30 oktyabr 2024 03:02
288

Siyasi təzyiq şousu

Avropa Parlamentində Azərbaycanla bağlı qəbul olunan qətnamə daha bir əhəmiyyətsiz kağız parçasıdır

Avropa Parlamentində (AP) bu günlərdə guya Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qəbul edilən qətnamə təsisatın illərdən bəri sadiq qaldığı anti-Azərbaycan ənənəsinə uyğun siyasətini əks etdirdiyi üçün təəccüblənmədik. Qətnamədə yazılanlar ölkəmizə qarşı son aylarda ABŞ-ın, Qərbin apardıqları təxribatların bir növ icmalı idi. Bəzi məqamları xatırlatmaqla bu reallığı təsdiqləmək o qədər də çətin deyil.
… ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın erməni lobbisinin sifarişi ilə Konqresdəki dinləmələrdə Azərbaycan əleyhinə səsləndirdiyi əsassız ittihamları yada salaq. Yəni, ABŞ açıq şəkildə Bakıya bildirirdi ki, Ermənistanla sülh yolunda irəliləyiş olmayana qədər Azərbaycanla münasibətlər normal olmayacaq. Avropa İttifaqının təşkil etdiyi üçtərəfli və dördtərəfli Praqa, Brüssel, Moldova görüşlərində Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən bəyanatlar versə də, sonradan havadarlarının diktəsi ilə başqa havalara oynadı. Qranada görüşündən əvvəl İrəvana səfər edən, «Ermənistan Respublikasının ərazi bütövlüyünü təhdid edən istənilən hərəkətə çox sərt cavab veriləcək», «Qarabağın blokadası və məcburi köçürülmə» sayıqlamaları ilə Azərbaycanı təhdid edən Fransanın sabiq Avropa və xarici işlər naziri Ketrin Kolonnanın sözləri rəsmi Parisin ənənəvi erməni sevgisinin daha bir təsdiqi idi. Onun Qranada görüşü öncəsi Bakı ilə İrəvan arasında vəziyyəti yenidən qızışdıran bu cür sayıqlamaları nəzərdə tutulan beştərəfli görüşün ermənilərə dəstək duetinin dəyişilməyən nəqarəti idi. Bölgədəki gərginliyin davamında maraqlı olan Fransanın sabiq XİN başçısının Ermənistanı silahlandırmaqla bağlı açıqlamaları rəsmi Parisin əsl niyyətini, məqsədini növbəti dəfə ortaya qoymuşdu. Bu baxımdan Prezident İlham Əliyev Qranada görüşü ərəfəsində Azərbaycan əleyhinə çıxışlar edərək, bölgədə gərginliyi pik həddə çatdırmağı hədəfləyən, sülh danışıqlarına mane olmağa çalışan Fransanın regional məsələlərdə iştirakını qəbuledilməz hesab edirdi.

Təzyiq ritorikasının növbəti siyasi şousu Avropa İttifaqı (Aİ), Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla nəzərdə tutulan, İspaniyanın Qranada şəhərində keçirilən anti-Azərbaycan ruhlu görüş oldu. Həmin görüşdə iştirakdan imtina edən Prezident İlham Əliyev siyasi iradəsi ilə sübut etdi ki, Azərbaycanla təhdid, təzyiq dili ilə danışmaq olmaz. Prezident İlham Əliyevin həmin görüşdən imtina etməsi siyasi şou oyunçularının rəsmi İrəvana dəstək planlarını alt-üst etdi. Qarabağda yaşayan erməni icmasının nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri arasında keçirilən Yevlax, Xocalı görüşlərinin davam etdiyi, danışıqlar zamanı humanitar yardımlarla bağlı irəli sürülən təkliflərin həlli istiqamətində lazımi islərin görülməsi ilə bağlı tərəflər arasında razılığa əminliyin yarandığı məqamda Qranada görüşü xəyalı İrəvana dəstəyə haqq qazandırmaq saxtakarlığı idi.

