29 oktyabr 2024 23:28
258

Bığın boya nə dəxli var?

Papadan daha çox katolik olmağa çalışan radikal müxalifətin uzun sürməyən “26 oktyabr” rəzaləti…

Ölkəmizdəki radikal müxalifət düşərgəsinin ünsürləri yeni mövzu tapıblar. Başda AXCP sədri Əli Kərimli, müavini Fuad Qəhrəmanlı, “Milli Şura” adlı qurumun Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli, Müsavat Partiyasının başqan müavini Mustafa Hacıbəyli olmaqla bu zümrədəkilərin sosial şəbəkələrdəki girişdikləri növbəti mövzu qonşu və dost ölkə olan Gürcüstanda oktyabrın 26-da baş tutan parlament seçkiləri ilə bağlıdır. Həmişə olduğu kimi, boylarından yuxarı tullanmağa çalışan, qonşu ölkədəki seçkilərlə bağlı təhlillərdə dərin analitik yanaşma nümayiş etdirə bilməyən bu naşı siyasətbazların əsas məqsədi pafoslu çıxışlarla, emosional bəyanatlarla gündəmdə qalmaq, ictimai diqqəti özlərinə cəlb etmək cəhdindən başqa bir şey deyil.

Ə.Kərimli, M.Hacıbəyli, C.Həsənli kimi radikal müxalifət təmsilçilərinin populist, əsassız iddialarla dolu çıxışları, gürultulu “şərh” və epitetlərlə bəzədilmiş “təhlilləri” bir daha göstərir ki, bu məxluqlar Papadan daha çox katolik olmağa qərar veriblər. Bu ünsürlər bir tərəfdən Gürcüstanda parlament seçkilərinin ədalətli, ciddi rəqabət şəraitində keçirildiyini bildirir, digər yandan isə sosial şəbəkələrdə “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının qələbəsini şübhə altına salan yazılarla çıxış edirlər. Məsələn, AXCP sədri Ə.Kərimli yazır: “Beynəlxalq müşahidə missiyalarının Gürcüstandakı seçkilərlə bağlı ilkin rəyləri ilə tanış oldum (link şərh bölümündə). Gürcüstanda keçirilmiş parlament seçkiləri Azərbaycan kimi klassik avtoritar rejimlərdə təsəvvür edilməyəcək dərəcədə demokratik olub. Seçkilər tam proporsional seçki sistemi üzrə və çox ciddi rəqabət şəraitində keçib. Partiyalar əsasən azad seçki kampaniyası apara bilib. Tbilisi başda olmaqla Gürcüstanın bütün böyük şəhərlərində müxalifətin qələbəsi rəsmən təsbit olunub. Ancaq təəssüf ki, regionlarda, xüsusilə də milli ucqarlarda səslərin alınması, seçicilərin qorxudulması hallarından və inzibati resursdan geniş istifadə olunub. Nəticədə parlament seçkisi beynəlxalq demokratik standartlara tam uyğun olmayıb...”.

Müsavat Partiyası başqanının müavini Mustafa Hacıbəyli növbəti dəfə öz çirkin xislətinə sadiq qalaraq absurd, isterika dolu əsassız ittihamlar səsləndirir: “Dünyanı hansısa gözəgörünməz masonlar yox, tanıdığımız, bildiyimiz milyarderlər idarə edirlər. Yaxud buna çalışır və xeyli dərəcədə nail olurlar. Dünən gürcü xalqı Putin-İvanişvili-Əliyev üçlüyünün öhdəsindən gələ bilmədi. İnzibati resursdan, puldan, ölkədəki milli azlıqlardan, bir az da saxtakarlıqdan istifadə edərək hakim partiyanın səslərini 12 faiz artırdılar və bununla da gürcülərin gələcəyə gedən yolunu kəsdilər”.

Gərək nə qədər məsuliyyətsiz, düşük, səviyyəsiz, yelbeyin biri olasan ki, belə yalan, iftira dolu fikirlər səsləndirəsən. Belə yerdə adama deyərlər ki, ay özünə “siyasətçi” deyən məxluq, axı bığın boya nə dəxli var?

