01 noyabr 2024 14:27
268

Makron Fransasının Azərbaycana yönəlik siyasətinin məğzi! - Aqressiya və düşmənçilik

Öz gözündə tiri görməyib başqasının gözündə çöp axtaran rəsmi Paris ölkəmizi günahlandırmağa çalışmasın və öz daxilindəki problemlərin həllinə, başqalarının işinə qarışmaqdan daha çox vaxt ayırsın

Ermənistanı revanşist mövqeyə çəkənlərin, bu ölkəni yeni müharibəyə təhrik edənlərin başında Fransanın dayandığını qətiyyətlə deyə bilərik.  Başda E.Makronun özü olmaqla  bugünkü Fransa iqtidarı müharibədən və lokal xarakterli antiterror tədbirlərindən sonra yaranmış reallıqları qəbul edərək Ermənistana sülhyaratma prosesində məsləhətlər vermək əvəzinə, bu prosesə əngəllər yaratmaq üçün əlindən gələni edir.

Oktyabrın 23-də Fransa Senatının Xarici işlər, müdafiə və silahlı qüvvələr komitəsində ölkənin xarici işlər naziri Jean-Noel Barrot və senator Valerie Boyer  Azərbaycana qarşı növbəti əssasız ittihamlar səsləndiriblər. Həmçinin Fransa XİN-in 2025-ci il üçün büdcəsinin və beynəlxalq vəziyyətin müzakirə olunduğu iclasda Azərbaycanı Fransaya qarşı “aqressiv müdaxilələr” və “düşmən hərəkətlər” törətməkdə ittiham ediblər.

Nazir Barrot etiraf edir ki, “Avropa müstəvisində Avropa sülh mexanizmi”nin Ermənistana münasibətdə tətbiq edilməsinə nail olublar. Reallıqda isə Fransanın təşəbbüsü və dəstəyi ilə Ermənistanla bağlı “silahlandırma və hərbiləşdirmə mexanizmi” işə salınıb. Avropa İttifaqının (Aİ) digər üzv dövlətlərindən də cəlb olunan hərbi yardımlar nəticəsində Ermənistan sürətlə silahlandırılır, onun 2025-ci il üçün müdafiə xərcləri 20% artırılaraq 1,71 milyard dollar təşkil edəcəkdir. Bu, 3 il əvvəlki hərbi büdcə ilə müqayisədə 3 dəfə (!) artım deməkdir. Regionda de-fakto sülh və sabitlik əldə edildiyi, sülh müqaviləsi üzərində substantiv danışıqların aparıldığı, şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı işlər irəlilədildiyi bir vaxtda müstəmləkəçi keçmişində qanlı hadisələr təcrübəsi olan Fransanın bu niyyəti hansı məkrli məqsədə hesablanıb? Eyni zamanda, bu etiraflar Fransanın Aİ üzv dövlətləri arasında ikinci ən böyük deputat qrupu ilə təmsil olunduğu Avropa Parlamentində cari ilin 24 oktyabr tarixində Azərbaycan əleyhinə qəbul edilmiş qətnamədə yer alan qərəzin də haradan qaynaqlandığını açıqlayır. Qeyd olunub ki, Avropa Parlamenti Avropa Sülh Fondunun Ermənistanın silahlı qüvvələrinin dəstəklənməsinə yönəlmiş fəaliyyətini alqışlayır, Ermənistan və Aİ arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə çağırır. Avropa Parlamenti bəzi üzv dövlətlərin Ermənistana hərbi dəstəyini alqışlayır və digər üzv dövlətlərdən də oxşar dəstək göstərməyi tələb edir.  Azərbaycana münasibətdə isə Fransa Avropa Parlamenti vasitəsi ilə tələb edir ki, Azərbaycanın hərbi və təhlükəsizlik qabiliyyətinin möhkəmlənməsinə töhfə verə biləcək bütün texniki və maliyyə yardımı, eləcə də hərbi və təhlükəsizlik təchizatı ilə bağlı ixracat dayandırılsın. 

Rəsmi Parisin “ənənələrinə” sadiq qalan Fransa-Ermənistan parlamentlərarası dostluq qrupunun rəhbəri Jilber-Lyuk Devinaz da separatçıların müdafiəçisi rolunda çıxış edir. O, lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağdan Ermənistana könüllü şəkildə köç edən ermənilərin və zamanında Xankəndidə yaradılmış oyuncaq rejimin rəhbərlərinin “qayğısına qalıb”. Jilber-Lyuk Devinaz növbəti dəfə özünü Qarabağdan könüllü şəkildə Ermənistana köç edən müəyyən sayda erməninin və  hazırda Bakıda dəmir barmaqlıqlar arxasında saxlanılan keçmiş separatçı rejimin cinayətkar rəhbərlərinin təəssübkeşi kimi göstərib. Bu yaxınlarda isə Fransa parlamentinin təmsilçisi erməni lobbisindən və Yelisey Sarayından gələn sifarişlərə uyğun olaraq noyabrın 11-də COP29-a ev sahibliyi edəcək Azərbaycanın guya “etnik təmizləmə planını” cəzasız davam etdirdiyini bildirib. Bakıda həbsdə olan separatçıları “siyasi xadim” adlandırıb, habelə Qarabağda guya “erməni irsinin məhv edilməsindən” danışıb. 

