17 noyabr 2024 17:17
186

Türkiyənin İqlim Dəyişiklikləri İdarəsinin rəhbəri COP29-da kollektiv addımlar atmağa çağırıb

İnkişaf etmiş ölkələr iqlim dəyişikliyi ilə mübarizə üçün inkişaf etməkdə olan ölkələrə ildə 100 milyard dollar ayırmaq üzrə öhdəliklərini yerinə yetirmir. BMT-nin bir çox üzvü beynəlxalq strukturların 78 milyard və ya 115 milyard dollarlıq rəqəmləri dilə gətirən məlumatlarını qərəzli adlandıraraq, iqlimin maliyyələşdirilməsinin həcminin hesablanmasına görə sistemi tənqid edir.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin İqlim Dəyişiklikləri İdarəsinin rəhbəri, professor Halil Hasar BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasını (COP29) jurnalistlərə şərh edərkən deyib.

2023-cü ilin sonunadək dünyada iqlim sektoruna qoyulan investisiyaların ümumi həcminin 1,2 trilyon dolları ötdüyünü qeyd edən H.Hasar bildirib ki, bu gün COP29 çərçivəsində beynəlxalq ictimaiyyət bu vəsaitin ondabir hissəsindən də az qisminin ayrılması məsələsini müzakirə edir. Bu vəsait fondlardan inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün nəzərdə tutulub.

Türkiyənin iqlim rəsmisi deyib: “İnkişaf etməkdə olan ölkələr iqtisadi prioritetlərə görə daha aqressiv inkişaf kursuna riayət etməyə məcburdurlar ki, bu da ətraf mühitə ziyan vurmaqla bağlıdır. Onların yaşıl texnologiyalara və transformasiyaya əlavə sərmayələrə ehtiyacı var ki, bunlar da inkişaf etmiş ölkələrdə mövcuddur”.

İdarə rəhbəri etiraf edib ki, inkişaf etməkdə olan ölkələrin yaşıl transformasiyası məsələsi mürəkkəb prosesdir. Məsələ təkcə köhnə istehsal müəssisələrinin bağlanması və yeni texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Müasir texnologiyalar peşəkar kadrlar tələb edir, onların hazırlanması və öyrədilməsi isə vaxt aparır. İşsizliyin artması və digər sosial və iqtisadi çətinliklər var. Ona görə də bu prosesdə iqlim ədaləti prinsipi nəzərə alınmalıdır.

“Paris razılaşmasının qlobal istiləşməni 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmaq məqsədi yerinə yetirilməyib. Qlobal temperaturun yüksəlməsi 2 faizə yaxınlaşır və bu yaxınlarda İspaniyada müşahidə olunan kimi fəlakətlərə, sel və daşqınlara gətirib çıxarır”, -deyən professor sözlərinə davam edərək “iqlim böhranının hər yerdə özünü büruzə verdiyini” vurğulayıb.

Onun sözlərinə görə, qlobal istixana qazı emissiyalarının nisbətən aşağı payına malik olan dövlətin iqlim dəyişikliyindən digərləri ilə müqayisədə daha az zərər görəcəyini gözləmək kökündən yanlışdır. Belə ki, qlobal istixana qazı emissiyalarında Türkiyənin payı 1,2 faiz olsa da, bu gün iqlim dəyişikliyinin ən ciddi nəticələri ilə məhz Aralıq dənizi bölgəsi üzləşir.

İdarə rəhbəri bunun daha bir bariz nümunəsi kimi Pakistandakı vəziyyəti göstərib. Qeyd edib ki, bu ölkənin atmosferə istixana qazı tullantıları nisbətən azdır, amma dünyanın məhz bu hissəsində təbii fəlakətlər daha çox baş verir.

O, iqlim dəyişikliyinə uyğunlaşmaq üçün addımların maliyyələşdirilməsinin vacibliyini vurğulayıb. “İqtisadi fayda vəd edən yaşıl texnologiyalara investisiyadan fərqli olaraq, hökumətlər üçün iqlim dəyişikliyinə uyğunlaşmaq üçün vəsait tapmaq daha çətindir”, - deyə H.Hasar qeyd edib.

Onun sözlərinə görə, iqlimə uyğunlaşma addımlarının maliyyələşdirilməsi həddinin mümkün qədər yüksək olması vacibdir və bu məsələ COP29 çərçivəsində razılaşdırılmalıdır. “İqlim adaptasiyası üçün maliyyə vəsaitinin həcmini ən azı iki dəfə artırmaq lazımdır”, - deyən professor BMT-nin Azərbaycanda keçirilən iqlim sammitinin iştirakçılarını kollektiv və qətiyyətli addımlar atmağa çağırıb.