Fransanın sabiq Avropa və xarici işlər naziri Katerina Kolonnanın İrəvana səfəri, rəsmi Parisin guya öz təhlükəsizliyini təmin etmək üçün Ermənistana 12,5 milyon avroluq «humanitar yardım» adı ilə silah göstərmək planı da ssenarinin bir parçası, Ermənistanı avantüraya cəlb etmək niyyətinin nəticəsi, bölgədə cərəyan edən hadisələrin ilk mərhələsi idi. Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrelin Laçın yolunun dərhal açılması ilə bağlı həyasızlığı, hayların quraşdırdıqları «blokada», «humanitar fəlakət», «soyqırımı» barədə hikkəli açıqlamaları, Aİ-nin Mülki Missiya adı ilə Ermənistanda jandarm rejimi yaratması, «binokl diplomatiyası» COP29 ərəfəsində Azərbaycana təsir imkanlarını formalaşdırmaq naminə eyni mənbədən təşkil olunan təxribatların mərhələ üzrə davam edən növbəti tamaşası idi. Separatçıların Xankəndidə keçirdikləri qeyri-qanuni «seçkilərindən» söz açmağı məsləhət bilməyən, Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinə görə rəsmi Bakıya «məsuliyyət daşıdığını xatırladan» Qərbin borrelləri, o cümlədən Bakıya səfəri zamanı hüquqları pozulan, Ermənistanın etnik təmizləmə siyasətinin qurbanları olan Qərbi Azərbaycan nümayəndələri ilə görüşməyə ehtiyac duymayan Almaniyanın xarici işlər naziri Annalena Berbok ermənipərəst mövqeləri ilə bölgədə vəziyyəti daha da gərginləşdirdilər. Bölgəyə səfəri çərçivəsində Ermənistanda Qarabağdan könüllü köçən ermənilərlə görüşdükdən sonra Bakıya gələn, Azərbaycanın, İrəvanın, xüsusilə Qərbi Azərbaycanın tarixi, Cənubi Qafqazın yerləşdiyi ərazinin geosiyasi əhəmiyyəti barədə mükəmməl məlumatı olmadığı halda erməni düşüncəsi ilə açıqlama verən, «məzlum» ermənilərlə görüşünü uzun-uzadı, ürək ağrısı ilə təsvir edən xanım nazir Berbok Hayastandan zorla çıxarılmış Qərbi azərbaycanlı qaçqınlarla görüşməyi məsləhət bilmədi. ABŞ-ın göstərişlərinə uyğun anti-Azərbaycan siyasətini davam etdirən Qərbin ikiüzlü siyasətini təsdiqləyən bu kimi faktlar istənilən qədərdir.

Avropa Parlamentinin oktyabrın 24-də Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qəbul etdiyi qətnamə bu siyasətin daha iyrənc şəkildə davamıdır. Qətnamədə COP29 ərəfəsində guya Azərbaycanda fəallara, jurnalistlərə, müxalifət liderlərinə qarşı nəzərəçarpacaq dərəcədə güclənən repressiyaların pislənməsi «stəkanda fırtına yaratmaq» niyyətindən qaynaqlanır.

