31 oktyabr 2024 08:25
229

Strateji tərəfdaşlıqdan müttəfiqliyə

Azərbaycan-Özbəkistan əməkdaşlığında yeni dövr başlayır

Son illər dünya birliyinin nüfuzlu üzvünə çevrilən Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası daha da dərinləşməkdədir. Bu baxımdan Özbəkistanla strateji əməkdaşlığın inkişafı iki ölkənin ortaq maraqlarını və müvafiq sahələrdəki potensialını daha da artırır. Azərbaycan-Özbəkistan əlaqələrinin kökü əsrlər boyu inkişaf edən dostluq münasibətlərinə gedib çıxır. Hər iki ölkənin ortaq tarixi kökləri, mədəniyyətləri və dinləri onların əməkdaşlığının dərinləşməsi üçün əhəmiyyətli  zəmin yaradır. Bu münasibətlər, həmçinin mədəniyyət, ticarət və iqtisadiyyat sahələrində sıx əməkdaşlıqla daha da güclənir.

Son illər ərzində Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin dinamik şəkildə artması qarşılıqlı ticari əlaqələrin genişlənməsinə dair əhəmiyyətli  göstəricidir. 2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 300 milyon ABŞ dolları olmuşdu. Özbəkistanın Azərbaycana ixracat həcmi 100 milyon dollar, Azərbaycanın Özbəkistana ixracatı isə 200 milyon dollar təşkil edib. Bununla yanaşı, 2023-cü ildə ticarət dövriyyəsinin təxminən 350 milyon dolları keçməsi ölkələrimiz arasında ticari əlaqələrin artan dinamikasını göstərir.

Ticarət əməliyyatlarının genişlənməsi ölkələrimizi iqtisadi müstəvidəki əməkdaşlığını daha da dərinləşdirir. Hər iki ölkə əmtəə dövriyyəsinin artırılması məqsədilə birgə tədbirlər həyata keçirir. Bu, yalnız iqtisadi sahədə deyil, eyni zamanda, işgüzar mühitin inkişafında da əhəmiyyət kəsb edir. Bu müstəvidə 2025-ci ilin “Özbəkistan–Azərbaycan iqtisadi kooperasiyası ili” elan edilməsi qarşılıqlı ticari əlaqələrin inkişafına əlavə təkan verir. Bu çərçivədə 20 əsas istiqamət üzrə əməkdaşlıq proqramının hazırlanması nəzərdə tutulur.

Bu proqram ticarət, sənaye kooperasiyası, energetika, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı fəaliyyətin genişlənməsini təmin etmək məqsədini güdür. 2025-ci ildən etibarən hər iki ölkə arasında qarşılıqlı kooperasiya layihələrinin icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər iki ölkənin iqtisadiyyatlarının bir-birini tamamlayıcı aspektlərini nəzərə alaraq əməkdaşlığı daha da dərinləşdirəcək. Bu məqsədlə iki ölkə arasında birgə investisiya layihələrinin həyata keçirilməsi üçün 500 milyon dollar kapitalı olan "Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti" yaradılıb. Bu birgə investisiya şirkəti Daşkənddə yerləşir. Bu şirkət iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığı inkişaf etdirməyi, xüsusilə də yüksək texnologiyalı və ixracatı əvəz edən sahələrdə investisiyaları artırmağı hədəfləyir. Şirkət müxtəlif sənaye və innovasiya layihələrini dəstəkləməklə, iki ölkə arasında ticarət dövriyyəsini daha da genişləndirmək məqsədi daşıyır

Əməkdaşlığın ən strateji sahələrindən biri də enerji sektorudur. Hər iki ölkənin geniş enerji resursları bu sahədə birgə layihələrin həyata keçirilməsinə imkan verir. Tərəflər yaşıl enerji istehsalı və bunun Avropa bazarına ixracını nəzərdə tutan layihələr üzərində çalışırlar. Enerji sektoru yalnız iqtisadi mənfəət deyil, eyni zamanda, ekoloji davamlılıq baxımından da əhəmiyyətlidir.

İki ölkə arasında dağ-mədən sənayesi sahəsində də əməkdaşlıq perspektivləri mövcuddur. Özbəkistan Azərbaycanın mineral ehtiyatlarının işlənməsində fəal rol oynamağa hazırdır. Bu, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə bərpa işləri üçün lazımi tikinti materiallarının istehsalını da əhatə edir. Həmçinin neft və qaz sahəsində əməkdaşlığın inkişafı iki ölkənin müvafiq sahələrdəki tələbatlarını qarşılamasına kömək edəcək.

Azərbaycan və Özbəkistan arasında nəqliyyat əlaqələrinin inkişafı regional inteqrasiyanın gücləndirilməsində əhəmiyyətli  rol oynayır. Beynəlxalq Transxəzər Nəqliyyat Dəhlizinin inkişafı iki ölkənin birgə səylərinin nəticəsi olaraq genişlənir. Bu, yalnız iki ölkə deyil, eyni zamanda, Qafqaz və Mərkəzi Asiya regionları arasında ticari əlaqələrin artırılmasına xidmət edir.

Eyni zamanda, regionlararası kooperasiya üzrə yol xəritəsinin qəbul edilməsi gələcəkdə bu əməkdaşlığın daha da irəliləməsinə şərait yaradır. 2025-ci ildə Özbəkistanın Kokand şəhərində Azərbaycan və Özbəkistan arasında regionlararası forumun keçirilməsi planlaşdırılır. Bu forum iki ölkənin regionları arasında əməkdaşlığı gücləndirmək məqsədilə təsis olunacaq və xüsusilə iqtisadi sahələrdə müxtəlif təşəbbüsləri dəstəkləmək üçün nəzərdə tutulur. Forumda kənd təsərrüfatı, sənaye və infrastruktura aid layihələrin müzakirəsi də gözlənilir. Bu tədbirin regionlar arasında daha sıx iqtisadi əlaqələrin qurulmasına təkan verəcəyi düşünülür​.

Özbəkistan son dövrlərdə sosial-iqtisadi inkişaf baxımından əhəmiyyətli irəliləyişlər əldə edib. Bu inkişaf regionda daha geniş nüfuza sahib olmağı mümkün edir. Hər iki ölkə arasında mövcud səmərəli əməkdaşlıq yalnız iqtisadi müstəvidə deyil, həm də sosial sahədə inkişaf edir. Bu əməkdaşlığın dərinləşdirilməsi gələcəkdə daha çox müsbət nəticələr verəcək. Nazirliklər, qeyri-hökumət təşkilatları və müstəqil tədqiqat institutları arasında əməkdaşlığın gücləndirilməsi iki ölkənin cəmiyyətlərinin bir-birini daha yaxşı anlamasına, birgə mədəni layihələrin həyata keçirilməsinə imkan verəcək. Bu, həmçinin mədəniyyətlərarası dialoqun artırılmasına və xalqlar arasında dostluq münasibətlərinin dərinləşməsinə kömək edəcək.

Yeri gəlmişkən, bu günlərdə Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiqlənib. 2021-ci il iyunun 15-də, Milli Qurtuluş Günündə qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsindən üç il sonra, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində avqustun 23-də Daşkənddə imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”, tarixi əhəmiyyətli sənəddir. Prezident İlham Əliyev elə bu səbəbdən Daşkənddə mətbuata bəyanatında xüsusi olaraq bunları qeyd etmişdi: “Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Zənnimcə, əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”.

Nigar Orucova, “İki sahil”