16 noyabr 2024 00:46
76

Cəngəllik qanunları ilə idarə olunanlara ülvi duyğular yaddır

COP29 konfransı bəşəri dəyərlərə hörmətlə yanaşan, planetimizin gələcəyi üçün vətəndaşlıq məsuliyyətini hiss edən sağlam düşüncəli insanların platformasıdır

Dünya ictimaiyyətinin maraqla izlədiyi COP29 öz işini panellərlə, dialoqlarla, sərgilərlə uğurla davam etdirir. İqlim dəyişikliyi ilə mübarizənin, yeni iqlim maliyyəsi hədəfinə çatmağın yolları müzakirə edilir. Artıq mahiyyəti ilə seçilən qlobal əhəmiyyətli maliyyə arxitekturasının yaradılması istiqamətində mühüm addımlar atılmaqdadır. Bir neçə il bundan əvvəl qəbul olunan, lakin hələ də razılıq əldə etməyin mümkün olmadığı Paris Sazişinin 6,4-cü maddəsi üzrə razılaşmaya da nail olunub. Bu isə sazişin prinsipial xarakter daşıyan 6-cı maddəsi üzrə razılaşmaya da ümidləri artırır. Yaşıl enerji dəhlizləri ilə bağlı müzakirələrdə enerji ixracının yolları təhlil edilir, Mərkəzi Asiya və Azərbaycanın birgə səyləri ilə həyata keçiriləcək layihələrin səmərəsi reallıqlara əsaslanaraq müəyyənləşdirilir. Mərkəzi Asiya ilə yanaşı, Xəzər dənizinin nəhəng enerji potensialının investorlar, enerji şirkətləri və maliyyə institutları üçün önəmi diqqətə çatdırılır. Əsas odur ki,irəli sürülən təşəbbüslər, Azərbaycanın mühüm məsələlərə həsr olunmuş 14 təklifi dövlətlər arasında konsensusun möhkəmlənməsinə xidmət edir, hədəflərə yaxınlaşdırır. Hədəflər isə bəllidir: Dünyanın xilası naminə iqlim dəyişikliyinin yaratdığı problemlərin, atmosferə atılan karbon qazının miqlarının azaldılması, şəhərsalmaya diqqətin çoxalması, torpaqların şoranlıqdan qorunması, yaşıl enerji potensialının ixracının artırılması, təbii fəlakətlərə, quraqlıqlara qarşı birgə mübarizə, ərzaq təhlükəsizliyinin təminatı üçün kənd təsərrüfatının inkişafına, fermer təsərrüfatlarının genişlənməsinə dəstək… COP29-un gündəliyində duran bu məsələlər yaşıl enerjidən səmərəli istifadəni gündəlik tələbat kimi aktuallaşdırır.

Gündəlikdə duran əsas məsələlərdən biri də kiçik ada dövlətlərinin səsinin qlobal arenada eşidilməsidir. İnkişaf etmiş ölkələr, xüsusən də müstəmləkə keçmişi olanlar kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar da iqlim dəyişmələrinin fəsadlarından qoruna bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Xəzər dənizi ilbəil daha da dayazlaşır, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.

Bunları yaradan səbəblər müxtəlif olsa da ABŞ-ın, Qərbin, xüsusilə Fransanın biganəliyi, neokolonializm siyasətləri diqqətdən yayınmamalıdır. Çünki müəllifi olduqları dağıntıları, viran qoyduqları şəhər və kəndləri, törətdikləri kütləvi qırğınları, sərvətlərini talan etdiklər kiçik dövlətlərin aclıqdan ölən , quru çörəyə belə möhtac sakinlərin üzləşdikləri dəhşətlər haqqında deyilənləri eşitmək istəməyən bu nəhənglər üçün Afrikanın diri ikən skeletə bənzər uşaqlarına yaşatdıqları vəhşiliklər adi haldır. Bəşəriyyətin xilası üçün gördükləri işlərin «hesabatını» verən sağlam düşüncəli dövlət başçılarından, siyasi xadimlərdən fərqli olaraq Fransa Prezidenti Emmanuel Makronun təbii ki, deməyə sözü, insanlar arasında görünməyə üzü yoxdur. COP29-un əsas mövzularından olan dünyanın xilası, insanların qorunması kimi ülvi duyğular Qərb üçün çoxdan arxaikləşib. Tədbir cərçivəsində aparılan müzakirələr, diqqətə çatdırılan risklər, insanları gözləyən fəlakətlər təsdiqləyir ki, COP29-un təşkili təkcə xeyirxahlıq missiyası deyil, planetimizin hər bir sakininin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə, vətəndaşlıq məsuliyyətinə çağırışdır.

