05 noyabr 2024 19:33
100

Qaradağ rayonunda "Zəfər sənə çox yaraşır, Azərbaycan!” adlı tədbir keçirilib

Noyabrın 5-də Lökbatan qəsəbəsində YAP Qaradağ rayon təşkilatının və Cabbar Qaryağdıoğlu adına 9 №-li Uşaq Musiqi Məktəbinin birgə təşkil etdiyi "Zəfər sənə çox yaraşır, Azərbaycan!” adlı tədbir keçirilib.

Cabbar Qaryağdıoğlu adına 9 №-li Musiqi Məktəbinin akt zalında keçirlən tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Musiqi Məktəbinin direktoru Əfrasiyab Dadaşov, pedaqoji kollektivin üzvləri, valideynlər, partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Musiqi Məktəbində təhsil alan şagirdlərin canlı ifasında Azərbaycanın Dövlət Himni səslənib. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev 30 ilə yaxın bir dövrdə Ermənistan silahlı qüvvələri və Dağlıq Qarabağın separatçıları tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsi ilə başa çatan Zəfər Günü münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik edib. YAP Qaradağ Rayon Təşkilatının sədri bildirib ki, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Azərbaycan hazırda öz tarixinin çox şərəfli, inkişaf, yüksəliş dövrünü yaşayır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni qələbələrə doğru qətiyyətlə addımlayır. Zəfər Gününün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını xüsusi vurğulayan Qafar Əliyev ölkəmizin yaxın günlərdə BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcəyini xüsusi qeyd edib. O bildirib ki, bu mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın qəbul olunması beynəlxalq təşkilat və dövlətlər tərəfindən ölkəmizə göstərilən böyük hörmət və etimadın bariz nümunəsidir. Həmçinin ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töfhəsinin təsdiqidir. Rayon təşkilatının sədri qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd insanları, xüsusilə də gəncləri ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, bu sahədə maarifləndirmə və təbliğat işini genişləndirməkdir. Belə böyük tədbirin keçirilməsi üçün məhz Azərbaycanın seçilməsi isə 30 ilə yaxın bir dövrdə əraziləri işğal edilmiş dövlətimizin artıq qalib dövlətə, xalqımızın isə qürurlu və qalib bir xalqa çevrildiyinin birbaşa təsdiqidir.

Sonra tədbirdə Cabbar Qaryağdıoğlu adına 9 №-li Musiqi Məktəbinin kollektivi tərəfindən hazırlanmış “Zəfər sənə çox yaraşır, Azərbaycan” adlı videoçarx və xüsusi kompazisiya nümayiş etidrilib. Həm Qarabağın və ətarf ərazilərin düşmən tapdağından azad edilməsinə həsr olunmuş videoçarx, həm də uşaqların ifasında yüksək məharətlə səslənən şeirlər, musiqi nömrələri və mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonda xatirə fotosu çəkdirilb.

Zamin Məmmədov, “İki sahil”