Heydər Əliyev Beynəlxalq Aeroportu ehtiyacı olan uşaqlar və əlillər üçün aksiya təşkil edib
Heydər Əliyev Beynəlxalq Aeroportu ehtiyacı olan uşaqlar və əlillər üçün xeyriyyə aksiyası həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Bildirilib ki, hər il aviaşirkətlər milyonlarla sərnişin və tonlarla yük, eləcə də səyahətçilərin şəxsi əşyalarını daşıyırlar. Belə böyük həcmdə sərnişindaşımaları zamanı bütün dünyanın hava limanlarında baqajın itirilməsi halları istisna edilmir. Mülki aviasiyada beynəlxalq qaydalara əsasən, öz sahibini tapmayan itirilmiş baqaj altı ay keçdikdən sonra utilizasiya edilməlidir.
Qeyd edilib ki, aeroport “Lost and Found” xidmətində olan utilizasiya olunacaq əşyaların içindən yararlı vəziyyətdə olan uşaq və əlil arabalarını ayıraraq onları ehtiyacı olan yeni sahiblərinə çatdırıb. Bununla bağlı aeroportun “facebook” səhifəsində elan verilib və səhifənin istifadəçiləri tərəfindən ehtiyacı olan 21 şəxs müəyyənləşdirilib. Əşyaların yeni sahiblərini müəyyənləşdirdikdən sonra isə hava limanı tərəfindən xüsusi çatdırılma günü təyin olunub.
Heydər Əliyev Beynəlxalq Aeroportunun bu təşəbbüsü “Azərbaycan Hava Yolları” QSC-nin korporativ sosial məsuliyyəti çərçivəsində keçirilir. Aeroport bu cür aksiyaları davam etdirəcəyini bildirib.