Şübhəsiz, bütün bunlar sərsəm, əsassız iddialardan, heç bir əsası olmayan cəgəng ittihamdan başq bir şey deyil. Məsələ burasındadır ki, radikal müxalifət nümayəndələrinin iddialarının əksinə olaraq Qərb Gürcüstandakı seçkilərə və “Gürcü Arzusu”nun qələbəsinə kəskin reaksiya vermədi. Belə ki, ekspertlərin də bildirdiyi kimi, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel və Avropa Komissiyası Gürcüstanda parlament seçkilərilə bağlı birgə bəyanatla çıxış etdilər. Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) dərc etdiyi sənəddə Gürcüstanda demokratik prosesə inamın möhkəmləndirilməsi üçün seçkilərdəki çatışmazlıqların aradan qaldırılmasının və şəffaflığın artırılmasının zərurəti qeyd olunur. Sənədin mahiyyəti göstərir ki, Gürcüstanda seçkilər baş tutub və nöqsanlar operativ qaydada aradan qaldırılmalı, seçki prosesinə inam yaratmaq məqsədilə aydınlıq gətirilməlidir. Gürcüstan Prezidenti Salome Zurabişvlinin iddia edilən pozuntulara görə seçkiləri tanımamaq çağırışına böyük ölçüdə məhəl qoyulmadı.

Ekspertlər qeyd edirlər ki, beynəlxalq maraqlı tərəflər üçün “Gürcü Arzusu” mürəkkəb regionda sabitlik, öngörənlik və idarəetməni təmsil edir. Enerji və ticarət üçün vacib tranzit marşrutu olan Gürcüstanda biznes maraqları etibarlı idarəetmə tələb edir. Bu sabitlik demokratik dəyərlər bahasına olsa da, böyük güclərin maraqlarına uyğundur və “Gürcü Arzusu”nu investorlar və beynəlxalq tərəfdaşlar üçün daha təhlükəsiz seçim halına gətirir. Bəzi ekspertlərin fikrincə, bu partiyanın üstünlüyü onun kifayət qədər daxili dəstəyi saxlamaqla regional güclərə strateji uyğunluğu ilə əlaqədardır.

Ən əsası isə odur ki, Gürcüstan vətəndaşları tərəqqi, sabitlik, əmin-amanlıq yolu ilə irəliləməyi üstün tutdular, hakim partiyanı dəstəkləməyə qərar verdilər. Sayı 300 min nəfərə çatan soydaşlarımızın mütləq əksəriyyəti sülhü, sabitliyi, inkişafı dəstəkləyərək, hakim partiyanın müdafiəçiləri kimi səs verdilər. Bütün bunların tutarlı səbəbləri var. Belə ki, ekspertlərin də bildirdiyi kimi, hazırda kiçik və orta müəssisələrin əhəmiyyətli töhfələri ilə sərbəst bazar modelinə əsaslanan Gürcüstan iqtisadiyyatı elektoral dəstəyin formalaşmasında mühüm amil olaraq qalır. 2023-cü ildə Gürcüstan ÜDM-i əsasən İKT sektorunda nailiyyətlərin hesabına illik hesablamada 7,5 faiz artıb, Sakstat - Milli Statistika İdarəsi 20 mart 2024-cü ildə bildirib. ÜDM 80,25 milyard lariyə (30,54 milyard ABŞ dolları) çatıb ki, bu da əvvəlki ildə olduğundan 10,1 fazi çoxdur. Adambaşına düşən ÜDM 6731 dollardan 8210 dollara yüksəlib ki, bu da ölkədə iqtisadi irəliləyişi göstərir.

Bunlar yetərlidirmi? Əlbəttə, belə misalların sayını istənilən qədər artırmaq olar. Təbii ki, yazının əvvəlində qeyd etdiyimiz kimi, Papadan daha çox katolik olmağa çalışan ə.kərimlilər, g.hacıbəylilər, c.həsənlilər, m.hacıbəylilər üçün bəs etməsə...

Zahid Rza, “İki sahil”