13 noyabr 2024 03:03
236

Şavkat Mirziyoyev Bakıda Toni Bleyer ilə görüşüb

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Bakıda Qlobal Dəyişiklik İnstitutunun sədri Toni Bleyer ilə görüşüb.

“İki sahil” Uza.uz-a istinadla xəbər verir ki, görüşdə Özbəkistan-Britaniya münasibətlərinin gələcək inkişaf perspektivləri, Toni Bleyerin rəhbərlik etdiyi Qlobal Dəyişiklik İnstitutu ilə praktiki əməkdaşlığın qurulması məsələləri müzakirə edilib.

Sabiq baş nazir Özbəkistanda həyata keçirilən genişmiqyaslı islahatlar proqramını yüksək qiymətləndirib və onların həyata keçirilməsində ekspert-məsləhətçi dəstəyi təklif etməyə hazır olduğunu bildirib.

İnstitut ilə birlikdə nəqliyyat dəhlizlərinin inkişafı, yeni bazarlara çıxış, beynəlxalq ödəniş sistemlərinin tətbiqi, investisiya siyasətinin səmərəliliyinin artırılması və digər sahələr əməkdaşlığın prioritet istiqamətləri kimi qeyd edilib.

Tərəfdaşlığın dəqiq istiqamətlərini müəyyən etmək üçün müvafiq qurumların ekspertləri səviyyəsində əlavə görüşlərin keçirilməsi razılaşdırılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”