“ASAN xidmət” və “ASAN Kommunal”da fəaliyyət göstərən “Azərsu” xidmət bölmələrinə 37 min 720 müraciət daxil olub
Doqquz ayda 37 mindən çox müraciət daxil olub.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azərsu”nun Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərini asanlaşdırır və bu sahədə şəffaflığın artırılmasını təmin edir. 2017-ci ilin yanvar-sentyabr aylarında bu mərkəzlərdə “Azərsu” ASC-nin təqdim etdiyi xidmətlərdən istifadə genişlənib.
2017-ci ilin 9 ayında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə abunəçilər tərəfindən müxtəlif məsələlərlə bağlı ümumilikdə 37 min 720 müraciət edilib. Müraciətlərin 20 min 359-u “ASAN xidmət”, 17 min 361-i isə “ASAN Kommunal” mərkəzlərində qeydə alınıb. Ötən müddətdə edilən müraciətlər arasında smart kartlara yükləmələr haqqında məlumatın verilməsi, texniki şərtin verilməsi, itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edib. Ən çox müraciət Bakının Sabunçu, Yasamal rayonlarındakı, eləcə də Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində, həmçinin 2 saylı “ASAN Kommunal” mərkəzində qeydə alınıb.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. 2017-ci ildən “Azərsu” ASC “ASAN Kommunal” mərkəzlərində də təmsil olunur. Ümumilikdə 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 91 min 406 müraciət daxil olub.
Hazırda “Azərsu” ASC-nin xidmətləri Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallı şəhərlərindəki “ASAN xidmət”, həmçinin 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində təşkil olunub.