30 oktyabr 2024 23:56
254

Əli Kərimlinin ağ yalanları gerçəklərin sərt qayasına tuş gəlir

Siyasi diletant olduğunu hər addımda nümayiş etdirən AXCP sədri daim obyektiv reallıqları gözardı edərək öz subyektiv fikirlərini, daha doğrusu, quraşdırdığı yalanlarını bərbəzəkli şəkildə cəmiyyətə sırımağa çalışsa da alınmır ki, alınmır...

Deyilənə görə, keçmiş zamanlarda bir kor kişi olubmuş. Soyuq qış günlərinin birində kişi qış yuxusuna gedir və donmuş bir ilan tapır. Bunun heyvanlarını sürmək üçün əla çomaq olacağını düşünür, özü ilə evə gətirir. Kişini görən dostları ona həqiqəti desələr də, əlindəkinin ilan olduğunu bildirsələr də kor adam buna inanmır, yoldaşlarının ona paxıllıq etdiyini düşünür. Aylar keçir, yaz gəlir. İlan qış yuxusundan oyanır, kor kişini sancıb öldürür. Nəticədə də belə bir xalq deyimi formalaşır, günümüzə qədər gəlib çıxır.

Əsasən zəkasız insanın bilmədiyi bir məsələdə, hər hansı bir insanın anlayışı olmayan bir mövzuda israr etməsi zamanı “Kor tutduğunu buraxmaz” ifadəsini işlədirlər.

Qonşu və dost ölkə olan Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı bu ölkədəki müxalifətdən də çox radikallıq nümayiş etdirən AXCP sədri Əli Kərimlinin internet resurslarındakı çıxışlarına, “analizlərinə” diqqət yetirdikdə məhz “Kor tutduğunu buraxmaz” deyimini xatırlamamaq olmur. Əlbəttə, bu barədə iki gün bundan əvvəl qələmə aldığımız yazıda geniş bəhs etdiyimizdən təkrarçılıq etmək istəmirik. Çünki bir neçə gün bundan əvvəl qonşu ölkədə baş tutan parlament seçkiləri ilə bağlı son günlər, necə deyərlər, çox yazılıb, çox deyilib, hələ bundan sonra da çox yazılacaq, çox deyiləcək. Daha doğrusu, ölkəmizdəki radikal müxalifət zümrəsinin nümayəndələri bu məsələ ilə bağlı hələ çox hoqqadan çıxacaqlar.

Bütün bunlar öz yerində. Ancaq indilikdə AXCP sədrinin Gürcüstandakı seçki saxtakarlığı ilə bağlı yazdıqlarına elə onun çox sevdiyi xarici media vasitələrində, daha dəqiq desək, “jam-news.net” saytında bu məsələyə dair  dərc olunan məqalə ilə cavab verməyi düşünürük. Axı Ə.Kərimli “The Economist” nəşri də daxil olmaqla, xarici mətbuat orqanlarını çox sevir. Həm də lap çox sevir. Bu barədə bir az sonra yazacağıq.

İndi baxaq görək “jam-news.net” nəşri ( bu saytın Qərbdəki hansı dairələrə bağlı olduğunu, haradan maliyyələşdiyini Ə.Kərimli bizim hamımızdan yaxşı bilir)  nə yazır? Saytda dərc olunan məqalədə bildirilir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili iddia edilən pozuntulara görə Qərbi “Gürcüstan xalqını dəstəkləməyə və seçkilərin nəticələrini tanımamağa” çağırıb. Lakin onun müraciətinə böyük ölçüdə məhəl qoyulmur, bu da onun proseslərə təsirinin zəiflədiyini göstərir.

“Gürcü Arzusu” niyə qalib gəldi” sualına isə “jam-news.net”dəki yazıda belə cavab verilir: “Gürcü Arzusu”nun qələbəsini parçalanmış müxalifətin ümumi mesaj, lider və ya ölkəyə baxışı altında birləşə bilməməsi ilə əlaqələndirmək olar. Bu bölgü “Gürcü Arzusu”nun Rusiyayönlü mövqeyinə görə tənqidlərlə üzləşməsinə, Aİ-dən uzaqlaşmanın, o cümlədən “xarici agentlər” qanununun mübahisəli şəkildə qəbul edilməsinə və Ukraynaya dəstəyi geri götürməsinə baxmayaraq, müxalifətin mövqeyini zəiflətdi”.

Məqalədə daha sonra vurğulanır ki, müxalifətdə birliyin olmaması və etibarlı alternativ təklif etməməsi ona olan inamı da sarsıtdı. Müxalifətin parçalanması həm də Qərbin dəstəyinin zəifləməsinə səbəb oldu. Müxalifətin yanaşması son dərəcə qeyri-mütəşəkkil idi və potensial beynəlxalq dəstəkçiləri belə qeyri-müəyyən gələcəklə bağlı öhdəçilik götürməkdən çəkindirdi...

Əsl gerçəkliklər bunlardan ibarətdir. Ancaq siyasi diletant olduğunu hər addımda nümayiş etdirən Əli Kərimli həmişə olduğu kimi, bu dəfə də obyektiv reallıqları gözardı edərək öz subyektiv fikirlərini, daha doğrusu, quraşdırdığı ağ yalanlarını bərbəzəkli şəkildə cəmiyyətə sırımağa çalışır. Necə deyərlər, elə dediyini deyir. Atalar yaxşı deyiblər ki, kar eşitməz-yaraşdırar, kor görməz-quraşdırar...

Zahid Rza, “İki sahil”