04 noyabr 2024 15:57
144

8 Noyabr Zəfəri Azərbaycanın işğalla heç vaxt barışmayacağı ilə bağlı prinsipiallığını ortaya qoydu - Deputat

8 Noyabr Zəfəri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, peşəkarlığının təntənəsidir.

“İki sahil” xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova söyləyib.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarından sonra Azərbaycanın BMT Nizamnaməsində əksini tapan özünümüdafiə hüququndan yararlanaraq təcavüzkarı sülhə məcbur etmək, ərazilərinin işğalına son qoymaq məqsədilə əks-hücum əməliyyatına başladığını xatırladan deputat deyib: “44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz əsl qəhrəmanlıq dastanı yazdı. Bununla da ərazilərimizin Ermənistan tərəfindən otuzillik işğalına son qoyuldu və ərazi bütövlüyümüz təmin edildi. Bununla yanaşı, Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirildi. Müharibə zamanı döyüş meydanında ağır məğlubiyyətə düçar olan təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror aktları həyata keçirdi. Ancaq düşmənin müharibə cinayətləri Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi. Çünki xalqımız yalnız qələbəyə köklənmişdi və onu bu yoldan döndərmək mümkünsüz idi”.

Həmin il noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşanın işğaldan azad edildiyini bildirən deputat diqqətə çatdırıb ki, bu şəhərin azad edilməsi istiqamətində görülən tədbirlər dünya hərb tarixinə düşəcək nadir əməliyyatlardan olub. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynadı. “Dəmir yumruq” qarşısında tab gətirə bilməyəcəyini anlayan Ermənistan məğlubiyyətini etiraf etməli idi və belə də oldu. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları azad olunmalı, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları təmin edilməli idi, belə də oldu. Həmin rayonların bir güllə atılmadan Azərbaycanın nəzarəti altına keçməsi daha bir tarixi hadisə idi. Bu, hərb meydanında qazandığımız böyük uğurların diplomatik yolla davamı idi. Lakin bu da son deyildi. Sonrakı proseslər və 2023-cü ilin sentyabrında birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu.

“8 Noyabr qələbəsi müasir Azərbaycan tarixinin şanlı səhifəsi olmaqla yanaşı, bizim bir xalq kimi heç vaxt işğal faktı ilə barışmayacağımızı da nümayiş etdirdi. Vətən müharibəsindəki tarixi Zəfərimiz təkcə torpaqlarımızın azad edilməsi ilə deyil, eyni zamanda, xalqımızın inamının və qələbə əzminin özünə qaytarılması ilə nəticələndi. Biz qalib xalq, dövlət kimi bundan sonra əbədi olaraq öz tarixi torpaqlarımızda xoşbəxt, firavan və təhlükəsiz şəraitdə yaşayacağıq”, - deyə deputat əminliyini ifadə edib.