“Azərbaycan Banklar Assosiasiyası”nın (ABA) təşəbbüsü ilə keçirilmiş əməkhaqqı sorğusu layihəsinin nəticələri açıqlanıb.
ABA-dan AZƏRTAC-a bildiriblər ki, 22 bank və 1 bank olmayan kredit təşkilatının iştirak etdiyi əməkhaqqı sorğusunda bankların filialları, insan resurslarının idarə edilməsi, marketinq, maliyyə, kredit, IT, korporativ bankçılıq və bu kimi departament və şöbələri 22 iş kateqoriyalarına, bu kateqoriyalar isə 49 alt iş kateqoriyalarına bölünüb və müqayisələr bu kateqoriyalar üzrə aparılıb. Sorğu nəticəsində sektor üzrə vəziyyəti əks etdirən bir ümumi hesabat, həmçinin hər bir bankın bazardakı mövqeyini göstərən və yalnız həmin banka təqdim olunan əlavə hesabatlardan ibarətdir.
Əməkhaqqı sorğusunun keçirilməsi ilə bağlı qərar ABA-nın Rəyasət Heyətinin 2017-ci il 20 iyun tarixli iclasında qəbul olunub.
Qeyd edək ki, sorğunu həyata keçirmiş "HAY Group Korny" şirkəti 1943-cü ildə yaranıb. Hazırda şirkətin məlumat bazasından 110-dan çox ölkə və dünya üzrə 25 min şirkət faydalanmaqdadır.