Ötən illərdə də Avropa Şurası Parlament Assambleyası tərəfindən guya Azərbaycanda «siyasi məhbus» məsələsi ilə bağlı qrosslardan ibarət monitorinq qrupları yaradılsa da, kimlərin bu kateqoriyaya mənsub olduqları barədə suala hələ də münasibət bildirilməyib. Yəni, kimlərin «siyasi məhbus» hesab edilməsi barədə beynəlxalq təşkilatların dəqiq dəyərləndirmə mexanizmləri yoxdur. Bu baxımdan istənilən ölkəyə təsir vasitəsi kimi istifadə olunan «siyasi məhbus» axtarışları heç bir nəticə verməyib. Avropa Parlamentinin səlahiyyətləri çatmasa belə ölkəmizdə siyasi baxışlarına görə həbs edilməyən məhkum axtarmaq, onları azad etmək, «repressiyaları dayandırmaq» kimi Azərbaycan hakimiyyətinə təkəbbürlü ittihamları irəli sürməsi müstəqil, suveren respublikanın daxili işlərinə müdaxilə, qeyri-qanuni, siyasi etikadan kənar hərəkətdir. Səlahiyyətlərini aşaraq guya davam edən insan hüquqları pozuntusuna görə ölkəmizin COP29-a ev sahibliyi etməsini belə məqbul hesab etməyən Aİ rəsmilərinin, xüsusən də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin konfransdan istifadə edərək Azərbaycana beynəlxalq öhdəliklərini xatırlatması Avropada davamlı pozulan insan hüquqlarını görməyən siyasi korluqdan başqa bir şey deyildir. Qətnamənin qəbulu zamanı səsvermədə iştirak edən deputatlardan 453-ünün qətnamənin lehinə, 31-nin əleyhinə səs verməsi, 89 nəfərin bitərəf qalması özlərinin də etiraf etdikləri kimi qurumda hələ də davam edən korrupsiya hallarının mövcudluğunu göstərir. Davamlı olaraq erməni lobbisinin maliyyəsindən yararlanan Avropa Parlamentinin bir neçə üzvünün tanınmış erməni iş adamlarından aldıqları rüşvətlərə görə həbs olunması yaxın illərdə baş verən hadisələrdir.

Ölkəmizə qarşı əvvəlki qərəzli yanaşmaların davamı olan AP-nin son qətnaməsində Azərbaycan-Ermənistan münasibətlərinə toxunulmasının açıqlaması isə belədir: «Qaraca qızın dərdi varmış.»

Qərbin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmaması üçün törətdiyi təxribatları «unudan» avropalı öncəgörənlərin bölgədə sabitliyin yaranması üçün bütün vasitələrdən istifadə edərək Azərbaycanın xidmətlərini görməzdən gəlmələri 30 il üzləşdiyimiz və ağrı-acısını yaşadığımız ikili standartların daha bir təzahürüdür. Ermənistan-Azərbaycan şərti sərhədinin delimitasiyası prosesindəki və danışıqlardakı irəliləyişi alqışlayan Avropa Parlamentinin, eyni zamanda, Ermənistana qarşı hər hansı hərbi əməliyyatın Azərbaycanın Aİ ilə münasibətlərinə zərər verəcəyi barədə xəbərdarlığı siyasi oyunbazlıqdır. Oğrunun doğruya qabaqdangəlmişlik jestidir. Özlərinin müəyyənləşdirdikləri qanunlara, prinsiplərə əməl etməyən avropalı başbilənlərin nəzərinə bəzi məqamları çatdıraq.

Avropa İttifaqına üzv ölkələr tərəfindən müəyyənləşdirilən Avropa Parlamentinin üç əsas səlahiyyəti var: Avropa İttifaqına dair qanunlar qəbul etmək, həmin qanunların yerinə yetirilməsinə nəzarət etmək və Avropa İttifaqının büdcəsinin icrasına nəzarət etmək.
Yəni, Avropa Parlamentinin, Fransa, Niderland kimi qitənin bəzi ölkələrinin İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərdən sonra daim inkişafda olan qüdrətli ölkəmizə qarşı münasibətinin daha da aqressivləşməsi respublikamıza olan qısqanclıqdan, paxıllıqdan qaynaqlanır. Dünya ictimaiyyətinin dəstəklədiyi ən mühüm beynəlxalq tədbirlər Azərbaycanda keçirilir. Xüsusilə, ilk Avropa Oyunlarının uğurlu təşkilindən sonra Qərbin ölkəmizə qarşı qərəzli münasibəti gözləniləndir. Qərbi Azərbaycandan zorla çıxarılan soydaşlarımızın hüquqlarının qorunmasını 30 il «unudan» Avropa təsisatlarının üç-beş cinayətkarın həbsini antidemokratik hal kimi qələmə verməsi torbadakı pişiyin miyoltusuna bənzəyir. Yəni, korrupsiyalaşmış qurumun yeni maliyyə mənbəyi axtarmaq naminə etdiyi bu gedişlər riyakarlıq, demokratiyaya qara yaxmaqdır. Avropanın özündə insan haqlarının pozulmasına göz yuman, Ermənistandan istifadə etməklə Azərbaycanla təhdid dili ilə danışmağa çalışanların planları islamofobiyanın təzahürü, seperatizmə dəstəkdir.

