01 noyabr 2024 00:27
256

Anti-Azərbaycan dairələr radikal müxalifətdən alət kimi istifadə edir

Mütləq gerçəklik odur ki, bəzi xarici media orqanlarında ölkəmizin əleyhinə dərc olunan cızmaqaralar, qərəzli beynəlxalq təşkilatlar tərəfindən açıqlanan bədnam hesabatlar məhz Əli Kərimli, Cəmil Həsənli, Arif və Leyla Yunuslar, Arif Şahmarlı kimi psevdodemokratların “ekspert rəyləri” əsasında, necə deyərlər, “legitimləşdirilir”

Mayası xəyanətlə, satqınlıqla, pozuculuqla yoğrulmuş radikal müxalifətin “başbilənləri”, onların trolları COP29-a sayılı günlər qaldıqca sosial şəbəkələrdə ölkəmizin milli maraqlarına, beynəlxalq imicinə zərər verən fəaliyyətləri ilə özlərini ifşa etməklə yanaşı, erməni dəyirmanına su tökdüklərini, anti-Azərbaycan dairələrin bir nömrəli qulbeçələri olduqlarını açıq-aşkar ortaya qoyurlar.

Ötən əsrin 90-cı illərindən başlayaraq öz merkantil maraqları naminə respublikamızın milli mənefəyinə, milli birlik və vətəndaş həmrəyliyinə zərbə vuran başda AXCP sədri Əli Kərimli və onun başıpozuq dəstəsi olmaqla bu təxribatçı qüvvələr COP29 ərəfəsində ictimai rəyi çaşdırmaq, beynəlxalq arenada ölkəmizin nüfuzunu ləkələmək üçün ən çirkin vasitələrə əl atırlar. Müxtəlif bəhanələrlə xarici ölkələrdə məskunlaşan xəyanətkar xislətli Arif və Leyla Yunuslar, Arif Şahmarlı, Qurban Məmmədov, Qənimət Zahid, Sevinc Osmanqızı kimi antimilli ünsürlər son zamanlar görünməmiş şəkildə fəallaşaraq qərəzli manipulyasiyaları ilə Azərbaycanın ətrafında xain oyunlar quran xarici ermənipərəst dairələrlə işbirliyinə girərək ölkəmizin əleyhinə apardıqları qarayaxma kampaniyasının sərhədlərini daha da genişləndiriblər.

Anti-Azərbaycan mərkəzlərin maşası rolunu oynayan bu zombi sürüsü son zamanlar yalnız sosial şəbəkələrdə ictimai rəy ilə manipulyasiya edərək təxribat və dezinformasiya xarakterli məlumatlar yaymaqla kifayətlənmir. Onlar erməni lobbisinin maliyyəsi ilə bəslənən xarici mətbuat orqanlarında ölkəmizin əleyhinə iftira dolu məqalələr dərc etdirir, bəzi beynəlxalq tədbirlərdə respublikamızı nüfuzdan salmaq üçün böhtan xarakterli əsassız ittihamlar səsləndirirlər. Bu marginallar “əl əli yuyar, əl də üzü” prinsipi ilə hərəkət edərək erməni lobbisinin təsiri altında olan bəzi xarici təşkilatlardan aldıqları qrantlar müqabilində məlum mərkəzlərə Azərbaycan əleyhinə kompromatlar, donoslar ötürürlər.

Göründüyü kimi, məlum anti-Azərbaycan dairələr ictimai rəyi manipulyasiya etmək üçün məhz antimilli ünsürlərdən alət kimi istifadə edirlər. Məsələ ilə bu cür faktlar xüsusilə diqqəti cəlb edir. Çünki bu prosesin COP29 yaxınlaşdıqca daha da intensivləşməsi diqqəti daha çox cəlb edir. Bütün bunları AXCP sədri Əli Kərimlinin son bir neçə gün ərzində xarici mətbuat orqanlarında, eləcə də Böyük Britaniyanın “The Economist”, Ukraynanın “Ukrainska Pravda” nəşrlərində dərc etdirdiyi məqalələrin, Arif və Leyla Yunusların oktyabr ayının ortalarında Praqada keçirilən ikigünlük “Forum 2000” konfransındakı yalan, iftira dolu çıxışlarının timsalında asanlıqla görmək olur.

Ə.Kərimlinin “The Economist”də yerləşdirilən (bəli, doğru anladınız- yerləşdirilən) məqalə barədə sosial şəbəkə resurslarında yazdıqları məsələ ilə bağlı səsləndirdiyimiz fikirləri bir daha təsdiq edir. Ə.Kərimli görün nə yazır: “Dünyanın media nəhənglərindən biri olan “The Economist” (baş ofisi Londonda yerləşir) COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycanda həyata keçirilən repressiyalar və ölkəmizdəki gerçək vəziyyət haqqında yazımı çap edərək (link çap bölümündə) dünya ictimaiyyətinə çatdırıb. “The Economist” mənim yazımı” COP29 diktaturanın imicini təmizləmək üçün vasitədir,- deyə Azərbaycanın əsas müxalifət lideri bildirir” başlığı və “Əli Kərimli müxalifətin susdurulduğu bir neft dövlətində iqlim konfransı keçirilməsinin riyakarlığı barədə yazır” altbaşlığı ilə oxuculara təqdim edib”.

Hər şey aydın deyilmi? Müdrik bir kəlamda deyildiyi kimi, görünən kəndə bələdçi lazım deyil. Düzdür, mediada belə fikirlər sələndirildi ki, məqaləni Ə.Kərimli yazmayıb. İddialara görə, bu məqalənim müəllifi daim ermənipərəst mövqeyi ilə tanınan Arkadi Ostrovskidir. Ola bilər. İş onda deyil. Məsələ bundadır ki, Ə.Kərimli bu işlə birbaşa bağlıdır. Məqalə məhz onun göndərdiyi tezislər, daha doğrusu, donoslar, yalan və böhtan dolu məlumatlar əsasında qələmə alınıb.

Mütləq  gerçəklik odur ki, erməni lobbisinə, anti-Azərbaycan mərkəzlərə bağlı olan xarici media orqanlarında ölkəmizin əleyhinə dərc olunan böhtan, iftira dolu cızmaqaralar, eləcə də bəzi qərəzli beynəlxalq təşkilatların hesabatlarında, bəyanatlarında məhz antimilli ünsürlərin donoslarının izi açıq-aşkar görünür. Ən acınacaqlı hal ondan ibarətdir ki, bədxahlarımızın həmin cızmaqaraları, qərəzli hesabatları məhz Əli Kərimli, Cəmil Həsənli, Arif və Leyla Yunus, Arif Şahmarlı kimi psevdodemokratların “ekspert rəyləri” əsasında, necə deyərlər, “legitimləşdirilir”. Bütün bunlar danılmaz reallıqdır...

Zahid Rza, “İki sahil”