13 noyabr 2024 20:45
196

Mariya Zaxarova: ABŞ və Aİ daha bir gərginlik mənbəyi yaratmaq istəyir

ABŞ və Avropa İttifaqı Cənubi Qafqaz regionuna nəzarəti ələ keçirmək, Rusiya, İran və Türkiyəni oradan sıxışdırıb çıxarmaq və daha bir gərginlik mənbəyi yaratmaq istəyir.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

O qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin atəşkəs haqqında 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatı çox böyük əhəmiyyət daşıyır. Bu Bəyanat əsasında tərəflər geniş spektrli məsələlər üzrə real nəticələr əldə edə biliblər. “Məsələn, 2023-cü ildə üçtərəfli işçi qrupu çərçivəsində biz regionda nəqliyyat marşrutlarını bərpa etməyə yaxın idik. Lakin Qərbin təzyiqi ilə İrəvan qrupda, sonra isə bütün üçtərəfli formatlarda iştirakını dondurdu”, - deyə diplomat əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Moskvanın Cənubi Qafqazda öz tarixi, təbii maraqları var. Vasitəçi rolunu öz üzərinə götürməyə çalışan ABŞ və Avropa İttifaqı regiona nəzarəti ələ keçirmək, İran və Türkiyə ilə birlikdə Rusiyanı da oradan sıxışdırıb çıxarmaq, daha bir gərginlik mənbəyi yaratmaq istəyir. “Qərblilərdən fərqli olaraq, biz təhlükəsiz, firavan, sabit Cənubi Qafqazda maraqlıyıq”, - deyə M.Zaxarova bildirib.