29 oktyabr 2024 12:06
272

Azərbaycan çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır

Azərbaycan çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir. Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

 “Şərq-Qərb”və“ŞimalCənub”nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq. Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur.

Azərbaycan artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcək.

Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır. Şübhəsizdir ki, Kazanda baş tutan bu görüş bir daha dövlətlərarası münasibətlərin inkişaf amilində tarixi status daşıyır. Əlaxsus cənab İlham Əliyevin Dilma Rousseff, Vladimir Putin, Nikol Paşinyan ilə görüşləri çoxtərəfli münasibətlərdə yeni intibah səhifələri yaradacaq.

Artıq bu böyük tədbirə sayılı günlər qalıb. Bütün bəşəriyyətin iqlim təhlükəsizliyi üçün düşünülmüş bu konfrans həm də Azərbaycanın hekayəsidir. Bunu sülh hekayəsi də adlandırmaq mümkündür. Ona görə yox ki, keçirilmə qərarı 2023-cü ildə oktyabrın 15-də ölkə başçısının Xankəndidə ucaltdığı bayraq təntənəsindən az sonra reallaşıb. Həm də ona görə ki, bu, sülhsevər bir dövlətin və dövlət başçısının illərlə apardığı harmoniya işinin, xaosu kosmosa çevirmək missiyasının gəlib çatdığı mənəvi-siyasi gerçəklikdir: “Azərbaycan artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcək”.

Ümumiyyətlə, BRICS+ formatı: siyasi dialoqu və beynəlxalq əməkdaşlığı gücləndirən platformadır. Onun perspektivləri iqtisadiyyat, səhiyyə, iqlim təhlükəsizliyi və digər məsələlərin həllində mühüm göstəricilər əldə etməyə imkan yarada bilər. Siyasi dialoqun gücləndirilməsi isə ölkələr arasında harmoniyanın stimullaşmasına və dünya miqyasında sülhün bərqərar olmasına mühüm dəstəkdir. 

Orxan İsmayılov,
YAP Xətai rayon təşkilatının üzvü