05 noyabr 2024 00:14
297

"Erməni soyqırımı" daha Hayastanın xarici siyasətinin prioriteti olmayacaq?..

Onilliklər boyu haylar qondarma təbliğatla özləri barədə "məzlum xalq", "əzabkeş millət" mifləri yaradıblar və bu təbliğatı zaman-zaman genişləndiriblər. Hətta erməni millətçiləri 1915-ci ildə onlara qarşı “soyqırımı” törədildiyini iddia ediblər. Tarixdə heç zaman olmayan uydurma "soyqırımı"nı dünyanın gündəliyinə gətirən ermənilər ondan siyasi məqsədləri üçün faydalanmağa çalışıblar. Amma indiyə qədər bununla bağlı ortaya tutarlı fakt qoyulmayıb. Ermənistanın bu məsələ ilə bağlı arxivlərin açılmasını istəməməsi də belə bir olayın olmamasını təsdiq edir. Təəssüf ki, erməni lobbisinin məkrinə uyan bəzi ölkələrin parlamentləri qondarma "erməni soyqırımı" ilə bağlı müxtəlif sənədlər qəbul edib. Bu prosesdə Ermənistan hakimiyyətinin, həmçinin Fransanın, ABŞ-ın “xidmət”ləri olduğu danılmazdır. Məhz onlar Cənubi Qafqazda gərginliyin davam etməsi üçün hər il “erməni soyqırımı” ilə bağlı bəyanatlar verir, Türkiyənin əsəblərini yoxlayırlar.

Şübhəsiz, 1915-ci ildə baş verən olayları “soyqırımı” adlandıraraq Tür­kiyəyə qarşı ideoloji savaş aparmaq, ona ermənisayağı don geyindirmək  uzun sürə bilməz­di. Belə ki, hazırda Ermənistanda bu məsələyə baxışın dəyişməsi prosesi başlanıb. Şübhəsiz, bu prosesdə son illər Türkiyə və Azərbaycan tərəfindən məkrli və hiyləgər erməni yalanlarının tutarlı faktlarla ifşa edilməsi mühüm rol oynayıb. Yəni, bütün dünyaya məlum olub ki, ermənilərin bu iddiası uydurmadır və əslində, onların özləri türklərə və azərbaycanlılara qarşı soyqırımı  törədiblər. Xatırladaq ki, 1919-cu ilin noyabr–dekabr aylarında və 1920-ci ilin yanvarında Hamazaspın, Njdenin, Dronun başçılıq etdiyi quldur dəstələri Qafan, Zəngilan, Mehri və Qubadlıda 200-dək kəndin günahsız dinc əhalisini tarixdə görünməmiş bir vəhşiliklə öldürüblər. 1918-ci ildə hayların Qubada, Bakıda, Şamaxıda, həmçinin ötən əsrin sonlarında Qarabağın Xocalı şəhərində, Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban kəndlərində və digər yaşayış məntəqələrimizdə törətdikləri kütləvi qırğınları da bura əlavə etsək, onların soyqırımı coğrafiyasının nə qədər geniş olduğunu görmək mümkündür. Görünür, elə indiki Ermənistan hakimiyyəti də bunun fərqindədir. Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə son çıxışı zamana bəyan edib ki, bundan sonra “erməni soyqırımı” ölkəsinin  xarici siyasətində prioritet təşkil etməyəcək: "Erməni soyqırımı"nın tanınması məsələsi Ermənistanın xarici siyasət gündəmində prioritet deyil”. O  bildirib ki,  bir nömrəli prioritet Ermənistanda sülh və sabitliyin təmin edilməsidir. Halbuki,  iki il əvvəl o deyirdi ki, “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanıdılması bizim bir nömrəli prioritetimizdir. Mirzoyan, həmçinin vurğulayıb ki, indi əsas vəzifə Türkiyə və Azərbaycanla münasibətlərin tənzimlənməsi, Bakı ilə sülh müqaviləsinin imzalanması, sərhədin delimitasiyası və regional kommunikasiyaların açılmasıdır.

Mirzoyanın bu açıqlaması Hayastanda heç də birmənalı qarşılanmayıb. Bir sıra qurumlar, həmçinin bəzi siyasətçilər onun bu açıqlamasını dövlət səviyyəsində “milyonlarla soyqırımı qurbanlarının” xatirəsinə, həmçinin erməni xalqının “milli ideya”sına  təhqir kimi dəyərləndiriblər. Hətta müxalifətçi deputat Hayk Mamicanyan deyib ki, bu türk tütəyinə rəqsdir.

Mütəxəssislərin fikirncə, Ararat Mirzoyanın bəyanatı İrəvanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyinə hesablanıb. Şübhəsiz, Gürcüstanda keçirilən son parlament seçkilərinin nəticələri Ermənistanın və Qərbin maraqlarına uyğun olmadığından sözügedən ölkədə vəziyyətin daha da ciddiləşdiyini göstərir. Odur ki, təcavüzkar ölkə regional təcriddən çıxmaq məqsədilə Türkiyəyə üz tutmağa, onunla münasibətləri normallaşdırmağa sözün həqiqi mənasında  məhkum olunub. Bu baxımdan, Mirzoyanın səsləndirdiyi fikirlər heç də təsadüfü deyil. O, bu cür bəyanatla Türkiyə ilə münasibətlərin normallaşmasına konstruktiv yanaşma sərgilədiklərini göstərmək istəyib.

Yeri gəlmişkən qeyd edək ki, son vaxtlar Türkiyə ilə Ermənistan arasında ikitərəfli təmaslar nəzərəçarpacaq dərəcədə artıb. Hətta son iki ildə iki ölkənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç 5 dəfə görüşüb, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan  Türkiyədə səfərdə olub. Baş nazir Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla şəxsən telefonla danışıb.  BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Ərdoğanla Paşinyanın görüşü də keçirilib. Görüşdə Türkiyə–Ermənistan münasibətlərinin normallaşması başlıca müzakirə predmeti olub. Amma rəsmi Ankara hər dəfə  Ermənistan Azərbaycanla sülh müqaviləsi imzaladıqdan sonra substantiv dialoqa başlaya biləcəyini vurğulayıb. Prezident Ərdoğan bir neçə dəfə açıq şəkildə bəyan edib ki, Ermənistan Azərbaycanla münasibətlərini həll etməyincə Türkiyə bu ölkə ilə əməkdaşlıq etməyəcək. Bütün bunlar isə o deməkdir ki, Türkiyə – Ermənistan münasibətlərinin normallaşmasının yolu Azərbaycanla Ermənistan arasında sülhün yaranmasından keçir. Xatırladaq ki, Türkiyə – Ermənistan münasibətlərində durğunluq, o cümlədən hər iki ölkənin quru sərhədlərinin bağlı qalması Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına Ankaranın cavabı olub.

Bir məsələni də xüsusi vurğulayaq ki, “erməni soyqırımı” məsələsi Hayastanın  xarici siyasətindən sadəcə prioritet olmaqdan çıxarılıb. Bu isə onların öz iddialarından tamamilə əl çəkməsi kimi anlaşılmamalıdır. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddiaları ilə yanaşı,  1915-ci ildə Osmanlı dövlətində yaşananlar “erməni soyqırımı” kimi göstərilib və qondarma soyqırımının beynəlxalq səviyyədə tanınmasına nail olmaq məramı açıqlanıb. Bu mənada Mirzoyan bu açıqlaması ilə növbəti manipulyasiyanın əsasın qoyub desək, yanılmarıq.

Qvami Məhəbbətoğlu, “İki sahil”