Noyabrın 13-də COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxış edən Prezident İlham Əliyevin vurğuladığı kimi, kiçik ada dövlətlərinin üzləşdikləri çətinliklərin superlərin maraqlarına uyğun dünya siyasətinin masasından kənarda qalması vəziyyəti daha da gərginləşdirir. «Yaşıl dünya naminə həmrəylik» cağırışlarının aktuallaşdığı müasir dövrümüzdə neokolonializmə, separatizmə, terrorlara «yaşıl işıq» yandırılır. Kiçik ada dövlətlərinə humanitar dəstəyi ilə seçilən, fəlakətlərdən əziyyət çəkən, qida təhlükəsizliyi sıfır vəziyyətində olan, milli münaqişələrin qurbanlarına dəstək göstərən Azərbaycanın humanitar siyasətinin dünya birliyi tərəfindən dəstəklənməsi Makron kimi onunla eyni düşüncə tərzinə malik, bir masada əyləşən tərəfdarlarını da narahat edir. COVID19 pandemiyasının ən kəskin dövründə « peyvənd millətçiliyi»ndən əziyyət çəkən az inkişaf etmiş ölkələrə maddi, mənəvi dəstək göstərən Azərbaycandan fərqli olaraq Qərb ölkələri, Kanada kimi bəzi dövlətlər ehtiyaclarından bir neçə qat artıq peyvənd əldə edərək kasıb ölkələri vaksinasiyadan məhrum etdilər. «Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik» söyləməklə COP29-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərlərinin Azərbaycana səfərlərini xatırladan Prezident İlham Əliyev həmin görüşdə xüsusilə diqqətçəkən və əlçatan iqlim maliyyəsinin vacibliyinin qeyd olunduğu Bakı Kommünikesini də xatırlatdı. Vurğulandı ki, bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə Bakıda ciddi irəliləyiş əldə olunub Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannaməyə əsasən kiçik ada dövlətlərindəki birgə layihələrə dəstək məqsədilə10 milyon ABŞ dolları məbləğində vəsait ayırır. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi- «Azərkosmos»dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır.

Fransanın və Niderlandın hələ də davam etdirdikləri neokolonializmin fəsadları iqlim dəyişmələrinin yaratdıqları təhlükələrdən heç də az deyildir. Xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onlarla eyni siyasət yeridən rejimlər tərəfindən susdurulur. Bu gün də qətlə yetirdikləri 1500-dən artıq əlcəzairlinin kəllə sümüklərini muzeylərdə nümayiş etdirən, beynəlxalq hüquq normalarına sadiq, insan hüquqlarının qorunmasına multikulturalizm ənənələri ilə dəstək göstərən Azərbaycanla bağlı əsası olmayan qətnamələr qəbul edən Fransa Milli Assambleyasının, Yelisey Sarayı mənsublarının, xüsusilə Makronun insanlıqdan, vicdan azadlığından danışmağa əlbəttə ki, haqqı olmadığı kimi, oğrunun adını doğruya qoyduğu təsəvvürü yaradır.

Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları XXI əsrdə də müstəmləkə zülmündan əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniyanın BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınması prosesi hələ də yubanır.

Məhz Fransa Polineziyasında radiasiya səviyyəsi 4900 faizi keçən 193 nüvə sınağı səbəbindən ətraf mühit, ekoloji tarazlıq ciddi şəkildə pozulub. Həmin ərazidə torpaq və suyun kəskin zəhərlənməsinə görə Fransa məsuliyyət daşıyır. Makron rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bu vəhşiliklərin Avropa Komissiyası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası (AŞPA) tərəfindən pislənilməməsi siyasi riyakarlıqdır. Erməni lobbisinin vəsaitləri ilə siyasi korrupsiya ocağına çevrilmiş Avropa Parlamenti və AŞPA günahsız insanların qətlinə görə Makronla eyni məsuliyyəti bölüşürlər. Xəzərin sahilində görünən « balina» üçün «üzülmələri», xəsalət çəkmədən Azərbaycanı ittiham etmələri isə Qərbin «nəhəng balina»larının ikrah doğuran siyasi həyasızlığının, əxlaqsızlığının bağışlanılmaz, iyrənc formasıdır. İkinci Qarabağ müharibəsindəki Qələbəmizdən sonra ermənilər üçün timsah kimi çox göz yaşı axıdan, ölkəmizə qarşı qısqanclıqlarını, COP29-un uğurlu davamına həsədlərini oyuncaq heyvanlar üzərində şoular yaratmaqla bildirən Qərbin Cənubi Qafqaz xəyallarının baş tutmaması Makron kimi tərəfdaşlarının da siyasi hərarətlərini heç bir ictimai formasiyanın «termometrində» qeyd olunmayan dərəcədən də yuxarı qaldırıb. Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı, təşkilatın yalanlarını sərgiləyən rupor, təxribatların icraçısı, dili olan Cozep Borrellin COP29-la bağlı «həyəcanı» isə tam hissiyyatsız heyvani duyğulardır. Bu məqamda uşaqların belə çox sevdikləri, cəngəlliklər qanunlarından bəhs edən «Mauqli» filmi, bue kran əsərinin qəhrəmanı Mauqlinin düşməni Şirxanın əl buyruqçusu yaltaq çaqqal Tabaki yada düşür.

Bakı konfransından imtinalar isə islamofof duyğulardan qaynaqlanan qıcıqlardır. Ermənistanın torpaqlarımızı otuz il işğal altında saxladığı dovrdə ərköyün övladları təcavüzkarın başına sığal çəkən Avropa təsisatları köhnə vərdişlərini davam etdirirlər. Vətən müharibəsindən sonra bölgəyə «sülh göyərçini» kimi gəldiklərini zənn edən Aİ-nin Mülki Müşahidə Missiyasının «binokl diplomatiyası»nın fransızsayaq «mavi gödəkcə»liləri, digər Avropa təsisatları Azərbaycan dövlətinin və xalqının iradəsini sındırmağı bacarmadıqları üçün «boykot» kimi iyrənc metodlardan istifadə edirlər.

«Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək» söyləyən Prezident İlham Əliyev beynəlxalq hüquqa cəngəllik qanunları ilə dəyər verənləri bu sözləri ilə susdurdu: «Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var.»

Xuraman İsmayılqızı, «İki sahil»