Hazırda COP29 tədbirləri ilə bağlı müxtəlif saxta resursların yaradılması müşahidə olunur. Onlardan bir qismi informasiya manipulyasiyasına hədəflənmiş resurslar olsa da, bir çoxu kiberdələduzlar tərəfindən yaradılmış saxta resurslardır.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.
Məlumata görə, kiberdələduzlar qeydiyyat, eləcə də tədbir çərçivəsində müxtəlif iş yerlərinin açılması ehtimalından sui-istifadə edərək məşğulluq platformalarında saxta məlumatlar yerləşdirməkdədirlər.
“Oktyabr ayı ərzində idarəetmə mərkəzi ilə birgə 11 belə saxta informasiya resursu aşkarlanaraq ölkə üzrə bloklanması təmin edilib. Hal-hazırda digər dövlət qurumları ilə yanaşı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti də COP29-la bağlı imzalanmış “Ev sahibi ölkə” sazişinin icrasının təmin edilməsinə cəlb olunub. Qeyd olunan sazişdə tədbirlərin keçiriləcəyi dövr ərzində hökumətin kifayət qədər ciddi öhdəlikləri qeyd olunub. Xidmət üzərinə düşən öhdəlikləri Əməliyyat Şirkəti ilə birlikdə uğurla həyata keçirmək və belə mötəbər tədbirin yüksək səviyyədə başa çatması üçün bütün lazımi tədbirləri görəcək”, - deyə XRİTDX-nin məlumatında vurğulanıb.
AZƏRTAC