04 noyabr 2024 12:34
238

Qarabağ Zəfəri Azərbaycan Prezidentinin müdrik siyasi və hərbi diplomatiyasının məntiqi yekunudur - Ağalar Vəliyev

Xalqımız 8 Noyabr - Zəfər Gününü haqlı olaraq böyük sevinc və qürur hissi ilə qeyd edir. Vətən müharibəsində qazanılan tarixi Qələbənin arxasında isə, heç şübhəsiz, müdrik siyasi və hərbi diplomatiya, xalq-dövlət birliyi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dərin zəkası, uzaqgörən siyasəti dayanır. Tarixdə misli görünməmiş tarixi Qələbəyə imza atmış Azərbaycan bu gün regionun lider dövləti kimi beynəlxalq proseslərdə mühüm rol oynayan aktora çevrilib.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.

Millət vəkili bildirib ki, işğal altında olmuş torpaqlarımızın azad edilməsi bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Azərbaycan zaman-zaman torpaqlarının itirilməsinə, xalqımız soyqırımları, deportasiyalara məruz qalıb. Bütün bunlara baxmayaraq, beynəlxalq təşkilatlar, xüsusilə BMT ölkəmizə qarşı bu cür ədalətsizliklərə heç vaxt adekvat reaksiya verməyib. BMT Təhlükəsizlik Şurasının ölkəmizin işğal olunmuş əraziləri ilə bağlı qəbul etdiyi qətnamələr isə kağız üzərində qalmış, işğalçıya qarşı heç bir ciddi tədbir görülməmişdir. Belə olan halda, təbii ki, Azərbaycan öz məsələsini özü həll etmək məcburiyyətində qaldı.

Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin sonlarından başlayan iqtisadi inkişaf məntiqi nəticəyə hesablanmışdı – torpaqlarımızın işğaldan azad edilməsi. Ümummilli Liderin başlatdığı və Prezident İlham tərəfindən uğurla davam etdirilən Azərbaycanın iqtisadi inkişafı onun hərbi qüdrətinin, beynəlxalq nüfuzunun artmasına gətirib çıxardı. Ordumuzun döyüş qabiliyyətinin artırılması, milli müdafiə sənayemizin inkişafı ölkəmizi Qələbəyə yaxınlaşdırırdı.

Prezident İlham Əliyev də bununla bağlı demişdir: “Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq”.

Deputat qeyd edib ki, Aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz döyüşləri və digər tədbirlər artıq Azərbaycanın böyük Qələbəyə doğru irəlilədiyini göstərirdi. Beləliklə, 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən hərbi əməliyyatlar Azərbaycanın böyük Qələbəsi ilə nəticələndi. Bu, təkcə hərbi zəfər deyil, eyni zamanda, ədalətsizlik üzərində qələbədir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir.

Prezident İlham Əliyevin ali baş komandanlığı ilə döyüş meydanında tarix dərslərinə salınan hərbi əməliyyatların aparılması Ordumuzun peşəkarlığının nümunəsi idi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Qarabağda erməni separatizminin kökü birdəfəlik kəsildi. Prezident İlham Əliyevin antiterror əməliyyatından cəmi təqribən bir ay sonra azad Xankəndidə, Xocalıda, Əsgəranda və digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağını ucaltması ölkəmizin Qələbəsini həzm edə bilməyən aktorlara da bir mesaj oldu – Cənubi Qafqazda söz sahibi Azərbaycandır və bütün dünya bunu qəbul etməlidir.

“Bəli, bu gün bütün dünya Azərbaycanın Qələbəsini və onun regional liderliyini qəbul edir. Ölkəmizin beynəlxalq arenada rolunun getdikcə artması, xüsusilə Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin bir sıra nüfuzlu beynəlxalq tədbirlərə fəxri qonaq qismində dəvət olunması Azərbaycanın mühüm aktor kimi rolunun təsdiqidir. Bu gün Azərbaycanın yürütdüyü siyasət bütün dost ölkələr tərəfindən dəstəklənir və yüksək qiymətləndirilir”, - deyə A.Vəliyev əlavə edib.

Milli Məclisin deputatı vurğulayıb ki, Qarabağ Zəfəri həm də Azərbaycan xalqının ətrafında “dəmir yumruq” kimi birləşdiyi Liderinə sonsuz etimadının, Vətənə məhəbbətin aydın ifadəsi oldu. Bu gün Azərbaycan xalqı şanlı Zəfəri ilə fəxr edir, qürur duyur və bu Qələbənin əbədiləşdirilməsi istiqamətində məqsədyönlü, prinsipial addımlar atılır. Noyabrın 8-i bütün Azərbaycan üçün ən şanlı gün və uzun illər həsrətində olduğu Zəfər Günüdür. Bu, uzun, keşməkeşli, lakin şərəfli  yolun sonunda ləyaqətlə qazanılmış tarixi nailiyyətdir.