18 oktyabr 2025 15:15
160

Azərbaycanın humanitar diplomatiyasının yeni zirvəsi - ŞƏRH

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xarici siyasət fəaliyyətinin əsas istiqamətlərindən biri humanitar diplomatiyadır. Onun fəaliyyəti yalnız dövlət idarəçiliyi ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə humanist dəyərlər, mədəni irs, təhsil və sağlamlıq sahələrində təşəbbüskar mövqeyini nümayiş etdirir. Mehriban Əliyevanın xarici siyasət fəlsəfəsində humanitar diplomatiya siyasi maraqları tamamlayan, lakin onlardan fərqli olan bir istiqamətdir. Bu yanaşma xalqlar arasında qarşılıqlı hörmət, mədəni dialoq və sülhün təşviqi prinsiplərinə əsaslanır. Onun təşəbbüsləri vasitəsilə Azərbaycan dünyada mədəni müxtəlifliyin qorunması, təhsilin əlçatanlığı, qadınların və uşaqların hüquqlarının müdafiəsi kimi sahələrdə aktiv tərəfdaş kimi tanınır. Birinci vitse-prezident hesab edir ki, dövlətin beynəlxalq nüfuzu təkcə iqtisadi və siyasi güc üzərində deyil, həm də humanist dəyərlərin qorunmasına yönəlmiş fəaliyyət üzərində qurulmalıdır. Bu baxımdan o, Azərbaycanın xarici siyasətində mənəvi və etik ölçülərin gücləndirilməsinə xüsusi diqqət ayırır.

Mehriban Əliyevanın humanitar yönlü xarici siyasəti Azərbaycanın beynəlxalq müstəvidə yumşaq gücünü artırmaqla yanaşı, ölkənin mədəni, mənəvi və sosial dəyərlər üzərində qurulan yeni diplomatik modelini formalaşdırır. Onun rəhbərliyi ilə həyata keçirilən humanitar təşəbbüslər göstərir ki, Azərbaycan təkcə regional güc deyil, həm də humanist dəyərlərin daşıyıcısı kimi beynəlxalq birliyin fəal üzvüdür.  Bu siyasətin davamı kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 16-da Vatikanda Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvinin müşayiəti ilə bazilikada Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və tikinti işləri ilə tanış olub. Bu təşəbbüs, Azərbaycanın mədəni irsin qorunması və dünya sivilizasiyasına hörmət prinsipinə əsaslanan humanitar fəaliyyətinin parlaq nümunəsidir. Layihə, müxtəlif dinlər və mədəniyyətlər arasında dialoqun möhkəmləndirilməsinə, qarşılıqlı anlaşma və tolerantlıq ənənələrinin təşviqinə xidmət edir. Belə humanitar layihələr Azərbaycanın beynəlxalq aləmdə sülh, mədəniyyət və mənəvi dəyərlərin qorunmasına yönəlmiş siyasətinin ardıcıl şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir.

Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Taca -Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşüb. Görüş zamanı Mehriban Əliyeva Roma Papası XIV Leo tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirib və Azərbaycan ilə Vatikan arasında son illərdə formalaşan yüksək səviyyəli münasibətlərin önəmini vurğulayıb. O qeyd edib ki, iki tərəf arasında əlaqələr humanitar və mədəni müstəvidə dinamik inkişaf mərhələsinə qədəm qoyub, qarşılıqlı etimad və hörmət prinsipləri üzərində qurulub.
Birinci vitse-prezident diqqətə çatdırıb ki, Heydər Əliyev Fondu son illərdə Vatikanla əməkdaşlıq çərçivəsində bir sıra mühüm layihələr həyata keçirib. Bu layihələr təkcə mədəni irsin bərpasını deyil, həm də elmi araşdırmaların, mədəni mübadilələrin və dini-mədəni dialoqun genişləndirilməsini əhatə edir. Mehriban xanım Əliyeva qeyd edib ki, Fondun Vatikanla birgə imzaladığı sazişlər əsasında bir çox bərpa və konservasiya layihələri uğurla başa çatdırılıb, bəzilərinin icrasına isə artıq başlanılıb. Bu fəaliyyət, Azərbaycanın dünya mədəni irsinin qorunması və dinlərarası harmoniya dəyərlərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasətinin tərkib hissəsidir.

Birinci vitse-prezident həmçinin vurğulayıb ki, Heydər Əliyev Fondu gələcəkdə də Müqəddəs Taxt-Tacla əməkdaşlığı yeni təşəbbüslər əsasında genişləndirməyi planlaşdırır. Onun sözlərinə görə, bu əməkdaşlıq xalqlar arasında qarşılıqlı anlaşma, mədəni həmrəylik və mənəvi dəyərlərin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Vatikanda keçirilən bu görüş və həyata keçirilən layihələr, Mehriban Əliyevanın rəhbərlik etdiyi humanitar siyasətin beynəlxalq miqyasda sülh, tolerantlıq və mədəni irsə hörmət kimi dəyərləri ön plana çıxardığını bir daha sübut edir

