22 noyabr 2024 10:44
96

Almaniyalı nazir: Plastikin istehsalı və utilizasiyası hər il 3 giqaton CO2 emissiya edəcək

Plastiklərin istehsalı və utilizasiyası 2050-ci ilə qədər hər il 3 giqaton CO2 emissiya edəcək.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniyanın ətraf mühit, təbiətin mühafizəsi, atom təhlükəsizliyi və istehlakçıların hüquqlarının müdafiəsi üzrə naziri Steffi Lemke bildirib.

O qeyd edib ki, plastiklərin istehsalı, istifadəsi, utilizasiyası zamanı əhəmiyyətli həcmdə istixana qazı emissiya olunur: "Bu problem qlobal səviyyədə təxirəsalınmaz tədbirlər tələb edir. Əgər mövcud tendensiyalar davam edərsə, iqlim dəyişikliyinə mənfi təsirlər daha da artacaq".

Nazir əlavə edib ki, resurslardan səmərəli istifadə və dövri iqtisadiyyat tədbirlərinin tətbiqi istixana qazı emissiyalarını azaltmaq üçün əsas şərtdir.

“Davamlı və qapalı dövriyyəli istehsal modellərinə keçid enerjiyə olan tələbatı azaltmaqla yanaşı, təbii resursların qorunmasını təmin edə bilər,” – deyə o bildirib.

S.Lemke, həmçinin Almaniya hökumətinin plastik çirklənməsi ilə mübarizədə beynəlxalq səyləri gücləndirməyə davam edəcəyini vurğulayıb. O qeyd edib ki, plastiklərlə bağlı hüquqi baxımdan məcburi beynəlxalq müqavilənin hazırlanması üçün Hökumətlərarası Danışıqlar Komitəsinin (INC-5) mühüm rolu olacaq.