14 avqust 2026 18:57
107

Qaradağda palçıq vulkanlarının mühafizəsi və təbliğinə həsr olunmuş tədbir keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində” 2026-cı il avqustun 14-də Qaradağ Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə  Qaradağ Rayon İcra Hakimiyyətində “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2007-ci il tarixli, 2315 nömrəli Sərəncamının imzalanmasının 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən başçınınn birinci müavini Emil Abbasov, Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Azərbaycan Respublikası Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev, Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev,  Mədəniyyət Nazirliyinin abidələr üzrə eksperti, tədqiqatçı Faiq Nəsibov, ətraf mühit üzrə beynəlxalq ekspert Xakiyev İsrafil Rəşid oğlu, Azərbaycan Respublikası Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun əməkdaşları, rayon icra hakimiyyətinin məsul əməkdaşları, müvafiq sahə üzrə mütəxəssislər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın nadir təbiət sərvətlərindən olan palçıq vulkanlarının qorunmasının əhəmiyyətini ictimaiyyətin diqqətinə çatdırmaq, onların elmi, ekoloji və turizm potensialı barədə məlumatlılığı artırmaq, bu unikal təbiət irsinin gələcək nəsillər üçün qorunmasında dövlət qurumlarının, mütəxəssislərin və cəmiyyətin birgə məsuliyyətini ön plana çəkmək olub.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycanın zəngin təbiətini, palçıq vulkanlarının bənzərsiz landşaftını və onları əhatə edən təbiət mənzərələrini əks etdirən xüsusi hazırlanmış videoçarx nümayiş olunub. Videoçarx vasitəsilə ölkəmizin nadir geoloji irsinin unikallığı və onun qorunmasının əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən başçınınn birinci müavini Emil Abbasov bildirib ki, bu tədbirin keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2007-ci il tarixli 2315 nömrəli Sərəncamı ilə “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun yaradılmasının 19-cu ildönümünə təsadüf edir. Bu mühüm sənəd ölkəmizin nadir geoloji və təbii irsinin qorunmasına dövlət səviyyəsində verilən yüksək qiymətin bariz nümunəsidir.

Azərbaycan zəngin təbii sərvətləri, özünəməxsus landşaftı və geoloji xüsusiyyətləri ilə seçilən ölkələrdəndir. Bu təbii irsin mühüm hissəsini palçıq vulkanları təşkil edir. Xüsusilə Qaradağ rayonu ərazisində yerləşən palçıq vulkanları həm təbiətimizin unikallığını nümayiş etdirir, həm də elmi tədqiqatlar, ekoloji maarifləndirmə və turizmin inkişafı baxımından böyük potensiala malikdir. Palçıq vulkanlarına yalnız geoloji obyekt kimi yanaşmaq düzgün olmazdı. Onlar Azərbaycanın təbii irsinin ayrılmaz hissəsidir. Bu obyektlərin qorunması eyni zamanda ətraf mühitin, biomüxtəlifliyin və təbii landşaftın mühafizəsi deməkdir.

Bu baxımdan Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən təbii irsin qorunması, ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılması və rayonun turizm potensialının tanıdılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti xüsusi qeyd edilib.

Tədbirin rəsmi hissəsində çıxış edən Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov “Azərbaycanın nadir təbiət irsinin qorunmasında dövlət siyasəti və Qaradağ rayonunun palçıq vulkanlarının əhəmiyyəti” mövzusunda danışıb. Çıxışında ölkəmizin nadir təbiət abidələrinin qorunmasına göstərilən dövlət qayğısından, bu istiqamətdə həyata keçirilən siyasətin əhəmiyyətindən, eləcə də Qaradağ rayonunda yerləşən palçıq vulkanlarının təbii irsimizdə tutduğu xüsusi yerdən bəhs edib. Azərbaycan Respublikası Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev “Azərbaycan palçıq vulkanlarının geoloji və elmi əhəmiyyəti” mövzusunda çıxış edib. O, palçıq vulkanlarının Azərbaycanın geoloji baxımdan ən maraqlı və nadir təbiət hadisələrindən biri olduğunu qeyd edərək, onların öyrənilməsi, mühafizəsi və elmi əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Tədbirdə Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev “Palçıq vulkanlarının mühafizəsi, ekoloji təhlükəsizlik və maarifləndirmə” mövzusunda çıxış edib. Məruzədə palçıq vulkanlarının qorunmasının yalnız elmi deyil, eyni zamanda mühüm ekoloji və ictimai məsuliyyət məsələsi olduğu diqqətə çatdırılıb, onların mühafizəsi, ekoloji təhlükəsizliyin təmin olunması və əhali arasında maarifləndirmə işlərinin əhəmiyyəti vurğulanıb.

Çıxışlar zamanı qeyd olunub ki, Qaradağ rayonunun ərazisində yerləşən palçıq vulkanları rayonun zəngin geoloji və təbii irsinin mühüm tərkib hissəsini təşkil edir. Bu unikal təbiət abidələrinin mühafizəsi ilə yanaşı, onların elmi əsaslarla öyrənilməsi, ekoloji təhlükəsizliyin təmin edilməsi, ictimai maarifləndirmənin gücləndirilməsi və turizm potensialından dayanıqlı şəkildə istifadə edilməsi mühüm əhəmiyyət daşıyır. Tədbirin məruzələr hissəsindən sonra sual-cavab və müzakirələr aparılıb. İştirakçılar palçıq vulkanlarının mühafizəsi, elmi tədqiqi, ekoloji əhəmiyyəti və turizm imkanları ilə bağlı suallarını mütəxəssislərə ünvanlayıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin xüsusi məqamlarından biri təbiətin və təbii sərvətlərin qorunması istiqamətində çalışan insanların əməyinin qiymətləndirilməsi olub. Təbii sərvətlərin mühafizəsində göstərdikləri səmərəli və məsuliyyətli fəaliyyətə görə 8 nəfər əməkdaş təltif olunub. Onların təbiət abidələrinin, palçıq vulkanlarının və ətraf ekosistemin qorunmasında göstərdikləri əməyin əhəmiyyəti xüsusi qeyd edilib.

Belə tədbirlərin keçirilməsi ekoloji maarifləndirmənin genişləndirilməsinə, cəmiyyətdə təbiətə məsuliyyətli münasibətin formalaşdırılmasına, Azərbaycanın nadir təbiət irsinin təbliğinə və onun qorunması istiqamətində dövlət, mütəxəssis və ictimaiyyət əməkdaşlığının gücləndirilməsinə xidmət edir.