31 oktyabr 2024 19:43
124

COP29 Tədbirlər Planının icrasının davam etdirilməsi üzrə tapşırıqlar verilib

Prezident Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev COP29 Tədbirlər Planının icrasının davam etdirilməsi və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verib.

“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin 8-ci iclasında bildirilib.

S.Nuriyev artıq COP29-a sayılı günlərin qaldığını qeyd edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sonuncu iclasdan ötən dövr ərzində COP29-a ciddi hazırlıq prosesinin daha da sürətləndirildiyini və yekunlaşmaqda olduğunu vurğulayıb. Samir Nuriyev Prezident İlham Əliyevin oktyabrın 17-də Bakı Olimpiya Stadionunda aparılan genişmiqyaslı hazırlıq işləri ilə növbəti dəfə tanış olaraq tapşırıq və göstərişlər verdiyini nəzərə çatdırıb.

Təşkilat Komitəsinin sədri Azərbaycana və Prezident İlham Əliyevə hörmətin bariz nümunəsi olaraq COP29 Liderlər Sammitində 100-dən artıq dövlət və hökumət başçısının, vitse-prezidentlərin iştirakının gözlənildiyini bildirib.

S.Nuriyev Azərbaycanın COP29-da Prezident İlham Əliyevin rəhbərliyi ilə növbəti tarixi uğuruna imza atacağına əminliyini ifadə edib.