01 noyabr 2024 08:46
417

Fransa “mülki missiya”nı niyə fəallaşdırıb?

Gürcüstanda oktyabrın 26-da keçirilmiş parlament seçkiləri hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının qələbəsi ilə başa çatdı. Gürcü xalqı öz siyasi iradəsini ifadə edərək seçimini azad və demokratik şəkildə gerçəkləşdirdi. Bununla da Qərbin, o cümlədən Fransanın Gürcüstanla bağlı bütün planları alt-üst oldu.

Şübhəsiz, Gürcüstanda  Qərbin dəstəklədiyi siyasi qüvvələr, daha doğrusu, buyruq qulu olan qərbyönümlülər hakimiyyətə gəlsəydi, Cənubi Qafqazda arzuolunmaz proseslər baş verərdi. Çünki hakimiyyətə gələnlər Ermənistanla birgə xarici dairələrin vassalı funsksiyasını yerinə yetirəcəkdilər. Yəni, onların sifarişləri əsasında fəaliyyət göstərəcəkdilər. Eyni zamanda, bu, Qərbin, xüsusilə Cənubi Qafqazda möhkəmlənmək məqsədilə dəridən-qabıqdan çıxan və Avropa İttifaqını (Aİ) öz ardınca sürüyən, bu qurumda dominantlıq edən Makron Fransasının regionda təsir imkanlarının artmasına səbəb ola bilərdi. Üstəlik, Gürcüstan ərazisindən ölkəmizə qarşı yeni cəbhənin açılması qaçılmaz olardı. Gürcüstan bu addımı ilə həm də Cənubi Qafqazda Azərbaycanın təklənməsinin qarşısını almış oldu. Sirr deyil ki, Fransa  Ermənistanda olduğu kimi, Gürcüstanda da söz sahibi olmaqla regionu yeni müharibəyə təhrik etmək istəyirdi. Bu mənada gürcü xalqının  seçimi Cənubi Qafqazda sabitlik və təhlükəsizlik baxımından böyük önəm kəsb edir.

 Gürcüstan vasitəsilə Azərbaycana qarşı təsir imkanlarını tamamilə itirdiyini, qonşu ölkədə dayaqlarının sarsıldığını  dərk edən Fransa indi də  qulluğunda müntəzir dayandığı Ermənistan vasitəsilə ölkəmizə qarşı öz iyrənc planlarını daha eybəcər formada gerçəkləşdirməyə çalışır. Belə ki, Gürcüstandakı parlament seçkilərindən 3 gün keçmiş, daha doğrusu, oktyabrın 29-da Ermənistanda “fəaliyyət” göstərən “mülki missiya”nın bir qrupu  Zəngilanla sərhəddə yerləşən Nerkin Hand kəndi yaxınlığına gətirilib.
Yayılan kadrlardan açıq-aydın görünür ki, indiyədək “müşahidəçilər” Aİ-yə məxsus avtomobillərdə hərəkət etdiyi halda, sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanır.
Sərhəd kəndinə gələn avtomobillərdə 6 nəfər mülki geyimli şəxs olub. Həmin şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu da istisna deyil. Bu hadisədən bir qədər keçmiş Fransanın Ermənistandakı səfiri Olivier Dekotini sosial şəbəkələrdəki statusunda yazıb ki, sözügedən məkandan Azərbaycan mövqelərini izləyən Fransa bayraqlı avtomobil bu ölkənin Ermənistandakı səfirliyinin imiş. Amma bu, heç də Azərbaycana qarşı mütəmadi hədyanlar səsləndirən ermənipərəst səfirin xoş niyyətindən xəbər vermir. Çünki Fransanın Ermənistandakı səfirliyinin casusluq fəaliyyətini himayə və birbaşa koordinasiya etməsi istisna deyil. Görünür, bu dəfə casusluq missiyasını, kəşfiyyat materialları toplamağı diplomatik pərdə arxasında fəaliyyət göstərən Fransanın Ermənistandakı səfiri üzərinə götürüb. Hər halda Fransanın Ermənistana  hərbi attaşesini təyin etməsi, həmçinin bu ölkənin Azərbaycana qarşı olan qərəzli mövqeyi belə qənaətə gəlməyə əsas verir. Bu fakt bir daha sübut edir ki, Makron Fransasının bu addımları müşahidə deyil, birbaşa kəşfiyyat xarakterlidir.  Bu, həm də onu təsdiq edir ki, Aİ-nin Ermənistandakı “mülki missiyası”  kəşfiyyatçılardan təşkil edilib. Yeri gəlmişkən qeyd edək ki, həmin “mülki missiya”nın Aİ-yə məxsus olduğu bildirilir. Amma bütün olayları analiz edəndə bir daha aydın olur ki, həmin missiya Fransaya məxsusdur və elə bu səbəbdən Makronun diktəsi ilə fəaliyyət göstərir və günbəgün sayını artırır. Son məlumatlara görə, hazırda bu kontingentin tərkibi 400 nəfərdən ibarətdir. Belə getsə, Makronun sifarişi ilə “missiya”nın getdikcə böyüdülərək Fransanın Ermənistandakı hərbi bazasına çevriləcəyi şəksizdir.