Roma Papası ilə səmimi və məhsuldar görüşdən sonra Birinci vitse-prezident Mehriban Əliyeva Vatikanda digər yüksək səviyyəli görüşlərini davam etdirib. Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. Görüş zamanı Raffaella Petrini, Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələrə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını ifadə edib. O, Fondun təşəbbüsü ilə reallaşdırılan bərpa və mədəni irs layihələrinin təkcə dini-mədəni dəyərlərin qorunmasına deyil, həm də insanlıq, dostluq və mənəvi həmrəylik prinsiplərinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Vatikan rəsmisi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca səfərlərini və bu səfərlərin nəticəsində yaranan əməkdaşlıq mühitini yüksək qiymətləndirib. O, Mehriban Əliyevanın qarşılıqlı anlaşma, dinlərarası dialoq və mədəni əlaqələrin inkişafına verdiyi dəyərli töhfələrə görə təşəkkürünü bildirib. Raffaella Petrini qeyd edib ki, belə təşəbbüslər xalqlar arasında dostluğun, qarşılıqlı hörmətin və mədəni yaxınlığın inkişafına mühüm təsir göstərir. Görüş zamanı vurğulanıb ki, Azərbaycan ilə Vatikan arasında qurulan bu səmimi əməkdaşlıq, dinlər və mədəniyyətlər arasında harmoniya və sülhün bərqərar olması baxımından nümunəvi xarakter daşıyır. Bu görüş, Mehriban Əliyevanın humanitar yönlü xarici siyasətinin mahiyyətini bir daha təsdiqləyir. Onun təşəbbüsləri milli sərhədləri aşaraq beynəlxalq mədəni həmrəyliyin və mənəvi birliyin güclənməsinə yönəlmişdir.

Dinlərarası anlaşma və mədəniyyətlərarası dialoqa sadiqliq

Bu siyasət, dövlətin xarici əlaqələrində insani dəyərlərin önə çəkilməsini təmin edir və Azərbaycanın müasir dünyada sülh, mədəniyyət və inkişafın təbliğatçısı kimi mövqeyini möhkəmləndirir. Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana səfəri beynəlxalq ictimaiyyətin, eləcə də Azərbaycan diplomatik dairələrinin diqqət mərkəzində olub. Azərbaycan Prezidentinin köməkçisi- Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Hikmət Hacıyev ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikan səfəri barədə "X" hesabında paylaşım edib. Prezident köməkçisi Birinci viyse-prezident Mehriban Əliyevanın Roma Papası XIV Leo ilə görüşünün Azərbaycanın dinlərarası anlaşma və mədəniyyətlərarası dialoqa sadiqliyini nümayiş etdirdiyini ifadə etməsinə diqqət çəkib."Bu səfər Azərbaycanın mədəni və humanitar diplomatiyasının parlaq nümunəsidir. Azərbaycanın katolik xristian irsinin bərpasına verdiyi dəstək və bu sahədə uzunmüddətli əməkdaşlığı ölkənin tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə sadiqliyini təsdiqləyir". Hikmət Hacıyev müsəlman əhalinin çoxluq təşkil etdiyi, eyni zamanda xristian, yəhudi və digər dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı dünyəvi Azərbaycanın bu gün inklüzivlik, dözümlülük və multikultural harmoniyanın parlaq nümunəsi olduğunu vurğulayıb."Qadınların gücləndirilməsi və bərabər imkanların təminində mühüm təcrübəyə malik Azərbaycan Cənubi Qafqazı sülh və sabitlik məkanına çevirərək, qlobal miqyasda sülh, dialoq və əməkdaşlığa əsaslanan müsbət gündəliyi irəli aparır".

Qeyd edək ki, Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanın mədəni irsinin qorunması və təbliği beynəlxalq əməkdaşlığın mühüm hissəsinə çevrilib. Onun rəhbərlik etdiyi layihələr vasitəsilə Azərbaycan mədəniyyəti beynəlxalq qurumlar səviyyəsində tanıdılıb. Bu istiqamət, ölkənin qədim tarixini və tolerant mədəni dəyərlərini dünyaya təqdim etməklə yanaşı, qlobal mədəni dialoqa töhfə verir. Bu fəaliyyət həm də Azərbaycanın beynəlxalq imicinin formalaşmasına xidmət edir. Mehriban xanım Əliyeva mədəniyyətin diplomatik vasitəyə çevrilməsi modelini uğurla həyata keçirir. Mədəniyyət  siyasətin yumşaq, lakin təsirli forması kimi onun humanitar missiyasının əsas dayağıdır. Mehriban Əliyeva üçün humanitar diplomatiyanın əsas istiqamətlərindən biri də təhsil və sağlamlıq sahəsində beynəlxalq əməkdaşlığın qurulmasıdır. O, sosial layihələr vasitəsilə təhsilin keyfiyyətinin artırılması, təhsil bərabərliyinin təmin edilməsi və tibbi yardımın əlçatanlığının genişləndirilməsini dəstəkləyir. Bu, Azərbaycanın xarici siyasətində humanitar məsuliyyət və sosial ədalət prinsipinin təzahürüdür.
Bu istiqamətdə həyata keçirilən layihələr ölkənin yalnız siyasi deyil, həm də sosial tərəfdaş kimi beynəlxalq etimad qazanmasına şərait yaradır. Beləliklə, humanitar diplomatiya Azərbaycanın qlobal səviyyədə etibarlı, yardımsevər və əməkdaşlığa açıq dövlət obrazını möhkəmləndirir.
Mehriban Əliyevanın fəaliyyəti təkcə milli maraqlara deyil, həm də ümumbəşəri dəyərlərin qorunmasına xidmət edir. O, münaqişələrdən zərər çəkmiş əhalinin sosial müdafiəsi, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi kimi məsələlərin beynəlxalq gündəmdə saxlanmasına önəm verir. Bu, Azərbaycanın xarici siyasətində insan amilinin mərkəzə çəkilməsi deməkdir.

Şəmsiyyə Əliqızı, “İki sahil”