29 oktyabr 2024 12:23
245

Kazan görüşü - sülh müqaviləsinə doğru mühüm addim

Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında olan görüşdə ikitərəfli sülh gündəliyinin irəli aparılmasının, o cümlədən sülh sazişinin, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsini sülh müqaviləsinə doğru mühüm addım kimi dəyərləndirmək lazımdır. Aydındır ki, BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka, dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. Üstəlik, nəzərə alsaq ki, BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir, beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir; dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır, o zaman demokratik mühitdə yenidən gündəmə gətirilən sülh sazişinin müsbət nəticələr verəcəyi gözləniləndir.

İndiyə kimi Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarını pozmaq üçün kənardan çox təzyiqlər oldu. Hətta bunun qarşısını ölkəmiz əleyhində müxtəlif əsassız qətnamələr qəbul edə və çirkin ittihamlar səsləndirərək almağa çalışdılar. Məqsəd sülh prosesinin astanasında olan Azərbaycanı yolundan döndərmək idi. Lakin Azərbaycan bu müddətdə öz mövqeyindən geri dönmədi. Çünki biz haqq savaşı aparırıq və proseslərdə söz sahibi tərəfik. Azərbaycan öz maraqlarını qoruyur, Ermənistan dövləti isə istər-istəməz sülh müqaviləsini imzalamağa məcbur qalacaq.

Artıq hər iki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib. Azərbaycan və Ermənistan arasında heç bir vasitəçiyə ehtiyac olmadığı fikri bir daha özünü doğrultdu. Tərəflər arasında aparılan ikitərəfli danışıqların daha uğurlu və məhsuldar olduğu bunun bariz nümunəsidir. Ötən gün Kazan şəhərində keçirilən XVI BRICS Sammiti çərçivəsində də ikitərəfli dialoq yolu ilə çox ciddi addımların atılmasının şahidi olduq.

Ümid edirik ki, cənab Prezident İlham Əliyev ilə Nikol Paşinyan arasında Kazanda aparılan müzakirələrdən sonra sülh müqaviləsi ilə bağlı proseslər müsbət məcraya doğru yönələcək. Sülh müqaviləsi Azərbaycan dövlətinin xeyrinə və bizim tələb etdiyimiz kimi həll olunacaq. Əks təqdirdə, fərqli addımlar atmaqla, qarşı tərəf onsuz da sülh müqaviləsinin imzalanmasının qarşısını ala bilməyəcək, sadəcə boş yerə vaxt uzadacaqlar.

Elnarə Akimova,
​Milli Məclisin deputatı, filologiya elmləri doktoru