02 noyabr 2024 15:10
314

UNESCO-nun erməni təəssübkeşliyi... - ŞƏRH

Erməni vandallarının otuz illik işğal dövründə Qarabağdakı mədəni abidələrimizin, həmçinin Ermənistanda Azərbaycan mədəni irsinin kütləvi şəkildə dağıdılması ilə bağlı kifayət qədər tutarlı faktlar var.  Təkcə bir faktı xatırladaq ki, 1987-ci ildə başlanan etnik tə¬mizləmədən sonra Ermənistan ərazisində azərbaycanlılara məxsus 3500 tarixi və mədəni abidə, 500 qəbiristanlıq, 391 məs¬cid yerlə-yeksan edilib. Qarabağ və ətraf rayonlarında isə  haylar 60-dan çox məscidi, 44 məbədi, 473 tarixi abidəni, saray və muzeyi dağıdıblar. 

Rəsmi Bakı hələ işğal dönəmində, həmçinin ərazilərimiz azad edildikdən sonra da bununla bağlı müxtəlif qurumlara, o cümlədən UNESCO-ya dəfələrlə müraciət etmiş və faktaraşdırıcı missiyaların təşkilinə cəhdlər göstərmişdir. Amma buna məhəl qoyulmamışdır. Başqa sözlə desək, UNESCO müxtəlif izahlarla öz missiyasını Qarabağa, həmçinin Ermənistana göndərməkdən imtina etmiş, vandalizmin miqyasını sənədləşdirməkdən yayınmışdır. Bu mənada demək olar ki, ərazilərimizdə dağıdılan hər bir evdə, uçurulan hər bir məbəddə, ziyarətgahda Ermənistanla yanaşı, uzun illər boyu bu cinayətlərə göz yuman beynəlxalq qurumların da “əməyi” vardır. Amma İkinci Qarabağ müharibəsindən, həmçinin Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal antiterror  əməliyyatından sonra UNESCO  yaman “aktiv”ləşib. 

Hətta iş o yerə çatıb ki, bu qurumun Mədəniyyət və Fövqəladə Hallar Təşkilatının direktoru Krista Pikkat heç bir fakta əsaslanmadan, hayların dezinformasiyaların əsasında Azərbaycan ərazisindəki mədəni abidələr ilə bağlı Ermənistanın iddiaları əsasında ölkəmizə missiya göndərilməsi iddiası ilə çıxış edib. Halbuki, UNESCO-nun müraciətlərimizin mahiyyəti üzrə cavabsız qalmasına aydınlıq gətirmək əvəzinə, Ermənistanın əsassız iddialarına yer verməsi qəbuledilməzdir. Elə bu səbəbdən Qərbi Azərbaycan İcması bu məsələ ilə bağlı UNESCO-ya müraciətində bildirib: “Biz UNESCO-dan Azərbaycana və xalqımıza qarşı böhtan və ayrı-seçkiliyə son qoymağı, Azərbaycan mədəni irsinin Ermənistan tərəfindən dağıdılması ilə bağlı öz vəzifə borcunu nəhayət yerinə yetirməyi, o cümlədən bu ölkəyə xüsusi monitorinq missiyası göndərməyi tələb edirik”.

Digər tərəfdən, indiyədək ölkəmizdə heç bir erməni abidəsinə xələl gətirilməsi faktı qeydə alınmayıb. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycanın suveren ərazilərində yerləşən tarixi və dini abidələrimiz milli-mədəni irsimizdir və mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq qorunur. Yəni, ölkəmizdə dini abidələrə, dini-mənəvi dəyərlərimizə dövlət səviyyəsində çox böyük diqqət və qayğı var. Azərbaycanda dövlət-din münasibətləri çox yüksək səviyyədə tənzimlənir. Bu münasibətlər başqa ölkələrə bir örnəkdir. Bu mənada mədəni irsin dağıdılmasından söhbət gedə bilməz. Yəni, Krista Rikkatın  Qarabağdakı xristian abidələrinin “məhv olma təhlükəsi” ilə üz-üzə qalmasında  heç bir əsas yoxdur. Bu isə o deməkdir ki, onun ölkəmizlə bağlı söylədikləri tamamilə cəfəngiyyatdır. Bu cəfəngiyyatın arxasında isə erməni lobbisinin pul kisələri açıq-aydın görünür.
Şübhəsiz, Krista Pikkatın bu mövqeyi  ikili standartlardan çıxış etdiyini deməyə əsas verir. UNESCO-nun Azərbaycan xalqına qarşı dini və etnik əsasda nümayiş etdirdiyi bu ayrı-seçkilik həm də bu təşkilatın ölkəmizə qarşı hədyanlar yağdırmaqda davam edən Makron Fransasının əlində anti-Azərbaycan siyasət üçün bir alətə çevrildiyini bir daha göstərir. Halbuki, UNESCO təkcə Fransaya deyil, bütün beynəlxalq ictimaiyyətə məxsusdur.  Şübhəsiz, bu iddianı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Fransanın növbəti təxribatı kimi də dəyərləndirmək olar.

Qvami Məhəbbətoğlu, “İki sahil”