10 noyabr 2024 20:40
132

Türkiyə və Şimali Kipr mediası Azərbaycanda keçiriləcək COP29 mövzusunu geniş işıqlandırıb

Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) aparıcı media orqanları BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçiriləcək 29-cu sessiyasının (COP29) mövzusunu geniş şəkildə işıqlandırıb.

“İki sahil” xəbər verir ki, dost ölkələrin media strukturları auditoriyaya qlobal ekoloji tədbirin gündəliyi, Azərbaycanın COP29-un təşkili istiqamətində səyləri, Türkiyənin ətraf mühitin mühafizəsi sahəsində prioritetləri barədə məlumat verib.

Qeyd edilir ki, “iqlim maliyyələşdirilməsi” Bakıda keçiriləcək qlobal müzakirələrin gündəliyində prioritet məsələ olacaq.

COP29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla 100-ə yaxın ölkənin dövlət və hökumət başçılarının gözlənilən iştirakı diqqətə çatdırılır.

Xüsusilə vurğulanır ki, qeydiyyatdan keçmiş COP29 iştirakçılarının sayı artıq 67 min nəfəri keçib.

Qeyd olunur ki, digərləri ilə yanaşı, Türkiyə liderinin xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən “Sıfır Tullantı” layihəsi Azərbaycandakı qlobal tədbir çərçivəsində təqdim olunacaq.

“Anadolu” Agentliyi Azərbaycanın energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Sultanovun müsahibəsini dərc edib.

“İnfrastrukturun hazırlanması, nəqliyyat məsələlərinin həlli, yerləşdirmə, vizaların verilməsi cəmi bir il ərzində tamamladığımız kompleks işlərin sadəcə bir hissəsidir. COP29-da iştirak etmək üçün artıq 67 mindən çox insan qeydiyyatdan keçib. Bu son göstərici deyil. Azərbaycan bütün qonaqlarını qəbul etməyə hazırdır”, - deyə E.Sultanov bildirib.

Nazir müavini COP29 sessiyası çərçivəsində təhlükəsizlik tədbirlərinin yüksək səviyyəsinə diqqət çəkərək qlobal tədbirin uğurunun Azərbaycana siyasi, sosial və iqtisadi müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.