02 noyabr 2024 03:01
401

“Gürcü Arzu”sunun qələbəsinə rəng qatmaq istəyənlər kimlərdir?

Gürcüstanın Qərbin “rəngli inqilab” dalğasının ilk məruz qaldığı ölkələrdən biri olduğu hamıya məlumdur. Bu dəfə də həmin dairələr sözügedən ölkəyə eyni aqibəti yaşatmağa çalışdılar. Amma Gürcüstan seçicilərinin əksəriyyəti “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasına, yəni sabitliyə və əmin-amanlığa səs verməklə növbəti fəlakətdən xilas ola bildi. Bununla Gürcüstan Qərbin nazı ilə oturub-durmaq istəmədiyini bir daha bütün dünyaya göstərdi.

Amma Cənubi Qafqazı nəzarəti altına almağa çalışan Qərb, o cümlədən ABŞ 26 oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərində kənardan müdaxilə cəhdlərinə baxmayaraq, “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının qələbəsini, daha doğrusu, “ikinci Saakaşvili”ni hakimiyyətə gətirə bilmədiklərini həzm edə bilmirlər. Elə bu səbəbdən ABŞ Administrasiyasının, Dövlət Departamentinin, Avropa İttifaqının (Aİ), Avropa Şurasının, Avropa Parlamentinin rəsmiləri siyasətçilərə yaraşmayan əsassız arqumentlərlə seçkilərə kölgə salmağa çalışırlar. Məsələn, ABŞ Prezidenti C.Bayden Gürcüstan hakimiyyətinə müraciət edərək, bütün “pozuntuları” şəffaf araşdırmağa və dərhal müxalif siyasi qüvvələrlə dialoqa keçməyə səsləyib. Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad Gürcüstandakı seçki prosesində guya seçicilərə qarşı təzyiq, hədə-qorxu və təhdidlər olduğunu iddia etməklə əgər belə demək mümkünsə lap gül vurub. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə “X” sosial şəbəkəsində bu məsələni noyabr ayının 7-də Avropa Şurasının Budapeştdə planlaşdırılan qeyri-rəsmi iclasının gündəliyinə daxil etmək qərarına gəldiyini bildirib.

Hətta o, belə bir şərt də irəli sürüb: Əgər seçkilərin qalibi olmuş komanda Qərb kursuna sadiqliyini bəyan edən açıqlama yayacaqsa, onun legitimliyi tanınacaq, əks halda seçkilərin nəticələri tanınmayacaq. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də elə buna oxşar bəyanat verib: “Gürcüstan öz siyasi kursunu dəyişməsə, ölkəni ciddi nəticələr gözləyir”. Bu isə o deməkdir ki, həm ABŞ, həm də Qərb hazırda hakimiyyət başında olan “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının rəhbərliyinə sözün həqiqi mənasında ultimatumlar verməkdə davam edir. Başqa sözlə desək, bu ölkəni bölgədə geosiyası maraqlarını güdən Qərbin tələblərinə boyun əyməyə, “Gürcü Arzusu”nu qərbpərəst addımlar atmağa çağırır. Bununla Gürcüstanı rahat buraxmaq istəmirlər. Əminliklə demək olar ki, bu ilin mayında Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbulu ilə başlanan bu qarşıdurma parlament seçkilərindən sonra artıq özünün pik nöqtəsinə çatıb.

Bir sözlə, Qərb seçkilərin nəticələrini şübhə altına almaqla sözügedən ölkədə qarşıdurmalar yaratmağa, əmin-amanlığı pozmağa çalışır. Nə qədər qəribə olsa da bu pozuculuqda Gürcüstanın Prezidenti Salome Zurabişvili lap öndə gedir. Hətta o, Qərbin təhriki ilə parlament seçkilərində bəlli miqdarda səs toplayan dörd müxalifət partiyası, həmçinin qərbyönlü QHT-lər kimi seçkilərin nəticələrini tanımadığını bəyan etməklə yanaşı, tərəfdaşlarını etirazlara çağırıb. Yeri gəlmişkən, müxalifət 4 noyabrda növbəti dəfə mitinq keçirəcəyini elan edib. Amma hələlik görünən odur ki, Qərbin, həmçinin müxalifətin xalqı inqilaba, hakimiyyət dəyişikliyinə çağırması heç bir effekt vermir. Bu isə gürcü xalqının parlament seçkilərində düzgün seçim etməsini, ölkədə söz sahibi olmaq istəyən kənar qüvvələrə öz yerini göstərməkdə israrlı olmasını bir daha təsdiqləyir.

Bütün bunlar bir daha sübut edir ki, Qərbin ağızdolusu danışdığı “demokratiya”, “insan haqları” gözə kül üfürməkdən başqa bir şey deyil. Onu da bildirək ki, oktyabrın 29-da Tbilisidə Macarıstanın Baş naziri Viktor Orban Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə keçirdiyi birgə brifinqdə seçkilərin demokratik keçirildiyini bildirib. Qərbin və ABŞ-ın seçkiləri tənqid etməsinə gəlincə, o, Gürcüstan hakimiyyətinə buna əhəmiyyət verməməyi tövsiyə edib. Bununla da Aİ-nin siyasi kursuna etirazını bildirib. Eyni zamanda, Orban Gürcüstanın Avropa kursunu tərk etməsi ilə bağlı iddiaları gülünc adlandırıb. O, Gürcüstanın onilliyin sonuna kimi Avropa İttifaqına üzv olmağa hazır olacağına əminliyini ifadə edib. Yeri gəlmişkən Brüssel onun bu fikirlərinə belə reaksiya verib: “Orban təşkilatı təmsil etmir”.

Bütün bunlardan belə qənaətə gəlmək olar ki, rəsmi Tbilisinin müstəqil siyasət yeritməsinə qarşı çıxan Qərbin niyyəti Gürcüstana gün ağlamaq deyil, sadəcə, həm bu ölkəni, həm də Cənubi Qafqazı fəlakətə sürükləməkdir. Ona görə də bu dairələr, əgər belə demək mümkünsə qaşınmayan yerdən qan çıxarmaqla öz arzularını reallığa çevirmək istəyirlər. Yəni, Qərb istəyir ki, Gürcüstan Ermənistan kimi marionet olsun, hər an onun köməyi ilə regiona, o cümlədən Azərbaycana ciddi təsir imkanları əldə etsin. Bu isə o deməkdir ki, Gürcüstandan fərqli olaraq, Ermənistan rəhbərliyi üçün müstəqillik, əhalinin firavan yaşaması, eləcə də Cənubi Qafqazda əmin-amanlıq o qədərə də önəmli deyil. Görəsən, Qərbin, xüsusilə Fransa Prezidenti Emmanuel Makronun “layla”ları ilə uyuyan təcavüzkar ölkə yuxudan nə vaxt ayılacaq? Ümumiyyətlə, ayılacaqmı?

Qvami Məhəbbətoğlu, “İki sahil”