Ağrı dərman müalicəsinə cavab vermədikdə, ağrı mərkəzlərinə müraciət etmək daha uyğundur
Nevralgiya və neyropatiya travmalar, şəkərli diabet, infeksion xəstəlikləri zamanı yaranan və bəzən də mənşəyi məlum olmayan sinir zədələnməsi ilə əlaqəli ağrılardır.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Mərkəzi Klinikanın reanimasiya şöbəsinin müdiri, alqoloq Vüqar Abdulkərimov bildirib.
Həkim deyib: “Neyropatik ağrılar ən çox infeksion xəstəliklər, herpes zoster, kimyəvi terapiya, şüa müalicəsi və cərrahi əməliyyat sonrası, şiş toxumasının siniri sıxması, onurğa-beyin sinirlərində sıxılma, şəkərli diabet, tiroid xəstəlikləri, anemiya, sinirlərdə genetik pozuntular, yaşla əlaqədar dəyişikliklər və insult kimi səbəbindən meydana çıxır. Neyropatiyalar kəskin, zonquldayıcı, yandırıcı və elektrik vurmasını xatırladan hissiyyat yaradır. Belə ağrılar gecələr daha da şiddətlənə bilir. İnsult sonrası və şəkər xəstəliyi zamanı ağrı davamlı olur. Trigeminal və oturaq sinir (siatik) nevralgiya ağrıları isə adətən geçicidir.
Ümumiyyətlə neyropatik ağrı tipləri müxtəlif olur. Bunlara allodiniya, hiperalgeziya və dizesteziyanı misal çəkmək olar.
Allodiniya-ağrı qıcığı törətməyən əşyalara toxunduqda yaranan ağrı hissidir. Buna paltarın bədənə toxunuşu zamanı ağrı hissinin yaranmasını da misal çəkmək olar.
Hiperalgeziya-yüngül ağrı törədən qıcıqlara artmış cavab reaksiyasıdır. Bu misal üçün birinin qoluna toxunduqda şiddətli ağrı hissinin olmasıdır.
Dizesteziya-iynə sancması və qarışqa gəzintisinə bənzər narahatedici hissiyyatdır. Bunlar ürpərmə, qıdıqlanma və ya şişkinlik tərzində narahat edən hisslərdir.
Ağrının səbəbini dəqiqləşdirmək üçün rentgenoloji müayinə, qan təhlilləri və nevroloji testlərdən keçmək mütləqdir. Müayinələrə əlavə olaraq nevropatoloq, beyin cərrahı və terapevtin müayinəsi də məsləhət görülə bilər.
Müalicə üsullarına gəldikdə isə istifadə olunan ağrıkəsicilərin böyük əksəriyyəti neyropatik ağrılar zamanı heç bir fayda vermir. Bu ağrılar zamanı antidepresant və antiepileptik dərmanların istifadəsi daha məsləhətdir. Bunlar tək və ya digər dərmanlarla istifadə oluna bilər. Bu dərmanların təsiri günlər, bəzi hallarda isə həftələr sonra başlayır. Bu səbəbdən ağrıya təsir göstərməməsinə baxmayaraq dərman qəbulunu davam etdirmək lazımdır. Onu da qeyd edim ki, bu preparatlar ağrını tam aradan qaldırmasa da dözüləbilən hala gətirir. Onu da qeyd edim ki, həkim tərəfindən təyin olunmayan hər bir dərmanın qəbulu təhlükəlidir.
Ağrı dərman müalicəsinə cavab vermədikdə sinir blokları etmək üçün müvafiq ağrı mərkəzlərinə müraciət etmək daha uyğundur.
Neyropatik ağrıların əlavə müalicəsi olaraq fizioterapiya, masaj, isti və ya soyuq tətbiqi, elektronik siniri qıcıqlandıran cihazları, mentol və ya lidokain kimi anestezik kompreslər, ağrıya səbəb olan sinirin cərrahi üsulla kəsilməsini tətbiq etmək olar. Ağrını blokadaya almaq üçün lokal anesteziya, kortizon və ya başqa dərmanların inyeksiyası, radiofrekans cihazdan istifadə etmək olar. Sinirə və ya ətrafına edilən dərman inyeksiyası siniri uyuşdurur. Bu zaman ağrının olduğu nahiyədə uyuşuqluq əmələ gələr ki, bu da keçici və ya qalıcı ağrının kəsilməsinə səbəb olar”.