06 noyabr 2024 00:41
76

Dünya dinləri yaşıl planet uğrunda

Bakıda Dini Liderlərin Qlobal Sammiti keçirilir. Tədbir Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvenssiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası ərəfəsində reallaşır. Dünya dinləri yaşıl planet uğrunda şüarı altında keçirilən tədbirin tərəfdaşları qismində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Beynəlxalq Müsəlman Ağsaqqalları Şurası və BMT-nin Ətraf Mühit Proqramı çıxış edir.

Ənənəvi dinlərin liderlərinin, müxtəlif konfessiyaları təmsil edən və dünya miqyasında tanınan din və ictimaiyyət nümayəndələrinin qatıldıqları Qlobal Sammitdə 55 ölkəni, 30 beynəlxalq təşkilatı, aparıcı KİV-ləri təmsil edən 220-dən çox qonaq iştirak edir. İki gün davam edəcək tədbirin yekunu olaraq, qonaqların azad olunmuş ərazilərə səfəri planlaşdırılır.

Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən dəyərli qlobal təşəbbüsə dəstək olaraq, dünya dini liderlərinin iqlim fəaliyyətinə dair müqəddəs dini dəyərlərə istinadən müdrik və səmərəli təkliflərini, səylərini COP29 çərçivəsində səfərbər etmələri Azərbaycan Respublikasının növbəti beynəlxalq uğurudur.

Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə qeyd olunub ki, bu gün dünyamızın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, quraqlıq və səhralaşma, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, ərzaq çatışmazlığı və bu kimi digər qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır. İqlim böhranı və ekoloji təhlükəsizlik məsələləri dünya dövlətlərinin birgə əməkdaşlığını, beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərinin birləşdirilməsini zəruri edir. Dövlət başçısı COP tədbirlərində inklüzivlik prinsiplərinə uyğun olaraq nüfuzlu dini liderlərin bir araya gəlməsini, planetimizin taleyi naminə onların narahatlığını və ümumi işə töhfə vermək əzmini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

BMT-nin Baş katibi Antoniu Quterreş COP29 çərçivəsində noyabrın 5-də Bakıda keçirilən “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında baş tutan Dini liderlərin Qlobal Sammitinin iştirakçılarına videomüraciətində bildirib ki, Dini liderlərin fəaliyyəti iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin təşviqi və iqlim ədalətinin əldə edilməsi üçün vacibdir.  Ekstremal temperaturlar, yanğınlar, quraqlıq və genişmiqyaslı daşqınlar heç bir ölkəyə aman vermir.

BMT-nin Baş katibi ölkələrin qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq məqsədinə uyğun Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDCs) hazırlanmasına yönəlmiş tədbirlərin vacibliyini vurğulayıb: “Bütün ölkələrin dəyişən planetə uyğunlaşmasına, dayanıqlı və bərpa olunan gələcəyə keçidə dair resurslara malik olmasını təmin etmək üçün ədalət vacibdir.

Bura inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin əhəmiyyətli dərəcədə artırılması və təbii fəlakətlərdən ən çox zərər çəkən ölkələrə kömək etmək üçün yaxşı maliyyələşdirilən İtki və Zərərə cavab verən fondun yaradılması daxildir. 

Əminəm ki, taleyüklü problemlərə həsr olunmuş Sammit konstruktiv fikir mübadilələri şəraitində keçəcək, COP çərçivəsində dinlərarası əməkdaşlıq platformasının təsisatlandırılması imkanı müzakirə ediləcəkdir. Bunun üçün tolerantlıq və multikulturalizm diyarı Azərbaycan ən uyğun məkandır.Bir daha sizə ən xoş arzularımı yetirir, bəşəriyyətin gələcəyi naminə xeyirxah fəaliyyətinizdə hər birinizə uğurlar diləyirəm.”

Beynəlxalq Müsəlman Ağsaqqallar Şurasının Baş katibi Muhəmməd Əbdülsəlam Abdullətif dünya dini liderlərinin qlobal Bakı Sammitində

bildirib ki, bu tədbirin keçirilməsi olduqca əhəmiyyətli hadisədir. Dini liderlərin rolundan istifadə edərək iqlim dəyişikliyinin mənfi təsirlərinin aradan qaldırılması istiqamətində mühüm addımlar atırıq. Bu da dinlərarası dialoqun yüksək səviyyədə olduğunun göstəricisidir: “Biz dinlərarası dialoqun vacibliyini yüksək qiymətləndiririk. Birgə fəaliyyətimizdən faydalanaraq səsimizi daha çox eşitdirmək üçün platforma təsis etmişik. Bu cür qlobal sammitlərin təşkil olunması sözümüzün, birgə fəaliyyətimizin nəticəsidir. Ətraf mühitlə dinlər arasında birbaşa əlaqələr mövcuddur. Ona görə də qlobal təhdidlərin aradan qaldırılması istiqamətində təşəbbüslər irəli sürülməkdədir. Biz bu gün beynəlxalq öhdəliklərimizlə kifayətlənə bilmərik. Yer kürəsinin gələcəyi üçün birgə fəaliyyətlər vacib əhəmiyyət daşıyır”.

Göründüyü kimi, Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizəyə qlobal əhəmiyyətli töhfələr  verir. COP29-un Azərbaycanda keçirilməsi, bu səylərin qlobal miqyasda tanınması üçün əla bir fürsət olacaq və digər ölkələrlə təcrübə mübadiləsi etmək üçün platforma yaradacaq.

Şəmsiyyə Əliqızı, “İki sahil”