Gürcüstanı Avropa İttifaqına üzv qəbulu ilə şirnikləndirən təsisatların rəsmi Tbilisinin «münasibətlərin yaxınlaşmasının» əsl mahiyyətini duyduqdan sonra haqlarını tələb edən gürcülərə dirsək göstərən Aİ-nin bu günlərdə bölgədə apardığı «zorən təbib» siyasətinin məqsədi artır bəllidir. Regional təhlükəsizliyə özlərinin milli maraqları baxımından yanaşan, dövlətlərlə təzyiq və təhdid dili ilə danışmaq təcrübəsini sınaqdan keçirən Avropa İttifaqının Cənubi Qafqaz niyyəti baş tutmadı. Bu günlərdə qonşu ölkədə keçirilən parlament seçkilərində «Gürcü Arzusu - Demokratik Gürcüstan”» Partiyasının qalib gəlməsi ilə Aİ-nın bölgəyə atdığı tilov boş qaldı. Gürcü xalqı siyasi iradə göstərərək xarici müdaxilələrə «yox» dedi. Beləcə, Ermənistanı ələ alaraq, Gürcüstana şirin vədlər verərək bölgədə Azərbaycanı təkləmək istəyən ABŞ kimi Qərb də qapı arxasında qaldı. Seçkilərdən əvvəl müxalifyönlü qeyri-hökumət təşkilatlarını maliyyələşdirməklə Gürcüstanın daxili işlərinə, qanunvericilik prosesinə müdaxilə alınmadı. Xalq qətiyyətlə bildirdi ki, Gürcüstanın daxili və xarici siyasəti yalnız gürcü xalqının və onun seçdiyi siyasi qüvvələrin iradəsinə uyğun olaraq formalaşmalıdır. Bu yanaşma Azərbaycanla Gürcüstan arasında regionda sülh və əməkdaşlıq imkanlarının gücləndirilməsinə töhfə verəcək. Cənubi Qafqazda siyasi sabitlik bölgə dövlətlərinin birgə səyi ilə formalaşacaq. Gürcüstanda baş verənlərdə «Azərbaycan izi» axtaranların niyyətləri öz başlarında çatlayacaq. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi də iki tərəfin razılığı əsasında, kənar müdaxilələr olmadan imzalanacaq.

Uzaqgörən siyasəti daim özünü doğruldan Prezident İlham Əliyev Gürcüstana səfəri zamanı İrəvanla Bakı arasında imzalanacaq sülh sazişi üçün ən münasib yerin ünvanını da açıqlamışdı: «Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi.» Bölgədə sülhün, sabitliyin bərpası üçün liderlik qətiyyəti göstərən Prezident İlham Əliyevin inamla söylədiyi sözlərin doğruluğunu zaman da təsdiqləyəcək. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi xarici müdaxilələr olmadan imzalanacaq. ABŞ-ın, Qərbin COP29-un ətrafında yaratdıqları qara dumanlar yox olacaq. Bütün tədbirləri uğurla başa vuran Azərbaycanın «Yaşıl dünya naminə həmrəylik» çağırışı planetimizin hər tərəfində eşidiləcək, dəstəklənəcək.

Xuraman İsmayılqızı, «İki sahil»