02 noyabr 2024 15:51
251

Gürcüstanlı deputat: COP29-un Azərbaycanda keçirilməsi Cənubi Qafqaz üçün mühüm hadisədir

İqlim dəyişikliyi kimi qlobal məsələlərin Cənubi Qafqazda müzakirə olunması çox mühümdür.

“İki sahil” xəbər verir ki, bunu "Report"un yerli bürosuna açıqlamasında Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze deyib.

O, COP29-un Azərbaycanda keçirilməsinin Gürcüstan və bütövlükdə region üçün də vacib hadisə olduğunu vurğulayıb:

“Mən ilk növbədə qardaş və dost Azərbaycanı beynəlxalq səviyyəli tədbirə ev sahibliyi münasibətilə təbrik edirəm. Bu tədbirin Bakıda təşkil olunması həm Cənubi Qafqaz, həm də Azərbaycanın özü üçün olduqca əhəmiyyətlidir. COP29-un Azərbaycanda keçirilməsi Gürcüstan üçün də vacib və sevindirici hadisədir”.

N.Samxaradzenin sözlərinə görə, COP29-un keçiriləcəyi ölkə statusunun əldə edilməsi Azərbaycanın bütün dünyada böyük nüfuza malik olmasının göstəricisidir:

“Biz bu konfransın Bakıda təşkil olunacağına çox sevinirik. Ötən həftə Gürcüstanda parlament seçkiləri keçirildi. Yaxın günlərdə parlament yeni tərkibdə toplanacaq və biz Azərbaycanla əlaqələrin genişləndirilməsini diqqət mərkəzində saxlayacağıq.

Əminəm ki, qarşıdakı dörd ildə Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətləri daha da dərinləşəcək. İqlim dəyişikliyi qlobal problemdir və Qafqaz regionuna da təsirsiz ötüşmür. Biz də parlamentarilər olaraq, bu məsələləri davamlı müzakirə edəcəyik”.