29 oktyabr 2024 18:20
253

Hibrid təhdidlərə qarşı sistemli iş görülür

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərimizdən və ötən il suverenliyimizin tam bərpa edilməsindən sonra Cənubi Qafqazda geosiyasi konfiqurasiya köklü surətdə dəyişmişdir.

Uzun illər boyu Qarabağı Azərbaycanın ərazi bütövlüyünün bir parçası kimi tanıyan Avropa rəsmiləri bilərəkdən Ermənistanın işğalına göz yumublar. Nə son otuz ildə, nə də postmünaqişə dövründə Aİ-nın hesabatlarında müharibə və işğal zamanı Qarabağda Azərbaycan xalqının saysız-hesabsız dəhşətli qırğınlara, işkəncələrə və cinayətlərə məruz qalması, vaxtilə azərbaycanlıların kütləvi məskunlaşdığı şəhərlər, kəndlər və qəsəbələrin yerlə-yeksan edilməsi, məscidlərin təhqir edilməsi, habelə mədəni və tarixi abidələrin məhv edilməsi barədə tutarlı sənəd qəbul olunmayıb.

Əslində, buna heç maraq da göstərməyiblər. Amma Ermənistanın ərazi bütövlüyü və təhlükəsizliyi ilə bağlı məsələlərə gəlincə, hay-küy salınlr, heç bir əsası olmayan və heç bir sübuta əsaslanmayan iddialar səsləndirirlər.

Döyüş meydanında məğlub olmuş Ermənistan və havadarlarının, erməni lobbisi və onlar qədər bizi sevməyən bəzi qüvvələrin Azərbaycanda müdaxilə etmək istədikləri istiqaməti dövlətin təhlükəsizliyi, onun müstəqilliyi, cəmiyyətin dəyərləridir.

Bütün bunlar ölkəmizin apardığı siyasətə xaricdə müdaxilələr və Azərbaycan əleyhinə bir çox hibrid təhdidlərlə müşahidə olunur. Belə bir şəraitdə qeyd etdiyim cəhdlərin qarsının alınması, milli maraqların və milli təhlükəsizliyin qorunması istiqamətində yeni addımalar atılması və bütün zəruri tədbirlərin görülməsi fundamental əhəmiyyətə malikdir.

Bu baxımdan Milli Məclisin sədri Sahibə xanım Qafarovanın tapşırığına əsasən Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının oktyabrın 21-də “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirənin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

İclasda iştirak edən Milli Məclisin deputatları, ölkəmizin beyin mərkəzlərinin nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri mövzu ətrafında geniş fikir mübadiləsi apardılar. Bu tədbirin əsas xətti isə Azərbayca Respublikası Milli Məclisinin xalqımıza qarşı, dövlətimizin bütövlüyünə və qanunlarına, milli-mənəvi dəyərlərinə, beynəlxalq nüfuzuna və digər vacib sahələrə təhdid yaradan bütün hallara qarşı qətiyyətinin nümayiş etdirilməsi oldu.

Bu gün ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında milli maraqlarımıza cavab verən uğurlu daxili və xarici siyasət həyata keçirilir. Hesab edirəm ki, Milli Məclis tərəfindən Xarici müdaxilələrə va hibrid təhdidlərinə qarşı müvəqqəti komissiyanın yaradılması olduqca düzgün, zamanında atılmış addımdır.

Azərbaycan xalqı əmin olmalıdır ki, Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətləri çərçivəsində dövlətimizin təhlükəsizliyinə, inkişafına, qüdrətinə, xalqımızın birliyinə, milli-mənəvi dəyərlərimizə təhdid yaradan bütün təhlükələri dəf etmək üçün bundan sonra da bütün gücünü səfərbər edəcək, dövlətimizin haqq işində ön sıralarda olacaqdır.

Əminə Ağazadə,

Milli Məclisin deputatı