04 noyabr 2024 11:25
185

Azərbaycan xalqı 44 gündə qüdrətini göstərdi

İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın  sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin əsas prioriteti və strateji hədəfi olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, müstəqilliyimizin, suverenliyimizin qarantı olan Ordumuzun qüdrətinin, gücünün artırılması istiqamətində zəruri olan addımları atdı. Ordu quruculuğu dövlətimizin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsidir. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edir. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi,  müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınıb.

Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Ölkəmizdə  son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.

Təbii ki, ölkəmizin bütün sahələrdə inkişafında iqtisadi tərəqqi əsas rol oynayır. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi.

İqtisadi müstəqilliyin təmin edilməsi ölkəmizin siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazandı. Ölkəmizin xarici siyasət uğurları davamlılığı ilə diqqətdə oldu. Bütün bunlar öz növbəsində Qarabağ münaqişəsinin həllində möhkəm hüquqi baza yaratdı.

Artıq dörd  ildir tarixi Zəfərimizin sevincini yaşayırıq. 10 noyabr 2020-ci ildə üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın hərbi-siyasi Qələbəsi, Ermənistanın kapitulyasiyası təsdiqləndi. Cənab İlham Əliyev həmin tarixdə xalqa müraciətində böyük qürur hissi ilə bildirdi: “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”.

Hazırkı dövrün əsas hədəflərindən biri də işğaldan azad edilmiş ərazilərimizin bərpası, yenidən qurulmasıdır. Dörd ildir ölçüyəgəlməz dərəcədə görülən işlər ölkəmizin malik olduğu imkanları təqdim etməklə yanaşı, tarixi Zəfərimizin  reallıqlarının təqdimatı və qəbuludur. Qarabağımız və Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıtmalarından sevinclidirlər.

Qeyd etdiyimiz kimi, azad edilmiş bütün torpaqlarımızda dalğalanan Azərbaycan Bayrağı kimliyimizi dünyaya təqdim edir. 9 Noyabr-Dövlət Bayrağı Günündə Zəfərlərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən  böyük qürur hissi ilə bəhs edir, belə güclü, qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanın vətəndaşı olmağımızla fəxr edirik. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Bu gün müasir müstəqil Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Daxili siyasətimizin davamı olan xarici siyasət uğurlarımız davamlılığı ilə diqqət çəkir. Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Ölkəmizin təmsil olunduğu beynəlxalq təşkilatlarla, onlara üzv dövlətlərlə əlaqələri yüksələn xətlə inkişaf edir. Bu gün Azərbaycanın beynəlxalq aləmdə iqtisadi möcüzələr, demokratik ölkə, iqtisadi, siyasi, humanitar mərkəz kimi tanınmasında, özünə layiqli yer tutmasında da bayrağımız şahidlik edir. Regional əməkdaşlıqdan beynəlxalq əməkdaşlığa doğru inamla irəliləyən Azərbaycan bu gün dünyanın enerji təhlükəsizliyinin təminatçısı, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. İqtisadi imkanların artması hər sahədə uğurlu addımların atılmasına, insan amilinə dəyərdən qaynaqlanan işlərə böyük stimul verir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, neft kapitalı insan kapitalına çevrilib. Azərbaycanın hər bir uğurunun bələdçisi olan Dövlət Bayrağımız qürur mənbəyimizdir.

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı  Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi təsis edildi. Müstəqil Azərbaycanın Dövlət Bayrağının rəsmiləşdirilməsinə gəldikdə 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etdi.  Onu da qeyd edək ki,  “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanun ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Həmin Qanunla Azərbaycanın  Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr, Dövlət bayrağının qaldırılmalı və yerləşdirilməli olduğu yerlər, təsvirinin istifadəsi, həmçinin rəsmi tədbirlər zamanı, matəm günlərində və matəm mərasimlərində istifadəsi, digər bayraqlarla birgə qaldırılması  və ya yerləşdirilməsi, habelə Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilmişdir. Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağımız milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildi. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Bayrağımıza hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.

Samir Qocayev,
​YAP Goranboy  rayon təşkilatının sədri