02 noyabr 2017 23:33
834

“Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”

Pirallahıda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu mövzuda işgüzar forum keçirildi

Noyabrın 2-də Pirallahı rayonunda Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum  keçirildi. Forumda Pirallahı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vasif İmanov, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, müvəkkil kredit təşkilatlarının səlahiyyətli nümayəndələri, sahibkarlar və aidiyyəti üzrə müxtəlif qurumların rəhbərləri iştirak ediblər.

İşgüzar forum çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Pirallahı rayonunun iqtisadi potensialına uyğun olaraq, zeytunçuluq, badam bağları, corab, qablaşdırma materialı, plastik qablar və polietilen paketlər istehsalı müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

Forumda RİH başçısı Vasif İmanov tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən keçirilən genişmiqyaslı islahatların uğurlu icrası nəticəsində siyasi və makroiqtisadi sabitlik təmin edilmiş, davamlı və dayanıqlı iqtisadi inkişafa nail olunmuş, əlverişli biznes və investisiya mühiti yaradılıb: “Ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən çoxşaxəli dövlət dəstəyi tədbirləri, ölkə başçısının bu sahəyə böyük diqqət və qayğısı sahibkarlığın sürətli inkişafına geniş imkanlar yaradır, özəl bölmənin, bütünlükdə iqtisadiyyatın inkişafına təkan verir, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə nail olunmasında xüsusi əhəmiyyət kəsb edir.”

V.İmanov rayonda aparılan abadlıq-quruculuq işləri, o cümlədən sosial-iqtisadi inkişaf barədə ətraflı məlumat verərək  bildirib ki, bu gün hər bir rayonun xüsusiyyətlərinə görə sənaye zonalarda müxtəlif istehsalat sahələri yaradılır, o cümlədən də Pirallahı rayonunda da belə zona var: “Pirallahı Sənaye Parkı ölkədə əczaçılıq sənayesinin inkişafı, bu sahədə idxaldan asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsi və məşğulluğun artırılması məqsədi daşıyır.”

Rayonun turizm potensialı haqqında danışan V.İmanov qeyd edib ki, Pirallahı adasının sahil boyu ən əlverişli yerləri ayrılmaq şərti ilə həmin ərazilərdə dənizkənarı bulvar, kanat yolu, atraksionları olan istirahət parkı, otel, kafe, kütləvi çimərliklər, idman-konsert kompleksi, yaxt-klub, sörfinq klubları və s. yaradılması üçün əlverişli şərait var. Pirallahı rayonunun inkişafını Prezident cənab İlham Əliyevin daim nəzarətdə saxladığını qeyd edən V.İmanov forumun işinə uğurlar diləyib, onun yüksək, işgüzar səviyyədə keçməsini arzulayıb. 

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyət istiqamətlərindən və bu ilin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edib ki,  belə layihələrdən biri də şpris istehsalı zavodudur. Pirallahı Sənaye Parkının rezidenti - “Diamed Co” MMC tərəfindən qabaqcıl Avropa ölkələri, eləcə də Yaponiya və Koreya texnologiyaları əsasında ildə 50 milyon ədəd müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı nəzərdə tutulur. Zavodda şpris istehsalı zamanı yerli və xarici xammaldan istifadə edilməsi planlaşdırılır. Bu müəssisələr, eyni zamanda, rayonda yeni iş yerlərinin yaradılması prosesinə də böyük təkan verəcək. Azərbaycanda istehsal ediləcək əczaçılıq məhsullarının yerli bazarla yanaşı, bir sıra xarici ölkələrə satışının təşkili də planlaşdırılır.

SKMF-nin icraçı direktoru qeyd edib ki, yaxın gələcəkdə 3500 ha yeni zeytun bağları salınacaq: “Bizə iqtisadi cəhətdən əsaslandırılmış zeytun və badam bağlarının salınması layihəsi təqdim olunub. Bu istiqamətdə SKMF-in geniş təcrübəsi var. Bir neçə il bundan əvvəl Zirə qəsəbəsində 240 ha-ya yaxın müasir zeytun bağı salınmışdı. Orada zeytun emalı müəssisəsi fəaliyyət göstərir. Həmçinin, yeni zeytun tingçiliyi müəssisəsi fəaliyyət göstərir.” Çıxışın sonunda natiq bildirib ki, rayonda turizmin inkişafı ilə bağlı təkliflərə Fond tərəfindən lazımi köməklik göstəriləcək.

Orxan Vahidoğlu, “İki sahil”