşulmama Hərəkatına dörd illik sədrliyi ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinin göstəricisidir. Bunlar ölkəmizin qazandığı uğurlara, eyni zamanda, ədalətli mövqeyinə əsaslanır. Dövlət başçısı İlham Əliyev bu günlərdə Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında da bu məqamlara xüsusi diqqət yönəltdi. Bildirdi ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.

Azərbaycanın diplomatik uğurları döyüş meydanında da üstünlüyümüzə əsas verdi. Ölkəmiz diplomatiyada, siyasi müstəvidə gücünü göstərdi. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə «Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir» söyləyən dövlət başçısı İlham Əliyev bir daha bildirdi ki, keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qaytarılır: «Onlarla görüşlər əsnasında mən demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız, belə də oldu. Demişdim, biz heç vaxt imkan vermərik ki, ərazimizdə ikinci erməni dövləti yaradılsın, belə də oldu. Biz demişdik ki, düşməni torpaqlarımızdan qovacağıq, düşməni torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını bizim tarixi torpaqlarımızda qaldırdıq. Yəni, bu, böyük tarixi nailiyyətdir. Bu şanlı tarix Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.»

Azərbaycan tarixi Zəfərə imza atsa da, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etsə də bu gün ordumuzun gücləndirilməsi istiqamətində mühüm addımlar davamlılığı ilə diqqətdədir. “Bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Biz elə ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz” söyləyən cənab İlham Əliyev onu da bildirir ki, siyasətimiz beynəlxalq hüquqa əsaslanır. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur.

Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman çıxışlarında da bu çağırışı edir ki, bizim ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq.

Tarixi Zəfərimizdən sonra Azərbaycanın qarşılıqlı etimada əsaslanan əməkdaşlıqda hərbi sahəyə xüsusi önəm verməsi də bu istiqamətdə görüləcək işlərin miqyasının daha da genişləndirilməsinin prioritetliyini açıqlayır. Azərbaycanın qardaş Türkiyə, Pakistanla hərbi sahədə əməkdaşlığı bunun bariz nümunəsidir. Onu da qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 28-də Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul etdi. Görüşdə müdafiə sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev bir müddət əvvəl artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilən JF-17C təyyarələrinə baxdığını məmnunluqla xatırlayaraq, onların dünya səviyyəsində ən yaxşı təyyarələrdən olduğunu bildirdi. Dövlətimizin başçısı bu hadisənin müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığımızın daha da gücləndirilməsi işinə xidmət etdiyini vurğuladı. Prezident İlham Əliyev müdafiə sənayesi ilə bağlı genişhəcmli əməkdaşlıqda, o cümlədən istehsal, investisiya, texnologiyalar sahələrində uğurlu nəticələrin əldə olunacağına əminliyini bildirdi. Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Vətən müharibəsində Azərbaycanın Qələbəsinin önəmini vurğulayaraq qeyd etdi ki, ölkəmizin əsgər və zabitlər ilə bağlı baxışı, yerli istehsalın təşviqi, müharibədə müdafiə sənayesi kompleksi və güclü hərbi imkanlarla bərabər, müdafiənin bir növü olan qabaqlayıcı strategiyanın tətbiqi dünyaya çox aydın bir siqnal oldu ki, Azərbaycan hədəfə köklənib və irəliləyir. Ölkəmizdə gedən inkişaf proseslərinin nümunə olduğunu qeyd edən qonaq Pakistanın Azərbaycan ilə qardaşlıq əlaqələrinin qarşılıqlı inama, səmimiliyə, əməkdaşlığa, mədəni əsaslara söykəndiyini bildirdi. Sahir Şamşad Mirza qeyd etdi ki, Kəşmir məsələsində Azərbaycan Pakistanın yanında olduğu kimi, Ermənistan məsələsində də Pakistan Azərbaycanın yanındadır.

Azərbaycanın müdafiə naziri ilə Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanın rəhbərlik etdiyi nümayəndə heyətinin görüşündə əsas müzakirə məsələlərindən biri Azərbaycan-Pakistan-Türkiyə ikitərəfli və üçtərəfli birgə təlimlərinin intensivliyinin artırılmasının zəruriliyi oldu və qarşılıqlı əlaqələrin inkişaf perspektivləri geniş müzakirə edildi. Tarixi Zəfərimizdən sonra bu üçlüyün daha da möhkəmləndiyi, əlaqələrin yeni sahələrdə uğurla inkişaf etdiyi diqqətdən kənarda qalmır. Xatırlasaq 44 günlük İkici Qarabağ müharibəsi dövründə hər üç dövlətin bayraqları küçə və meydanlarımızda birgə dalğalandı. Bu mühüm addım dünyaya birliyimizin, həmrəyliyimizin təqdimatı oldu. Zəfərimizdən sonra hər üç dost ölkənin parlament sədrlərinin Bakıda bir araya gələrək əməkdaşlığın bugünkü və gələcək inkişafında əhəmiyyətli rol oynayan Bakı Bəyannaməsini imzalamaları özündə mühüm çağırışları birləşdirdi.

Təbii ki, bütün bu məqamlar bir daha təsdiqləyir ki, Azərbaycan hərbi qüdrətimizin daha da artmasına xüsusi önəm verməklə yanaşı təcrübə mübadiləsinin aparılmasında, hərbi sahədə əməkdaşlığın daha da inkişafında maraqlıdır. Keçirilən hərbi təlimlər, Beynəlxalq Müdafiə sərgiləri də bunun bariz nümunəsidir. Azərbaycanda bu ilin sentyabr ayında “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirildi. İlk “ADEX” sərgisi 2014-cü ildə keçirilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir. Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkətləri və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30 mindən çox qonaq ziyarət edib. Beşinci dəfə təşkil olunan “ADEX” Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisə oldu. Bu genişmiqyaslı tədbir regionda ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin nümayişi kimi dəyərləndirildi. “ADEX” sərgisi qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün səmərəli platforma rolunu oynayır. “ADEX” dünyanın tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasında da mühüm rol oynayır. Bu il yubiley sərgisində daha çox - dünyanın 40-a yaxın ölkəsindən 218-dən artıq şirkət iştirak etdi. Təbii ki, bu kimi mühüm addımlar əlaqələrin daha da möhkəmlənməsində, təcrübə mübadiləsində öz sözünü deyir. Daim yeniliyə, təkmilləşməyə xüsusi önəm verən Azərbaycan hər bir yeni təcrübənin bütün sahələrdə tətbiqində maraqlıdır. 44 günlük İkinci Qarabağ müharibəsi hərbi sahədə yeniliklərin də təqdimatı oldu.

Yeganə Əliyeva, “İki sahil”