2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı. “Dəmir yumruq” adı verilən 44 günlük Vətən müharibəsi nəticəsində şanlı ordumuz böyük uğurlar əldə edərək, işğal altında olan əraziləri azad etdi. Bu prosesdə Azərbaycan xalqının Ali Baş Komandana, orduya və dövlətə olan inamı və dəstəyi böyük rol oynadı.
İkinci Qarabağ müharibəsində qazanılmış şanlı Qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi də dayanır. Dövlətimizin başçısı bunu dəfələrlə vurğulayıb və çıxışlarının birində belə deyib: “Bu Qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.
Şuşanın azad edilməsi Vətən müharibəsinin dönüş nöqtəsi oldu. Şuşa, Qarabağda tarixi və mədəni əhəmiyyətə malik bir şəhərdir və xalq üçün xüsusi mənaya sahibdir. Azərbaycan Ordusunun çətin relyefdə, ağır şəraitdə Şuşanı işğaldan azad etməsi həm hərbi ustalıq, həm də böyük vətənpərvərlik nümunəsi idi. 8 noyabr 2020-ci il tarixində Prezident İlham Əliyev Şuşanın azad edildiyini elan edərək Azərbaycan xalqına Zəfər Gününün müjdəsini verdi. Bu an, Azərbaycanın tarixində əbədi olaraq yaddaşlarda qalacaq bir hadisəyə çevrildi.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 8 noyabr tarixi rəsmi olaraq Zəfər Günü kimi təsis edilib, hər il ölkə daxilində və xaricdə böyük coşqu ilə qeyd edilir. Bu, Azərbaycan tarixində xüsusi yer tutan, xalqın həmrəyliyi və mübarizə ruhunu əks etdirən bir bayramdır. Tarixi Qələbə Azərbaycan xalqı üçün yalnız hərbi Zəfər deyil, həm də milli birlik, əzmkarlıq və ədalətin bərpası anlamını daşıyır.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının haqlı mövqeyini dünyaya nümayiş etdirdi. Müharibə dövründə Prezident İlham Əliyev beynəlxalq arenada Ermənistanın işğalçı siyasətini böyük cəsarətlə ifşa etdi. Rəşadətli ordumuzun peşəkarlığı, texnoloji üstünlüklər və xalqın güclü iradəsi Qələbəyə gedən yolu açdı və dünya Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə şahid oldu.
Zəfər bayramı, Azərbaycan xalqının tarixi Vətən torpaqlarına qovuşması ilə yanaşı, dövlətin gücü, milli birlik və mənəviyyatın Qələbəsi kimi qəbul edilir. Bu gün həm də Azərbaycanın bütün regionda sülh və sabitlik tərəfdarı olduğunu, öz ərazi bütövlüyünü qorumaqda qətiyyətli olduğunu nümayiş etdirir. 44 gün davam edən Vətən müharibəsi xalqın gücünü, iradəsini və birliyini bütün dünyaya göstərdi. Azərbaycanın işğaldan azad etdiyi torpaqlarında yenidənqurma və inkişaf mərhələsi başladı, bu da bölgənin iqtisadi və sosial inkişafına böyük töhfə verir.
Zəfər Günü, Azərbaycan xalqının tarixində silinməz bir iz buraxan, xalqın milli kimliyini və gücünü əks etdirən bir bayramdır. Bu günün qeyd edilməsi, gələcək nəsillərə azadlığın və torpaq sevgisinin nə qədər dəyərli olduğunu xatırladır. Zəfər Günü, yalnız bir tarix deyil, həm də Azərbaycanın gələcəkdə sülh və sabitlik yolu ilə irəliləmək əzminin göstəricisidir. Bu əlamətdar gün, Azərbaycanın bütün dünyaya “Qarabağ Azərbaycandır!” deyərək haqq səsini ucaltdığı bir tarix olaraq əbədi olaraq qalacaq.
Vətən müharibəsində Azərbaycanın Qələbəsini, Ermənistanın isə hərbi kapitulyasiyasını rəsmiləşdirən 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından 4 il ötür. Bu Bəyanat uzun illər davam edən işğala son qoydu, 44 günlük müharibə Azərbaycanın tarixi Qələbəsi ilə nəticələndi. Ağdam, Laçın və Kəlbəcər rayonu müharibəsiz geri qaytarıldı. İkinci Qarabağ müharibəsi zamanı düşmənin hərbi texnikası tamamilə məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu, yəni ordusu darmadağın edildi. Bu baxımdan, üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın hərbi yolla qazandığı Zəfərin məntiqi nəticəsi idi.
Döyüş meydanında qazanılmış Zəfər siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masasında istəyinə nail oldu. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu. Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edildikdən sonra dövlətimizin başçısı status məsələsinin artıq tarixdə qaldığını elan etdi.
“Böyük Qayıdış” Proqramı işğaldan azad edilmiş bölgələrimizin bərpası və yenidən qurulması ilə yanaşı, ölkənin iqtisadi inkişafına, sosial rifahına və regional sabitliyə böyük töhfələr verir. Bu proqram, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yeni və davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Bu işlər, məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək məqsədi ilə uğurla həyata keçirilir.
Azad edilmiş ərazilərdə avtomobil yolları, dəmir yolu xəttləri və hava limanı inşa edilir. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının tikintisi tamamlanıb, Laçın Beynəlxalq Hava Limanının tikintisi isə davam edir. Qayıdışı təmin etmək üçün yaşayış məntəqələrində müasir binalar və sosial infrastruktur obyektləri tikilir. İlk “ağıllı kənd” layihəsi Zəngilanın Ağalı kəndində həyata keçirilib, burada müasir texnologiyalar və dayanıqlı enerji mənbələri istifadə olunub. Bu kəndə artıq ilk məcburi köçkün ailələri yerləşdirilib və onların sosial ehtiyaclarını təmin etmək üçün məktəblər, xəstəxanalar və ticarət obyektləri inşa edilib. Yenidənqurma işlərinin bir hissəsi olaraq təhsil və səhiyyə infrastrukturu da qurulur. Məktəblər, uşaq bağçaları, poliklinikalar və xəstəxanalar inşa edilir. Bu obyektlər məcburi köçkünlərin qayıtdıqdan sonra yüksək səviyyəli təhsil və səhiyyə xidmətlərindən faydalanmalarını təmin edəcəkdir. Bölgədə yerləşən tarixi və mədəni abidələr bərpa edilir. Bu layihələr, ərazilərin həm turizm potensialını artırır, həm də Azərbaycan mədəniyyətinin bu bölgədə canlanmasına töhfə verir.
Azad edilmiş ərazilərdə, həmçinin yeni iqtisadi zonaların yaradılması, investorlar üçün əlverişli şəraitin təmin olunması və iqtisadi inkişafın dəstəklənməsi məqsədilə müxtəlif layihələr həyata keçirilir. Xüsusi iqtisadi zonalar, sənaye parkları və aqroparkların qurulması planlaşdırılır. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl məkanlarından birinə çevriləcək.
Məhəmməd Balaqadaşov,
YAP Xaçmaz rayon təşkilatının sədri