Fransanın indiki həssas dönəmdə bir tərəfdən Ermənistanı revanşizmə çəkməsi, digər tərəfdən isə Azərbaycana hansısa yollarla təzyiqlər göstərməyə çalışması, Jilber-Lyuk Devinaz kimi parlamentarilər vasitəsilə qarayaxma kampaniyası aparması əslində, yanan odun üstünə yağ tökmək, arzuolunmaz hadisələrə rəvac verilməsi anlamına gəlir.

Yelisey Sarayının Makron başda olmaqla əksər təmsilçiləri kimi, Devinaz da belə siyasətçilərdəndir. O da erməni lobbisinin hərtərəfli dəstəyinin müqabilində Azərbaycana qarşı qurulan çirkin planlarda məmnuniyyətlə yer alır. Əksər Fransa siyasətçilərində olduğu kimi, Devinazın da ermənilərə münasibətdə özünü hədsiz dərəcədə təəssübkeş kimi göstərməsi bu ölkədəki erməni lobbisi ilə çirkin işbirliyindən qaynaqlanır. Fransada təxminən 500 minlik erməni icması var. Ölkənin müxtəlif strukturlarında özlərinə yer edən və yaxşı gəlir imkanlarına malik olan ermənilər burada sistemli fəaliyyətlər həyata keçirirlər.  Erməni lobbisi Türkiyəyə və Azərbaycana qarşı çirkin planlarını həyata keçirməkdən ötrü müxtəlif vasitələrə əl atır.

Əslində, Fransa Ermənistanın gerçək dostudursa, onda sülyaratma prosesinin ikitərəfli formatda irəliləməsinə sevinməli və buna töhfələrini verməlidir. Ancaq biz nə Makron iqtidarı, nə də Fransa parlamenti tərəfindən sülhlə bağlı hər hansı təşəbbüs irəli sürüldüyünün əyani şahidi olmamışıq. Əksinə, müşahidə edilən odur ki, Yelisey Sarayı sülhyaratma prosesinin ikitərəfli formatda irəliləməsinə qısqanclıq və paxıllıqla yanaşır. Amma ermənilərin yançıları unutmamalıdırlar ki, erməniləri Qarabağdan heç kim qovmayıb, onlar könüllü və çox rahat şəkildə Ermənistana köç ediblər. Bizim yeganə qanuni tələbimiz  ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etmələri zərurəti ilə bağlı idi. Ermənilər bunu istəmədilər və köç etməyi üstün tutdular ki, bu da onların hüququdur. Qarabağdan köç edən ermənilərin, separatçıların təəssübünü çəkənlər gərək məlum fikirlərini dilə gətirərkən zamanında Qərbi Azərbaycandan - indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların da geri qayıtmaq hüququnu tanıdıqlarını bildirməli idilər.

Azərbaycan siyasətində beynəlxalq hüquqa, eləcə də ədalət və humanizm prinsiplərinə əsaslanan dövlətdir. Ölkəmizin qapıları yenə də müvafiq şərtlərlə Azərbaycana qayıtmaq istəyən ermənilərin üzünə açıqdır. Bununla yanaşı, Azərbaycan suveren dövlətdir və suveren dövlətin daxili işlərinə qarışmağa özünün neokolonialist ənənəsindən əl çəkməyən Fransanın və bu ölkənin parlamentinin hansısa bir səlahiyyəti yoxdur. Bu gün Yeni Kaledoniyanın, Korsikanın və digər dənizaşırılarının timsalında Fransanın və ümumən Qərbin insan hüquqlarına münasibətini kodlaşdırmaq mümkündür. Bir sözlə, Fransa sərhədlərindən minlərlə kilometr aralıda - keçmiş müstəmləkələrində, konkret olaraq Yeni Kaledoniya, Mayot adaları, Fransız Qvianası və s. bölgələrdə milli azadlıq hərəkatlarını, müstəqillik çağırışlarını qan içində boğur. Yaxşı olar ki, öz gözündə tiri görməyib başqasındakı çöp axtaran rəsmi Paris Azərbaycanı günahlandırmağa çalışmasın və öz daxilindəki problemlərin həllinə başqalarının işinə qarışmaqdan daha çox vaxt ayırsın.

Yaqut Ağaşahqızı, “İki sahil”