31 oktyabr 2024 17:20
280

İqlim böhranı: Şiddətli hava hadisələrinin intensivliyi artır

İspaniyada daşqın fəlakətinin qurbanlarının sayının və Tayvanda tayfunun təsirinin artdığı məqamda elm adamlarının iqlim böhranı ilə bağlı yeni araşdırmaların nəticələri bəlli olub.

Alimlər müəyyən ediblər ki, insan qaynaqlı iqlim dəyişikliyi son 20 ildə kəskin hava hadisələrinin intensivliyini artırıb.

“BBC”-nin məlumatına görə, London İmperial Kollecində “World Weather Attribution” (WWA) alimləri tərəfindən aparılan araşdırmalarda kəskin hava şəraiti ilə iqlim dəyişikliyi arasında əlaqə müəyyənləşdirilib.

Son 20 ilin ən dəhşətli 10 hava hadisəsi ilə bağlı məlumatları yenidən tədqiq edən mütəxəssislər araşdırmalarında Somalidə yüz minlərlə insandan yan keçməyən quraqlıq və Fransada 3 mindən çox insanın ölümünə səbəb olan isti hava dalğaları kimi hadisələrə xüsusi diqqət yetiriblər.

Araşdırmaçı alim Friederike Otto deyib ki, bu tədqiqat, dünyanı istiləşdirən və həyatı məhv edən qalıq yanacaqlardan istifadə etməyə davam edən siyasi liderlərə bir mesaj olmalıdır.

İspaniyada daşqın fəlakəti

İspaniyanın şərqindəki Valensiyada oktyabrın 29-dan etibarən şiddətlənən yağışlar nəticəsində baş verən sel fəlakətində ölənlərin sayı 104 nəfərə çatıb. Dünya mediasında çoxlu sayda avtomobilin sel sularına qərq olduğu görüntüləri yayımlandığı dönəmdə bəzi yolların və körpülərin sel suları altında qaldığı bildirilib. Mütəxəssislər bu fəlakəti iqlim dəyişikliyi səbəbindən ekstremal hava hadisələrinin artması ilə əlaqələndiriblər.

Tayvanda tayfun

Digər tərəfdən, otuz ildir ki, adanı cənginə alan ən böyük fırtına Tayvanın cənub-şərq sahillərində leysan yağışlarına və güclü küləklərə səbəb olur. Cümə axşamı günündən yenidən Tayvanda güclü yağışlar və şiddətli küləklər başlayıb. “Kong-rey” tayfunu Filippindən sonra Tayvana doğru hərəkət edərək şiddətini artırıb. Mərkəzi Nantou rayonunda Avtomobilin üzərinə ağacın aşması nəticəsində 56 yaşlı qadın dünyasını dəyişib. Bütün adada fırtına ilə bağlı ən azı 73 xəsarətin olduğu məlumatı bildirilib.

Vüsal Cahanov, “İki sahil”