Şübhəsiz, Gürcüstanda hakim partiyanın qələbəsi ilə başa çatan parlament seçkilərindən sonra Qərbin, o cümlədən Fransanın  bu addımı heç də təsadüfi deyil. Belə ki, sözügedən ölkədə ümidlərinin puça çıxdığını görən Fransa  indi bütün diqqətini sürətlə silahlandırdığı Ermənistana yönəldib və  sözə baxan ölkənin, yəni Ermənistanın əli ilə Cənubi Qafqazı çalxalamaq məqsədilə təxribatlar törətməkdə israrlı görünür. Elə son olay da Fransanın, o cümlədən Qərbin yeni təxribatlarından xəbər verir.  Şübhəsiz, bu addımı həm də Ermənistandakı revanşist qüvvələrə dəstək vermək, həm də onları yeni müharibəyə sövq etmək kimi dəyərləndirmək olar.

Yeri gəlmişkən, “mülki missiya” oktyabrın 30-da səhər saatlarında Laçın rayonunun Fətəlipəyə kəndi ilə sərhəddə, Gorus rayonunun Kornidzor kəndi ərazisində yerləşən yolda, günorta isə  Zəngilan rayonu ilə sərhəddə müşahidə aparıb. Oktyabrın 23-də “missiya” Zəngilan isitqamətində "peyda” olmuşdu. Ötən ayın əvvəlində isə “boşməramlı” missiyanın Gorus-Laçın sərhədində daha doğrusu, vaxtilə Xankəndini Ermənistanla birləşdirən yol istiqamətində müşahidələr aparmasi ilə əlaqədar foto və video yayılmışdı. Şübhəsiz, bütün bunları da təşkil edən elə Fransa olub.

Bir məsələni də qeyd edək ki, Fransa özünü sığortalamaq, daha doğrusu, öz maraqları naminə sürətlə silahlandırdığı Ermənistanı dünyaya sülhpərvər dövlət kimi təqdim etmək, yarımçıq sülh müqaviləsini imzalatmaq üçün dəridən-qabıqdan çıxır. Hətta bu günlərdə səfir Olivier Dekotini Ermənistan mətbuatına açıqlamasında bildirib ki, Azərbaycan üçün xüsusi bir məsuliyyət var, xüsusilə də COP29-un təşkilatçısı olaraq: “Bu mərhələdə onların əsas vəzifəsi Ermənistanla sülh müqaviləsini bağlamaqdır. Sülh müqaviləsi üçün şərtlər artıq yaradılıb və mümkün qədər tez imzalanmalıdır. Bu, COP29-a qədər baş verməlidir". Göründüyü kimi, səfir utanıb-qızarmadan Azərbaycanla ultimatum dili ilə danışır. Ancaq  Azərbaycanın narazılığına səbəb olan əsas məsələni aradan qaldırmaqla, yəni ölkəmizə qarşı ərazi iddialarını özündə əks etdirən konstitusiyaya dəyişikliklə bağlı “kiçik baçı”sına  hələ də bir söz  demir. Halbuki, daim regionda sülh və sabitliyin təmin olunması istiqamətində addımlar atan, beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalan və münaqişələrin sülh yolu ilə həllinə dəstək verən  rəsmi Bakı bu məsələ aradan qaldırılmadan sülh sazişinin imzalanmasının qeyri-mümkün olduğunu bir neçə dəfə bəyan edib.

Qvami Məhəbbətoğlu, “İki sahil”