29 oktyabr 2024 10:33
230

Azərbaycan artıq  qlobal olaraq  iqlim üzrə əməkdaşlığa töhfə verir

Uğurlu xarici siyasət nəticəsində ölkəmiz dünya dövlətləri ilə sıx əlaqələr qurub, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir. Azərbaycan müxtəlif beynəlxalq platformalarda aktiv iştirak edərək etibarlı tərədaş olduğunu təsdiqləyib. 2024-cü ilin 24 oktyabr tarixində Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası beynəlxalq əlaqələrin gücləndirilməsi və inkişaf etməkdə olan ölkələrin birgə strateji əməkdaşlığının genişlənməsi baxımından önəmli bir platforma oldu. Bu tədbirdə Prezident İlham Əliyev çıxış edərək dövlətimizin BRICS+ çərçivəsindəki perspektivlərini, regional və qlobal məsələlərə yanaşmalarını və əməkdaşlıq imkanlarını vurğuladı.  Hazırda 10 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. BRICS Sammitində 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş iştirak edib.

BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddəbirindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. BRICS qarşılıqlı hörmət, həmrəylik, bərabərlik, demokratiya, inklüzivlik, konsensus kimi fundamental prinsiplər əsasında qurulan və fəaliyyətini də həmin təməllər üzərində quran bir platformadır. Sammitin yekun Bəyannaməsində üzv dövlətlər təşkilatın ruhuna sadiq qaldıqlarını və əməkdaşlığı bundan sonra daha da dərinləşdirmək əzmində olduqlarını bildiriblər. Sənəddə BRICS ölkələri arasında əməkdaşlığın əsas istiqamətlərinə diqqət çəkilir. Üzv dövlətlər siyasət və təhlükəsizlik, iqtisadiyyat və maliyyə, mədəni və humanitar əlaqələr sahəsində əməkdaşlığı dərinləşməsinə töhfələr verib. Bununla belə, inteqrasiyanın dərinləşdirilməsi istiqamətində hələ çox işlərin görülməsinin zəruriliyi sənəddə vurğulanıb. Azərbaycan Şərq-Qərb dəhlizi olan Trans-Xəzər (Orta Dəhliz) nəqliyyat dəhlizi ailəsinin fəal üzvü kimi son illər ərzində bu layihədə strateji rolunu və mövqeyini daha da möhkəmləndirib. Xəzər dənizində ən böyük ticarət qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanının inşa olunması, Bakı-Tbilisi-Qarsın istifadəyə verilməsi, Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu infrastrukturunun şaxələndirilməsi və modernləşdirilməsi, avtomagistrallar, hava limanları kimi yeni layihələrin icrası da Orta Dəhlizin inkişafına xidmət edir.

Bundan sonra da Azərbaycan istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində anlaşmaya nail olunmasına səy göstərəcək. Ən vacib məsələ isə ikitərəfli sülh gündəliyinin real vəziyyətlə uyğunlaşması və bu müqavilənin bağlanmasıdır.  Prezident İlham Əliyev Azərbaycanın BRICS+ platformasında iştirakı ilə bağlı ölkəmizin inkişafını dəstəkləyən bir neçə əsas prioriteti təqdim etdi. Prezident İlham Əliyev iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektoru ilə bağlı investisiyaların artırılması, “yaşıl enerji” təşəbbüsləri və texnoloji innovasiyaların inkişaf etdirilməsi məsələlərini vurğuladı. Azərbaycan Prezidenti, BRICS+ çərçivəsində iqtisadi və siyasi məsələlərin müzakirə olunmasının, həmçinin iştirakçı ölkələr arasında dostluq və işbirliyinin güclənməsinin vacib olduğunu bildirdi. Prezident İlham Əliyev qlobal təhlükəsizlik və enerji təminatı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və digər aktual məsələlərə də toxundu. O, bu problemlərin müzakirəsi üçün BRICS+ platformasının əhəmiyyətini vurğuladı və iştirakçı ölkələri birgə fəaliyyət göstərməyə dəvət etdi. Eyni zamanda, Azərbaycanın sülh və təhlükəsizliyin təmin olunmasında aktiv rol oynadığını, bölgədəki münaqişələrin həlli üçün konstruktiv yanaşmalar sərgilədiyini bildirdi.

XVI BRICS Sammiti əsnasında Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.   İki ölkənin xarici işlər nazirlərinə “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında” Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib. Bu da o deməkdir ki, iki ölkə arasında sülhün əldə edilməsinə az qalıb.

Cənubi Qafqazda sülhə nail olunması olduqca vacib şərtdir. İstər Şərq, istərsə də Qərb dünyası bu regionda təhlükəsizliyin təminatında maraqlıdır. Qlobal dünyada baş verənlər və onun təhlili isə mütləq şəkildə maraqların uzlaşması kontekstinə istinad edir. Başqa sözlə, yaranan yeni siyasi-iqtisadi situasiyalar bu və ya digər şəkildə beynəlxalq aləmin diqqət mərkəzindədir.

Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin etmişdir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri