Zəngəzur dəhlizin açılmasında region ölkələri qədər Avrasiya məkanındakı dövlətlər də maraqlıdırlar
Ölkəmizin bölgədəki mövcud hərbi-siyasi üstünlüyü Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün yeni imkanlar yaradır. O da məlumdur ki, bu dəhliz region dövlətləri ilə yanaşı, beynəlxalq siyasi-iqtisadi mərkəzlərin də maraq dairəsindədir. Ona görə də Ermənistanın Zəngəzur dəhlizinin açılmasına mane olmaq imkanları heç də geniş deyildir. Bir sözlə, dəhlizin açılmasında region dövlətlər ilə bərabər, Avrasiya məkanındakı dövlətlər də israrlıdırlar.
Lakin Zəngəzur dəhlizinin açılmasına görə məsuliyyət payı olan Ermənistan hələ də bu işdə də manipulyasiya etməyə çalışır. Halbuki, İkinci Qarabağ müharibəsində məğlub olmuş Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Naxçıvana maneəsiz-heç bir gömrük və sərhəd nəzarəti olmayan yolun təmin edilməsinə dair sənəd imzalyıb. Əlbəttə, Azərbaycan Ermənistanın razılığının olmayacağı, daha konkret desək, ölkənin üçtərəfli Bəyanatla üzərinə düşən öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə, İran ərazisindən alternativ dəhlizin inşası üzərində düşünür. Lakin buna isə Ermənistanı himayə edən xarici ölkələr, o cümlədən ABŞ razı deyil. Bir sözlə, Ağ Ev açıq şəkildə bəyan edir ki, Naxçıvana yolun İrandan keçməsi qəbuledilməzdir.
Beynəlxalq ekspertlər isə bu qənaətdədirlər ki, Avropa və Asiyanı Zəngəzur dəhlizi üzərindən əlaqələndirmək mümkün olarsa, bu marşrutun illik iqtisadi-ticari dövriyyəsi yüz milyardarla dolları aşa bilər. Xüsusilə də Rusiya -Ukrayna savaşına görə o bölgədə məhdudlaşdırılan ticarət marşrutlarının yerini Zəngəzur dəhlizi tuta bilər ki, bu da Avropa və Asiya dövlətləri üçün strateji əhəmiyyət daşıyacaq.
Hazırda Ermənistanda Nikol Paşinyan hakimiyyətinə qarşı radikal müxalifətçilərin ciddi siyasi mübarizəsi davam edir. Paşinyanın əlyehdarları Qərbin Zəngəzur dəhlizinin açılmasında israrlı olmasını hakimiyyətin bacarıqsızlığı kimi qiymətləndirirlər. Təbii ki, bütün bunlar Ermənistan cəmiyyətindəki revanşist təbliğatın acı nəticələridir. Hətta erməni cəmiyyətinin bəzi başıpozuq siyasətçiləri isə hələ də İkinci Qarabağ müharibəsində və Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-da həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri zamanı uğradıqları acı məğlubiyyətlərin təsirindən çıxa bilmirlər. Ona görə də onlar hətta gələcəkdə Ermənistanın inkişaf perspektivlərinə müsbət təsir edə biləcək iqtisadi addımlara da şübhə ilə yanaşırlar. Əsas iddiaları isə ondan ibarətdir ki, əgər Zəngəzur dəhlizi açılarsa, Ermənistanın cənub bölgəsi Azərbaycan və Türkiyənin iqtisadi nəzarəti altına keçə bilər.
Xatırladaq ki, 2023-cü ilin mayın 14- də və iyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşlərdə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünün tanınması və Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret bəyanatlar səslənib. Məhz həmin görüşlərdən sonra Ermənistandakı revanşistlər bu məsələni Paşinyan hakimiyyətinə qarşı əsas mübarizə mövzusuna çeviriblər.
Onlar baş naziri Ermənistan cəmiyyətinin mövqeyini nəzərə almadan Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdə ittiham edərək Nikolun bu addımını Ermənistanın milli maraqlarına xəyanət kimi dəyərləndirirlər. Bu səbəbdən də Ermənistan rəsmiləri Zəngəzur dəhlizinə görə üzləşdikləri ittihamlara izahat vermək məcburiyyətində qalıblar. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan parlamentdəki çıxışlarında dəfələrlə bəyan edib ki, bu mövzuda Paşinyan hakimiyyətinə qarşı irəli sürülən ittihamlar uydurma və əsassızdır. Onun sözlərinə görə, Zəngəzur dəhlizi revanşistlərin təsəvvür və təbliğ etdiyi qədər də Ermənistanın ziyanına deyildir: «Bu marşrut necə adlanmasından asılı olmayaraq, yalnız Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirməyəcək. Həm də Ermənistanın şimal hissəsinin Naxçıvan üzərindən cənub bölgəsi ilə daha asan nəqliyyat-kommunikasiya əlaqəsi yaratmasına imkan verəcək».
Aydın görünür ki, Zəngəzur dəhlizi ilə bağlı prosesin hərəkətə gətirildiyi artıq inkaredilməz reallıqdır. Əvvəldə də qeyd etdiyimiz kimi, nə revanşist erməni müxalifəti, nə də Paşinyan hakimiyyəti bu proseslərə əngəl törətmək imkanlarına malik deyillər. Yəqin ki, yaxın gələcəkdə ermənilər bu reallıqla barışmalı olacaqlar. Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel və Praqa görüşlərindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bu mövzunu dəfələrlə müzakirə etməsi də Zəngəzur dəhlizinin açılması ehtimalının ciddiləşdiyini göstərir. Təbii ki, Ermənistanın bu məsələdə Azərbaycan və Türkiyə liderlərindən fərqli olaraq hələ də gözləmə mövqeyi tutması Nikol Paşinyanın siyasi iradəsizliyinin nəticəsidir. Məlumdur ki, artıq Azərbaycan dövləti Zəngəzur dəhlizinin özünə aid hissəsində nəqliyyat- logistika məsələlərinin 70 faizindən çoxunu həll edib. Bu istiqamətdə dəmir yolu xəttinin və magistral avtomobil yolunun yaxın zamanlarda tamamlanması planlaşdırılır.
Bu arada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın son açıqlaması da revanşistlərin ciddi narazılığına səbəb olmuşdur. Belə ki, o, həmin açıqlamasında «erməni soyqırımı»nın təbliğatı və araşdırılmasının Ermənistanın Xarici İşlər Nazirliyi üçün prioritet olmadığını deyib. Revanşitslər bu açqlamanın mənasının Ermənistan üçün soyqırımı mövzusunun ölkənin əsas gündəmindən çıxırlmasına və tarixdəki rolunun azaldılmasına işarə olduğunu iddia edirlər. Məsələn, Ermənistan parlamentinin müxalif «Hayastan» fraksiyasının deputatı Anna Qriqoryanın sözlərinə görə, bir neçə il öncəyə qədər özünü «erməni soyqırımı» məsələsinin araşdırıcısı kimi tanıdan Ararat Mirzoyanın indi belə fikirlər səsləndirməsi başadüşülən deyil: «Nazir açıq şəkildə deyir ki, onlar bu məsələyə əhəmiyyət vermirlər. Bu sözü uzun illər Erməni Soyqırımı Muzeyində elmi işçi kimi çalışan şəxs dilə gətirib. Hökumətdə vəzifə qazanıb nazir olduqdan sonra isə bu məsələni ikinci plana atır».
Siyasi şərhçilərin qənaətincə isə bu açıqlama Nikol Paşinyanın hakimiyyətinin Türkiyə ilə münasibətlərin normallaşması üçün atdığı növbəti addımdır. Məlumdur ki, qardaş Türkiyə də Zəngəzur dəhlizinin açılmasında israrlı olan bir ölkədir.
Elçin Zaman, «İki sahil»