29 oktyabr 2024 12:12
247

Azərbaycan bütün beynəlxalq platformalarda yaxından iştirak edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uzaqgörən xarici siyasət sayəsində ölkəmizin beynəlaxalq arenadakı nüfuzu gündən-günə artmaqdadır. Beynəlxalq münasibətlər sistemində müstəqil bir dövlət kimi özünəməxsus mövqe tutmağı bacaran, azad, demokratik, hüquqi, suveren ölkə olan Azərbaycan təkcə regionda deyil, ümumən bütün dünyada aparıcı söz və fikir sahiblərindən birdir. Qloballaşan dünyada, maraq və məqsədlərin ciddi şəkildə toqquşduğu çox mürəkkəb və ziddiyyətli dövrdə coğrafi baxımdan kiçik bir dövlətin dərin hörmət və ehtiram qazanması,  böyük nailiyyətlərə imza etməsi heç də asan məsələ deyil. Bütün bu uğurların təməlində isə, heç şübhəsiz ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müdriklə davam etdirilən çoxşahəli inkişaf, intibah və inteqrasiya yolununun əsas prinsipləri dayanır.

Azərbaycan daxili siyasətdə olduğu kimi, xarici siyasətdə də böyük uğurlara nail olub. Xüsusən 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyimiz tarixi qələbə, ərazi bütövlüyümüzün bərpası, işğaldan azad edilən torpaqlarımızda aparılan tikinti, quruculuq və bərpa işləri, ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik, sosial-iqtisadi inkişaf və digər mühüm amillər xarici ölkə və təşkilatların, dünya liderlərinin Azərbaycana olan maraq, diqqət və nəzərini  artırmışdır. Ölkəmiz bütün beynəlxalq platformalarda yaxından iştirak edir. Eyni zamanda, Azərbaycan özü də artıq böyük beynəlxalq tədbirlərin təşkilatşısı və iştirakçısına çevrilib.

Azərbaycanın xarici siyasəti demokratik və humanist siyasətdir, ciddi əsaslara əsaslanan siyasətdir. Ölkəmiz bütün ölkələrə ədalətli münasibət və mövqe sərgiləyən ölkədir. Təmsil olunduğumuz bütün tədbirlərdə vahid və mütəşəkkil prinsiplər ortaya qoymağı bacaran suveren bir ölkəyik. Bu cəhətdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 24 oktyabr tarixində Kazan şəhərində  keçirilən XVI BRICS Sammitində iştirakı və bu sammit çərçivəsində baş tutan görüşləri xarici siyasətimizdə növbəti bir uğurlu addım kimi qiymətləndirilir. Belə ki, 2006-cı ildə yaradılan və hazırda 9 üzvü olan BRICS dünyanın qlobal iqtisadi güc platformalarından biridir. Bu cür nüfuzlu beynəlxalq təşkilatda ölkə başçımızın iştirakı ölkəmizə verilən beynəlxalq dəyərin bariz göstəricilərindən biridir. Prezident İlham Əliyevin bu sammitdən dünyaya verdiyi mühüm mesajlardan biri ondan ibarətdir ki, dünyanın qlobal problemləri yalnız ümumi və birgə səylərin sayəsində həll oluna bilər. Cənab İlham Əliyevin bu platformadan söylədiyi bütün fikirlər müasir dünyanın qarşısında duran əsas vəzifələrin icra edilməsi istiqamətində görülməli olan işlərin vacib tezisləri idi. Peşəkar siyasətçi və dövlət xadimi olan Prezident İlham Əliyev BRICS kürsülərindən dünyanın mövcud reallıqlarını mükəmməl şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdıraraq, ölkəmizin bütün sahələrdə qazanılan uğurları və gələcək hədəfləri barədə önəmli fikirlər səsləndirdi.

Azərbaycan dünyanın vacib və əhəmiyyətli ölkələrindən biridir. Ölkəmizin coğrafi və geosiyasi mövqeyi, iqtisadi və hərbi qüdrəti, ictimai-siyasi vəziyyəti dünyanın ölkəmizə olan köhnə və ədalətsiz münasibətini dəyişmək məcburiyyətindədir. Artıq haqq-ədalət, hüquq və qanun bizim tərəfimizdədir. Biz qalib, bütöv və böyük məmləkətik. Bu məmləkətin hər bir uğuru həm də bəşəriyyətin uğurudur. Elə BRICS Sammiti də məhz bəşəriyyətin uğurları naminə ciddi addımlar atmalı və gözəl dünya qurmağa xidmət etməlidir.

Şükran Mustafayev,
Bakı şəhəri 254 nömrəli tam orta məktəbin direktor müavini, YAP Xətai rayon təşkilatının üzvü