Hindistanın dini rəhbəri Svami Yotirmaya bütün dini icmaları birləşərək planeti qorumağa çağırıb.
“İki sahil” xəbər verir ki, o, bu təklifi Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində təşkil olunmuş "Dünya Dinləri Yaşıl Planet uğrunda" mövzusunda plenar iclasda səsləndirib.
Onun sözlərinə görə, dayanıqlı gələcək qurmaq naminə həll yollarının tapılması mümkündür:
"Gələcəkdə mədəniyyət və iqtisadiyyat cəhətdən çoxşaxəli əlaqələrin qurulması vacibdir. Ona görə də dini konfessiyaların birliyi də vacibdir. Bu zaman elmi dataların, informasiyaların mübadiləsi vacibdir".
S.Yotirmaya bildirib ki, qeyri-hökumət təşkilatlarının iqlim dəyişikliyi və onun fəsadları, ətraf mühitin qorunması ilə bağlı addımlarda aktivliyi önəmlidir:
"Təbiəti qorumaq individual öhdəliyimizdir. Hər kəs iqlimlə bağlı təşəbbüslərə sahib olmalıdır. Bütün dini icmalara müraciət edirəm: Gəlin birləşək, təbiətimizi, ətraf mühitimizi, planetimizi qoruyaq!"