Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu ərazisində doqquzmərtəbəli yaşayış binasında 1 nəfərin liftdə qalması, Suraxanı rayonu ərazisində mənzildə 2 azyaşlının bağlı qapı arxasında qalması, habelə Nəsimi rayonunda 1 nəfərin barmağında dəmir halqanın sıxılması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
"İki sahil" FHN-ə istinadən xəbər verir ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si azyaşlı olmaqla 3 nəfər xilas edilib.
Habelə, xilasedicilər tərəfindən həkim briqadasının iştirakı ilə köməyə ehtiyacı olan şəxsin barmağından dəmir halqanın müvafiq qaydada çıxarılması təmin edilib.