02 noyabr 2024 10:40
1118

Bir müraciətin əks-sədası

31 il öncə Ulu Öndər Heydər Əliyevin çağırışı ilə Azərbaycan Ordusunun müzəffər yürüşünə başlanılıb

Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin dördgünlük Aprel döyüşlərində, 2018-ci ilin mayında Günnüt əməliyyatında, 2020-ci ilin iyununda Tovuz döyüşlərində, 2020-ci ilin 44 günlük Vətən müharibəsində  hərb tariximizə  şərəfli səhifələr yazdı. Ötən il sentyabrın 19-20-də ordumuzun bölmələri Qarabağda kök salmış terrorçu-separatçı qüvvələrə qarşı keçirdikləri lokal antiterror tədbirləri zamanı mülki əhaliyə və infrastruktura heç bir ziyan vermədən Azərbaycanın həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdilər. Ordumuz bütün bu uğurları, yəni  əldə etdiyi zəfərləri ilə XXI əsr dünya hərb tarixini heyrətə gətirməyi də bacardı.

Şübhəsiz, bütün bu uğurlarda Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri vardır. Çünki 31 il öncə Ulu Öndər Heydər Əliyevin çağırışı ilə Azərbaycan Ordusunun müzəffər yürüşünün bünövrəsi qoyulub. Belə ki, məhz xalqın böyük dəstəyi və iradəsi ilə Ümummilli Liderin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən cəmi bir ay sonra, yəni 2 noyabr 1993-cü ildə Onun televiziya və radio ilə xalqa müraciətindən sonra xalqımız sözün həqiqi mənasında bir nəfər kimi ölkəmizin müdafiəsinə qalxıb.  Ulu Öndər bu tarixi çıxışında diqqətə çatdırmışdı ki, Ermənistanın təcavüzü nəticəsində ərazilərimiz işğal edilib,  soydaşlarımız həlak olub, yaralanmış, on minlərlə vətəndaşımız yerlərindən didərgin düşərək qaçqına çevriliblər: “Bunun bir hissəsi Azərbaycan Respublikası Sovetlər İttifaqının tərkibində ikən olmuşdur. Ancaq iki ildən artıqdır ki, Azərbaycan Respublikası müstəqil bir dövlətdir. Bu iki il müddətində müstəqil dövlətimiz öz müdafiə qüvvələrini, öz ordusunu yaratmalı idi. Bundan ötrü Azərbaycan Respublikasının bütün imkanları vardı. Ordunu bir gündə, beş gündə, bir ayda, üç ayda yaratmaq mümkün deyil. Ancaq iki il, üç il müddətində ordu yaratmaq, Azərbaycanın etibarlı müdafiəsini təşkil etmək və ərazi bütövlüyünü də təmin etmək mümkün idi. Lakin bu fürsətlər əldən verilib və Azərbaycanın müdafiə imkanları get-gedə möhkəmlənmək əvəzinə zəifləmişdir. Ayrı-ayrı dəstələr, qruplar, yaxud batalyonlar tərəfindən aparılan ayrı-ayrı döyüşlərin hamısı pərakəndə şəkildə olmuş, müxtəlif qüvvələrə, məqsədlərə xidmət etmiş, böyük bir hərbi strategiya, müdafiə strategiyası əsasında, hərbi nizam-intizam əsasında görülən tədbirlər olmamışdır”. Bununla da ölkəmizin ağır durumda olduğunu bildirən Ulu  Öndər, həmçinin  vurğulamışdı ki, Azərbaycanın gələcək taleyi, onun mövcudluğu xalqın öz əlindədir. Düşmən tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarını da azərbaycanlılardan başqa kimsə azad etməyəcəkdir: “İndi bizim ordumuz yaranmalı və qurulmalıdır. Bir də qeyd edirəm, ordumuz ancaq Azərbaycanı müdafiə etmək məqsədi daşıyır. İşğalçılıq məqsədi daşımır. Bizim işimiz haqq işidir, gərək hər bir vətəndaş bunu özünün şərəfli borcu kimi qəbul etsin. Kim özü orduda qulluq edə bilirsə, qoy könüllü surətdə getsin. Kim özü qulluq edə bilmirsə, yanındakıları başa salsın ki, gedib orduda xidmət etmək lazımdır. Yaxud əgər özü orduda qulluq edə bilmirsə, fikirləşsin ki, orduya necə kömək etmək lazımdır. İndi bunların hamısı ən zəruri vəzifələrdir. Bütün xalqa, Azərbaycan vətəndaşlarına müraciət edirəm ki, bu tədbirlərin həyata keçirilməsində fəal iştirak etsinlər”. 

Yeri gəlmişkən onu da qeyd edək ki, bu, Azərbaycan xalqını mübarizəyə səsləyən, ölkəmizdə böyük əks-səda doğuran, cəmiyyətimiz tərəfindən müdafiə olunan dövlət rəhbəri səviyyəsində  ilk müraciət, çağırış olub. Nəticədə ordu sıralarına səfərbər olunan könüllülərin sayəsində 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Füzuli istiqamətind əməliyyatlar həyata keçirilib, işğal olunmuş bəzi yaşayış məskənləri, strateji yüksəkliklər düşməndən azad edilib. Həmin günlərdə Ümummilli Lider demişdir: “Qarşıda Füzuli rayonunun digər hissələri var, Cəbrayıl var, Zəngilan var, Qubadlı var, o yandan Ağdam, digər rayonlar var. Bunların hamısını biz azad etməliyik”.

2 noyabr həm də ölkəmizin tarixinə yeni ordu quruculuğunun əsasının  qoyulduğu gün kimi də daxil olub. Məhz bundan sonra Azərbaycanda ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində görülən işlər yeni fazaya daxil olub, mərkəzi komandanlığa tabe olmayan bütün silahlı birləşmələri ləğv edilərək ayrı-ayrı qoşun növlərinin  formalaşdırılmasına, daha doğrusu, nizami ordunun təşkilinə başlanılıb. 2003-cü ildən respublikamıza rəhbərlik etməyə başlayan Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin döyüş imkanlarının artırılmasını daim diqqət mərkəzində saxladı, bu istiqamətdə davamlı şəkildə hərbi islahatlar həyata keçirdi. Nəticədə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.

Qvami Məhəbbətoğlu, “İki sahil”